Heyvanlar  aləmi  ilə bağlı  əfsanələrdə  mifik  yaradılış  konsepsiyası Mədəniyyət

Heyvanlar  aləmi  ilə bağlı  əfsanələrdə  mifik  yaradılış  konsepsiyası

1-ci yazı

Digər mifologiyalarda olduğu kimi, türk mifologiyasında da heyvan ipostası – şəkli, başlanğıcı çox qədimdir. Bu, ümumiyyətlə, heyvanların mifologiyadakı yeri və rolu ilə bağlıdır. V.N.Toporov dünya mifologiyalarının təcrübəsinə əsaslanaraq yazır ki, mifologiyada heyvanın və ümumiyyətlə, animal elementin rolu müstəsna dərəcədə böyükdür. Bu rol heyvanın bəşəriyyətin inkişafının erkən mərhələsindəki əhəmiyyəti ilə müəyyənləşir.
V.V.Yevsyukov yazır ki, yeri heyvan obrazında təsvir edən miflər ən qədim və sadə miflərə aiddir. Müəllif yenə də göstərir ki, kainatın insan bədəni ilə eyniləşdirilməsi dünyanın zoomodelindən cavandır.
Yəni insanlar ilk əcdadı ən əvvəl heyvan görkəmində təsəvvür etmişlər. Bu heyvan əcdad daha sonra insan görkəmi qazanıb. Buradan görünür ki, mifologiyada əvvəlcə zoomorfizm hakim olmuş, antropomorfizm onun inkişafı kimi meydana gəlib. Burada hətta bir faktı göstərmək də yerinə düşər ki, “Oğuznamə”nin uyğur versiyasında oğuzların ilk əcdadı Oğuz kağan öküz şəklində rəsm olunub.
Yaradılış mifində heyvan konseptinin ilkinliyi öz izlərini Azərbaycan əfsanələrində qoruyub. Heyvanlarla bağlı çoxlu əfsanələr var. Lakin qeyd olunmalıdır ki, bu çoxluğun öz səciyyəvi keyfiyyəti var. Bu da ondan ibarətdir ki, hər bir xalqın folklorunda olduğu kimi, Azərbaycan folkloru üçün də səciyyəvi olan heyvanlar var. Və bu heyvan obrazlarını araşdırdıqda onların əski mifoloji kultlarla bağlılığı dərhal üzə çıxır. Bu məsələni monoqrafik müstəvidə tədqiq etmiş R.Əlizadə yazır ki, Azərbaycan folklorunda təbiət kultları ilə bağlı inamların böyük bir hissəsi canlı təbiət obyektlərini əhatə edir. Buraya qurd, ilan, at, müxtəlif quşlar və s. kimi mifik obrazlar daxildir. Adları çəkilən heyvanlar ən qədim çağlardan mifik düşüncənin obyektini təşkil edib. Bu heyvanların əsatiri-magik qüvvəyə malik olması düşünülmüş, onlara əcdad kimi yanaşılmış, sitayiş edilib, uyğun kult mərasimləri yerinə yetirilib. Bu gün istər inanclar dünyasında, o cümlədən folklorumuzda həmin heyvanlar ətrafında vaxtilə mövcud olmuş kult inamlarının izləri bu və ya digər şəkildə qorunub qalıb. Azərbaycan folklorunun bədii semantikasının, mifik-mənəvi əsaslarının öyrənilməsi heyvan və quş kultları ilə bağlı inamların öyrənilməsini bir zərurət kimi tələb edir. Heyvan və quş kultları ilə bağlı inamların bir xarakterik cəhəti ondan ibarətdir ki, ulu babalarımızın mifoloji-mərasimi dünya modelində əslində təbiət və məişət kultları biri-birindən keçilməz sərhədlərlə ayrılmayıb. Xalqımızın mifik düşüncə çağında pərəstiş etdiyi bütün canlı və cansız kultlar onun vahid mifoloji düşüncə təsəvvürlər sisteminə – kosmoloji dünya modelinə daxil idi. Bu cəhətdən canlı təbiət kultları ilə bağlı inamlar xüsusilə əcdad kultları ilə qırılmaz şəkildə bağlıdır.
Burada bir məqama da toxunmadan keçmək mümkün deyil. Heyvanat dedikdə bütün qaçarlar və uçarlar nəzərdə tutulur. Lakin mifologiyada bunların fərqi var. Mifin öz dünya modeli var. Bu model üç qatdan: göy, yerüstü və yeraltı dünyalardan ibarətdir. Hər dünyanı işarələndirən, həmin dünyanın simvolu, obrazı, modeli kimi çıxış edən heyvanlar var. Bu cəhətdən quşlar göy aləminə, astral sferaya qurd, at, keyik kimi obrazlar yerüstü aləmə aiddir. Biz məhz bu mifoloji məntiqə əsaslanıb, qaçarlarla uçarları ayrı yarımfəsillərdə öyrənməyi məqsədəuyğun saydıq.
Mifologiya bütöv bir sistemdir. Bu sistem bu gün bizə nə qədər primitiv görünsə də, bu primitivliyin altında mifin mükəmməlliyi gizlənir və mifin məntiqi heç bir halda pozulmur (Yeri gəlmişkən, əgər bu məntiq pozularsa, o deməkdir ki, artıq mif mif olmaqdan çıxır). Azərbaycan əfsanələrinə diqqət yetirdikdə mifik dünya modelini təşkil edən ünsürlərin bir-biri ilə bağlılığını görürük. Bu bağlılığın əsasında yaradılış kosmoqoniyası durur. Bir mətnə nəzər salaq: “Ayla Günəş sözləşirlər ki, balalarını çaya atsınlar. Ay kisəni daşla doldurur, Günəş də balalarını kisəyə qoyub çaya atırlar. Sonra Günəş görür ki, Ayın balaları ulduzlar yanındadı. Ondan soruşur ki, niyə mənim balalarımı çaya atdırdın? Ay deyir ki, onlar sən yaşa çatanda hərəsinə bir dünya lazım olacaqdı, dünya da bir dənədi. Aralarına qırğın düşəcəkdi. Dünyanı yandırıb kül eləyəcəklərdi. Fikirləşdim ki, çaya atım, balığa çönsünlər. Adamlar da yesinlər”.
Göründüyü kimi, burada yaranışdan söhbət gedir. Yaradılış dünyanın müxtəlif səviyyələrini əhatə edir. Ayın balaları ulduza dönür, Günəşin balaları isə balığa dönür. Bu mif bizə nəticə etibarilə balıqların yaradılışından bəhs edir. Balıqlar sualtı dünyadır. Mifin məntiqinə görə, sualtı dünyanın varlıqları göy aləmi ilə bağlanır. Günəşin balalarının balığa çevrilməsi göy aləmi ilə sualtı aləmin eyni elementlərdən təşkili mənasına gəlir. Bu da mifin məntiqinə uyğundur. Mifologiyada dünyanın müxtəlif qatları bir-birindən formasına, şəklinə görə fərqlənir. Həmin dünyalar mahiyyətcə bir-birinin qohumudur. Bu qohumluğun əsasında yaradılış konsepsiyası durur və həmin konsepsiya mifik düşüncənin mahiyyətində durmaqla onun dünyanı qavramasının əsas məntiqi kimi çıxış edir.
Türk yaradılış mifologiyası üçün xarakterik olan obrazlardan biri qurddur. Bu, çox məşhur obrazdır. Tədqiqatçılar bu obrazın müxtəlif mifik cizgilərini aşkarlayıblar. Zəki Vəlidi Toğan oğuz və qıpçaqlarda qurdun xilaskar sayıldığını göstərib. Jan Pol Ru qurdu əcdad kimi səciyyələndirib: “Qurdla dişi keyikin birləşməsindən böyük bir soyağacının gövdəsini təşkil edəcək şəxs doğulmuşdur. Bu soyağacı Çingiz xan öncəsi Monqol dönəmindən fateh Dobun Mergen adlı yaxın tarixli atasına qədər bütün nüansları əhatə etməkdədir”.
F.Bayat da qurdun əcdad və xilaskar funksiyalarını qabardıb: “Türk tayfalarında Boz qurd, əsasən, əcdaddır (məsələn, ciğil, yağma, karluq tayfalarında). Göy Türklərdə əcdadlıq xilaskarlıq funksiyası ilə birləşib: əcdad-xilaskar şəklində rəsmiləşdirilib”.
Bəhaəddin Ögel Boz qurd obrazının müqəddəsliyinə işarə edərək yazır ki, türklərin öz simvolları olan müqəddəs qurda “Kök-Börü”, yəni Göy Qurd demələrinin səbəbi var. Kök, yəni göy, göyün rəngi olan mavilik idi. Bütün bu xüsusiyyətlər Azərbaycan əfsanələrində özünü qoruyub. Ancaq burada təkcə özünü qorumaqdan danışmaq olmaz. Bu mifik cizgilər folklor düşüncəsinin – fəlsəfəsinin bədii-estetik əsaslarına çevrilmişdir. Məsələn, R.Əlizadə yazır ki, Boz qurdun qiyamət günü türkləri xilas edəcəyi ilə bağlı əski bir inam möscuddur və bu inam türk qəhrəmanlarının dastan obrazlarında variasiya olunub. Bu baxımdan “Dədə Qorqud kitabı”nda öz əksini tapmış qurdun xilaskarlıq missiyası da onun digər funksiyaları qədər qabarıq görünür.
Bir səciyyəvi əfsanəyə nəzər salaq: “Bi tayfa varmış. Honun başçısının uşağı yoxiymiş. Çox qurbannan, nəzir-niyazdan sora honun bir oğlu oliy. Uşax dörd-beş yeşinə çatiy, ama yerimiyi. Tayfa baççısı fikirrəşiy: «Bə mən ölənnən sora şikəsd oğluma kim baxcax?” Bi qunusu ho tayfanın üsdünə duşmannar hücum eliyi. Hamısı kişiləri öldüriy, arvat-uşaxları yesir eliyip apariylər. İntası şikəsd uşağı aparmiylər ki, qurt-quş yisin. Bi qurt uşağı yuvasına apariy. Başdiyi uşağı böyütmağa. Neçə illərdən sora uşağın ayaxları açiliy. Özü də bööyüb elə pəhlivan oliy ki, ad-sanı hər yerə yeyiliy. Düşmannar honun sorağını eşidip gəliylər öldurmağa. Ama oğlan hoların hamsını qıriy. Sora da gedip tayfasını kutariy”.
Əfsanəni yaradılış mifinin strukturunu aşkarlamaqla təhlil etməyə çalışaq:
1. Xaos: Tayfa başçısının övladı yoxdur.
2. Kosmos: Tayfa başsız qalmır, başçının övladı doğulur.
3. Kosmosun natamamlığı: Uşaq şikəstdir, yeriyə bilmir.
4. Xaos: Düşmən hücum edib kişiləri öldürür, arvadları əsir götürülər. Bu, tayfanın məhvi deməkdir.
5. Kosmosyaradıcı xilaskar qurd: Bir qurd gəlib ölmək üçün atılmış uşağı götürüb aparır. Uşağı bəsləyir və o, yenilməz qəhrəmana çevrilir.
6. Kosmos: Uşaq tayfanı xilas edir.
Burada iki əsas məqamı müşahidə edirik:
Birincisi, qurdun xilaskarlığı;
İkincisi, qurdun əcdad funksiyası.
Qurd uşağı xilas etməklə əslində tayfanın gələcəyini xilas edir. Həmin qurd digər tərəfdən uşağı böyütməklə əslində onun hami əcdadı rolunda çıxış edir.
Naxçıvandan toplanmış bir əfsanəyə də nəzər salaq: “Bir kişi dostugilə gəlir. Çörəh yeyillər, içillər, axşam olur. Kişi durur getsin, dostu deyir ki, ə kişi, getmə, gecədi, bir şey olar. Kişi deyir ki, yox gedəcəm, at altımda, tüfəng belimdə, nədən qorxacam? Dostunun arvadı bını eşidir. Demiyəsən, bı arvad bizdən yeylərdənimiş. Arvad durup çıxır eşiyə, donun dəyişip qurt donuna düşür. Durur kişinin yolu üstünə. Bınnar tutaşır. Kişi görür ki, yox, bacarmayacax, birtəhər pıçaxnan bı adamcılın döşünnən yaralayır. Adamcıl aradan çıxır. Kişi də ta gedəmmiyip qeyidir dostugilə, başına gələni danışır.
Bu dəmdə arvad gəlir. Kişi baxır ki, arvadın döşü yaralanıp. Məsələni annıyır. Qeyidip dostuna deyir ki, bə o adamcıl sənin arvadındı. Mən onu yaralamışam. Dostu heş zad demir. Durup ev-eşiyi axtarır. Kərmə qalağında arvadın donunu tapır, yandırır. Arvad qışqırır, özünnən gedir. Əncax ta əli hara yetəcək. Donu yanannan sora adam adamçıllıxdan çıxır, adam olur”.
Bu əfsanədə bir çox görüşlər bir-birinə qarışıb. Əvvəlcə kişinin arvadının bizdən yeylərdən olmasına diqqət edək. Naxçıvan bölgəsindən toplanmış inancda deyildiyi kimi, cinnərə bizdən yeylər diyərix. Bizdən yeylər hər yerdə var, ancax insannara görsənməz. Təhcə mal-davar onnarı görür. Ona görə qoyun-keçi olan yerdə bizdən yeylər olmaz, yoxsa ayax altında qalıp qırılallar. Göründüyü kimi, cin – bizdən yey ev sahibinin arvadıdır. Bu, insanla mistik varlıqlar arasında olan qohumluğu göstərir. Həmin qohumluq yaradılış konsepsiyası ilə bağlıdır. Çünki evlənmək – nikah, nikah isə uşaqların – yeni həyatın yaradılışı deməkdir. Bu yaradılış konsepsiyasında qurd obrazı xüsusi hadisədir.
Bizdən yeyin hamıdan gizlədiyi donu var. Bu don qurd cildidir. Arvad bu donu geyməklə qurda dönür. Demək, arvadın əsli-kökü qurddur. Donun yandırılması ilə o, əbədi olaraq insana çevrilir. Lakin əcdadı yenə də qurd olaraq qalır. Bu halda ondan doğulacaq uşaqların əcdadı ana xətti ilə qurda gedib çıxır. Bu da qurdun əcdad funksyasını zahirə çıxarır.
Arvadın qurd geyimi ilə qurda dönməsi mifologiyada çevrilmə adlanır. S.Y.Neklyudov yazır ki, mifologiyada “çevrilmə” personajın öz görkəmini magik şəkildə dəyişməsidir. Bu, əksər hallarda ilkin (əsil) görkəmə qayıtmanı nəzərdə tutan müvəqqəti çevrilmədir. Çevrilmə motivi görünür, ovçunun maskalanması təcrübəsinə və bir sıra totemistik və animistik görüşlərə əsaslanır. Təhlil olunan əfsanədə arvad öz görkəmini magik şəkildə dəyişir. Bu, müvəqqəti çevrilmədir, çünki arvad bir müddətdən sonra öz görkəminə qayıdır. Ən başlıcası, bu motiv əski totemistik və animistik görüşlərlə bağlıdır.

Elçin Qaliboğlu
filologiya üzrə fəlsəfə doktoru