Heyvanlar  aləmi  ilə bağlı  əfsanələrdə  mifik  yaradılış  konsepsiyası Mədəniyyət

Heyvanlar  aləmi  ilə bağlı  əfsanələrdə  mifik  yaradılış  konsepsiyası

2-ci yazı

Azərbaycan əfsanələrində heyvanların yaradılışı ilə bağlı zəngin qalereya təqdim edilir. Məsələn, kirpinin yaranması haqqında bir əfsanəyə nəzər salaq: “Bir ananın oğlu böyüyəndən sonra anasını hirsləndirərmiş. Ana da onun şıltaqlığına dözürmüş. Ana əlində oğlunun şalvarını yamayanda oğlu gəlib yemək istəyir. Ana “qoy işimi qurtarım” deyir. Oğul sözə baxmayıb evdən gedir. Ana əlində iynə Allahdan arzu edir ki, onu heyvana döndərsin, bu dərdi çəkməsin. Kirpiyə dönür”.
Göründüyü kimi, burada insan kirpiyə dönür. Burada iki mifik akt var:
1. Yaradılış aktı: kirpinin yaranması;
2. Çevrilmə aktı: insanın heyvana çevrilməsi.
Başqa bir mətndə eyni yaradılış aktları tısbağa ilə bağlı “təkrarlanır”: “Keçmişdə adamlar çayın qırağında çimirdilər. Elə yer seçərdilər ki, heç kim onları görməsin. Bir tənbəl gəlin varmış, tənbəllik üstdə də danlanarmış. O, çayın qırağına çimməyə gəlir. Özünə yaxşı yer seçmir, qazanı su ilə doldurur, qaynadır, ləyənə su tökür çimir. Yaxalanmaq üçün suya girir. Birdən görür ki, yad bir adam ona tamaşa edir. Tez ləyəni başına çevirib özünü yad nəzərdən qoruyur, Allaha yalvarır ki, tısbağaya dönsün. O vaxtdan tısbağa yad nəzər görəndə başını çanağında gizlədir”.
Azərbaycan əfsanələrindəki məşhur obrazlardan biri maraldır. “Gülqədəmin əfsanəsi”ndə deyilir ki, çoban qızı Gülqədəm marallarla yaxın idi. Onlara saz çalırdı. Bir ilan maral balası ilə düşmənçilik edirdi, anasını da sancıb öldürmüşdü. İlan fikirləşdi ki, əvvəl Gülqədəmi sancsın, onda maral yaşaya bilməyəcək. Elə də edir. Gülqədəm ölür, sazı da yoxa çıxır. Maral bir gün buynuzunda həmin ilanı və sazı götürüb qızın qəbrinin üstünə gəlir və özü də daşa dönür.
Bu mətnə mifik aktlar seriyalar şəklindədir:
1. Qızın maralların hamisi olması: “Gülqədəm marallarla yaxın idi”.
2. Qızın marallarla mistik ünsiyyət saxlaması: Gülqədəm marallara saz çalırdı.
3. İlan xaos (ölüm) yaradıcı element kimi: İlan maralın anasını sancıb öldürmüşdü. Gülqədəmi də sancır, qız ölür və sazı da yoxa çıxır.
4. Maral kosmoqonik başlanğıc kimi: Maralın daşa dönməsi ilə yeni relyef yaranır. Maral bu halda həmin relyefin yaradıcı başlanğıcıdır.
M.Seyidov keyik-maral obrazı haqqında yazır: “Keyik ovçulardan ovu gizlədir, ov heyvanlarını qoruyur, yurdun-vətənin sərhədlərinə göz qoyur. Bir sıra inamlardan, inamların qalıqları və onlarla bağlı adətlərdən, mərasimlərdən belə bir qənaətə gəlmək olar ki, qulağı dəlik keyikləri, dağ keçilərini, maralları ovlamaq uğurlu sayılırmış”.
Azərbaycan əfsanələrinin əhəmiyyətli bir hissəsi ilanlarla bağlıdır. Bu, qədim mifik görüşlərdən gəlir. V.V.İvanov yazır: “İlan demək olar ki, bütün mifologiyalarda bir tərəfdən məhsuldarlıq, torpaq, qadının yaradıcı gücü, su, yağışla, digər tərəfdən isə ev, od, həmçinin kişinin yaradıcı gücü ilə bağlı simvoldur”.
İlan eyni dərəcədə Azərbaycan mifik görüşləri ilə bağlı simvoldur. R.Əlizadə yazır ki, ilanın mifoloji təsəvvürlərdə yeraltı dünya ilə əlaqələndirilməsi, folklor mətnlərində xeyir-bərəkət, ev-ocaq yiyəsi kimi təsvirini tapması, təbiətin gizli dilini özündə daşıyan müdrik və xtonik varlıq tipində səciyyəsi onu kult müstəvisinə yaxınlaşdıran detallardır. Azərbaycan nağıllarında ilanın ağac, su, dağ, od, günəş və digər kultlarla bağlılığı geniş təsvir dairəsində görünür. Bu sintez axarında ilan kultuna dayanan obrazların (Gülağa, Ovçu Pirim, Taxta Qılınc, Əhməd) sakral mənşəyi, əcdadların ruhunu təmsil etmələri görünür ki, bu da əski motivlərin transformasiya variantlarını aydınlaşdırır. “Gülağanın nağılı”, “Fatma gəldi ilan qaç”, “Çil madyan”, “Taxta qılınc”, “Ovçu Pirim və ilanlar padşahı” kimi Azərbaycan nağılları ilan kultunun səciyyəvi xüsusiyyətlərini göstərməklə yanaşı, ilan kultu ilə bağlı obrazların inisiasiya aktındakı iştirakını da bəlli edir. Bu akt zamanı ilanın müxtəlif funksiyaları üzə çıxmış olur. Həmin funksiyalar əsasən aşağıdakılardır:
1. İlan insana dil bilmək qüdrəti bəxş edir;
2. İlan insana sehr yaratmaq gücü verir;
3. İlan insana çevrilə bilir.
Sonuncu funksiya – “ilanın insana çevrilə bilməsi” birbaşa yaradılış mifi ilə bağlıdır və hesab edirik ki, “ilanın insana dil bilmək qüdrəti bəxş etməsi” və “ilanın insana sehr yaratmaq gücü verməsi” funksiyaları da mahiyyətcə yaradılış konsepsiyasından qıraqda ola bilməz. Əfsanələrə nəzər salaq.
“Bir oğlanın atası ölür. O, qızılları götürüb gedir, əmisi onu təqib edir. Əmisi ona çatanda o, Allahdan xahiş edir ki, onu elə şeyə döndərsin ki, əmisi ondan qorxsun, həm də qızılları qorusun. Oğlan ilana dönür”.
Burada diqqəti cəlb edən mifik məqamlar:
1. Xaos: atanın ölməsi;
2. Kosmosun xilas olunması istiqamətində fəaliyyət: oğlan kosmik dəyəri təmsil edən qızılları götürüb onları mənimsəmək istəyən əmisindən qaçır;
3. Yeni kosmosun ilan obrazında yaranması: oğlan ilana dönür və qızılları xilas edir.
Başqa bir əfsanəyə nəzər salaq: “Bir oğlan fızıllıqdan keçəndə görür ki, bir qız, bir oğlan dayanıb. Onlar oğlana deyirlər ki, bu yerdə qızıl var, get götür və ilana dönüb gedirlər. Oğlan inanmır, onlar oğlanın yuxusuna girir, yenə söyləyirlər. Oğlan atasına deyir. Atası “get götür” deyir. Oğlan gedir həmin yeri qazır, bir mis sərnic götürüb gəlir. Yuxuda ona deyirlər ki, hanı bizim payımız, gətir ver. Oğlan sərnici həyətdə basdırır. Daha yuxuda heç nə görmür. Atası soruşur ki, qızıl hanı? Deyir basdırdım. Gedib çıxarırlar, görürlər qızıl yoxdu, sərnic qarışıq yoxa çıxıb”.
Biz burada da ilan obrazını qızıl atributu ilə birgə görürük. Əfsanədə oğlana qızılın yerini deyən oğlan və qız ilana dönürlər. Bu, ilanla insanın birgəliyini göstərən motivdir. Onun əsasında yaradılış mifi durur. Həmin mifə görə, ilan insana, yaxud əksinə, insan ilana çevrilə bilir. Bu çevrilmə yaradılışın əsas şəkillərindən, üsullarından biridir. Azərbaycan folklorunun ən məşhur heyvan obrazlarından biri atdır. R.Qafarlı yazır ki, at çox qədim zamanlarda rəmzləndirilən heyvanlardan biridir, öküzlə müqayisədə daha geniş əhatə dairəsinə malikdir və həyat gücünü, hətta ölünün (cəsədin) canlandırılmasını bildirirdi.
V.V.İvanov göstərir ki, at Avrasiyanın mifoloji sistemlərində əhəmiyyətli rol oynayır. Bir sıra tanrıların atributu (yaxud obrazı) kimi çıxış edir. Tanrılar və qəhrəmanlar göy üzündə, yaxud bir dünyadan o birisinə at üzərində hərəkət edirlər. Ə.Tanrıverdi yazır ki, “Kitabi-Dədə Qorqud”da tez-tez təkrarlanan, intensivliyi ilə fərqlənən sözlərdən biri at zooleksemidir. Bu da təsadüfi deyil. Çünki qədim türkün həyatında atı əvəz edə bilən ikinci bir varlıq olmayıb.
Yaşar Ocağın yazdığı kimi, türklər xeyli qədim dövrlərdən etibarən atı əhliləşdirib gündəlik həyatlarının bir parçasına çevirmişdilər. Çünki at ətiylə, südüylə, tükü və dərisiylə, yük daşıması və xüsusilə müharibələrdəki xidmətləriylə türk sosial həyatına böyük təsirləri olmuş bir heyvandır. Bəhruz Həqqi rus alimi L.B.Putayevə əsaslanaraq belə bir məlumatı təqdim edir: türk xalqlarında olan əqidəyə görə, hər kəs yuxuda dağ tanrısından ayğır hədiyyə alarsa, onun işıqlı gələcəyi olacaq, həm də ovda həmişə uğur qazanacaq.
K.V.Nərimanolu yazır: “Çin və Bizans müəlliflərinin yazdığına görə, Hun türkləri at üstündə yaşayırdılar. Sanki onların həyatı at üstündə qurulmuşdu. At üstündə doğulur və at üstündə də ölümü qarşılayırdılar. Onlar buna görə də atı müqəddəs sayırdılar”.
Əlbəttə, burada atla bağlı əfsanələrin hamısını nəzərdən keçirmək imkansızdır. Lakin onların hər birində yaradılış mifinin izlərini görmək mümkündür. Bir mətnə nəzər salaq: “Laçın rayonunda Cağazur kəndi yaxınlığında dərin bir dərə var. Nal daşı dərənin o tayındadır. Deyilənə görə, Koroğlu düşmənlə təkbətək vuruşur. Sonra da nərə çəkib Qıratı çapır, at quş kimi uçub dərənin o tayına düşür. Bu zaman Qıratın ayağının biri sal daşın üstə bərk dəyir və daşa nalının dərin izi düşür. Həmin daşa o vaxtdan “Nal daşı”, “Koroğlunun nal daşı” deyirlər”.
Göründüyü kimi, burada “Nal daşı”, yaxud “Koroğlunun nal daşı” deyilən obyektin yaranışı nəql olunur. Kosmoqoniyanın əsasında at durur. Digər mətnə nəzər salaq: “Laçının Minkənd kəndi yaxınlığnda bir dağ gölü var. Adına Qaragöl deyirlər. Bu gölün qəribə sehri var. Günəş batandan, Ay doğandan sonra Qaragöldən qoşa qanadlı bir ağ at çıxıb gölün ətrafında otlayır. Deyilənə görə, bu, elə Qıratın özüdür. Koroğlu qeybə çəkiləndən sonra o da Çənlibeli tərk edib bu gölü əbədi olaraq özünə məskən seçib”.
Bu əfsanədə “Koroğlu” dastanında təsvir edilən hadisənin (səbri çatmadığından 39-cu gün tövlənin üstündən deşik açıb atlara baxdığından Qıratın qanadlarının əriyib yoxa çıxması) əksini görürük. Məlumdur ki, əfsanə janrında hadisələrin sehirli təsviri daha çoxdur. Əfsanədən aydın olur ki, bu atı görənlər də olub: “At bəni-adəm görən kimi bərkdən kişnəyir, fini-fini ötür, ya da qaçıb tez gölə girir, hətta uçub bir dağa qonur, görünməz olur”.
Bu əfsanə birbaşa yaradılış mifologiyası ilə bağlıdır. Koroğlunun ölümü ilə onun dünyası sona çatır. Lakin mifin məntiqinə görə, xaos əbədi ola bilməz, tezliklə xaosun əsasında kosmos təşəkkül tapmalıdır. Göründüyü kimi, Qaragöldən çıxan qoşa qanadlı ağ at Koroğlunu təcəssüm etdirir. Başqa sözlə, ilk əcdad arxetipini əks etdirən Koroğlu öldükdən sonra ata çevrilir. Kosmosun – dünyanın ilk əcdadın bədənindən yarandığını nəzərə alsaq, burada hər şey mifin məntiqinə uyğundur.
R.Babayev yazır ki, at obrazı mifik yaddaşdan epik yaddaşa mediator, xilaskar, məsləhətçi və yolgöstərən kimi ötürülür. Atın bütün bu mifik funksiyaları yaradılış konsepsiyası ilə bağlıdır və Azərbaycan əfsanələri həmin funksiyaları yüksək bədii estetizmə malik “örtüyə” bürümüşdür. Əlbəttə, Azərbaycan folkloru heyvanlarla bağlı əfsanələrlə zəngindir. Təbii ki, onların hamısını burada nəzərdən keçirmək mümkün olmasa da, təhlil olunmuş əfsanələr göstərdi ki, heyvanlarla bağlı əfsanələr bütün hallarda mifik yaradılış konsepsiyasını inikas edir.

Elçin Qaliboğlu
filologiya üzrə fəlsəfə doktoru