“Yenə o bağ olaydı” səyyar sərgi Mədəniyyət

“Yenə o bağ olaydı” səyyar sərgi

“YARAT” Müasir İncəsənət Məkanı oktyabrın 31-də Mingəçevir Dövlət Rəsm Qalereyasında incəsənət həvəskarlarına “Yenə o bağ olaydı” adlı səyyar sərgini təqdim edəcək. Bu sərgi, Mikelancelo Pistoletto tərəfindən ərsəyə gətirilmiş “Üçüncü cənnət” (Third Paradise) nəzəriyyəsini müzakirə etməklə, “CITTADELLARTE Fondazione Pistoletto” Fondunun (Biella, İtaliya) bədii rəhbəri Paolo Naldini tərəfindən keçirilmiş ustad dərsinin nəticəsidir. “Üçüncü cənnət” nəzəriyyəsi, müasir dünyamızın hər bir yerində mövcud olan təbiilik və sünilik kimi iki qütb arasındakı ziddiyyəti aradan götürməyə, texnologiyalar və təbiət arasında özəl mühitə görə məsuliyyət daşıyan yeni insanlığın yaradılmasına çalışır.
Bağ – ot-alaqdan təmizlənmiş, əkilib-becərilən, insana tənhalıq və təhlükəsizlik duyğuları bəxş edən guşədir. Sərgi öz adını Mikayıl Müşfiqin ən məşhur şeirindən götürüb. Bu parçada şair bağı arzu olunan, sevgi, sülh, azadlıq və xoşbəxtliyin vəhdət təşkil etdiyi nostalji məkan kimi təsvir edir.
Sərginin açılışı zamanı seyrçilər “Üçüncü cənnət” simvolunu canlı əks etdirəcəklər. Sözügedən simvol, üç halqadan ibarət olan riyazi sonsuzluq işarəsinin yenidən mənalandırılmış formasını ifadə edir. İki qarşı halqalar təbiiliyi və süniliyi vurğulayır, orta halqa isə harmoniya üzərində qurulan yeni insanlığın generativ ana bətnini təmsil edir. Ekspozisiyanın daxilində büzməli kartondan hazırlanmış Mikelancelo Pistolettonun məşhur labirint instalyasiyası ziyarətçiləri öz daxili “məni”ni, kimliyini axtarmasına vadar edir. Labirintin forması uzunmüddətli araşdırma və “fərdi səyahət” üçün metafora kimi istifadə edilib. Burada rəssam, öz yaradıcılıq metoduna sadiq qalaraq, əsərlərinin bir hissəsi olan ziyarətçiləri seyrdən yayındırmamaq üçün sadə materiallardan istifadə edir.
Rəssam Etibar İsmayılov, bu sərgi üçün “arzular quyusu” yaradıb və onun istifadəsinə dair “şifrələnmiş” dildə təlimat təqdim edib. Mətnin üsulu insan beyninin möhtəşəm qüdrətinə istinad edir və rəssamın “mümkün olmayan heç nə yoxdur” inancını ifadə edir. Günay Əliyevanın əsəri, İosif Brodskinin məşhur "bizim yaratdıqlarımız, etiraflarımızdan daha çox bizim özümüzdən danışır" kəlamından ilhamlanan qəbz formasında rəssamın həyatına nəzər salır.
Mousa Bəyzadə, “Üçüncü cənnət” ideyasına yanaşmaq üçün hamının bacardığı kağız kəsimi üsulundan istifadə edir. Onun əsəri, sağlamlıq texnologiyalarının bizim ayrılmaz hissəmizə çevrilməsini əks etdirməklə, insan və texnologiyalar, təbiət və sünilik arasında harmonik münasibətlərin mümkünlüyünü sübuta yetirir. Nəzrin Məmmədovanın aktual, fənlərarası və sinxron əsəri, texnologiyalar, dizayn və təbiətin kəsişməsində yerləşir. İlkin olaraq yazılmış səslər öz orijinal mühitlərinə qoyulub və dağlarda əks-səda və rezonasiya verməklə, çoxlaylı teksturalar, ritmlər və tezliklərə malik dolğun səs təəssüratlarını yenidən yaradır. Gələn ilin yanvar ayının 19-dək davam edəcək sərgi Mingəçevir Şəhər İcra Hakimiyyəti və Mingəçevir Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə açılacaq.