Dinlə məni ey Savalan... Mədəniyyət

Dinlə məni ey Savalan...

Ayrı düşdük yurdumuzdan…

Haşım Tərlan "Toxucu qız və Savalan" şeirinə dərin fəlsəfi məna verməklə toxucu qızın və ümumiləşdirilmiş obrazı və Savalan dağının xalqın tarixini özündə yaşadan əzəmətli surəti ilə xalqın ağrı-acısını göstərməklə yanaşı, xalçaçılıq sənətinin bütün incəliklərini nümayiş etdirib. Haşım Tərlan həmin şeirində həm toxucu qızın, həm Savalan dağının dili ilə xalqın kədərini-qəmini, dərdini söyləyib, eyni zamanda Azərbaycan xalqının məğrur, əyilməz, mərd, yenilməz bir xalq olduğunu dilə gətirib, ən əsası odur ki, hikmətamiz sözlərlə, müdrikanə ifadələrlə xalıqn milli dəyərlərindən, mənəvi keyfiyyəıtlərindən doğan, artıq bir ənənə kimi varlığına biçilən nəcib sifətlərini göz önünə gətirib:

"Gər istərsən yetişəsən öz haqqına, ədalətə,
Gər istərsən son qoyula bu diyarda hər zillətə,
Ver əlini bir ürəklə qardaşının mərd əlinə,
Haqq yolunda qılınc vurmaq eyib deyil hər gəlinə.
Bax, o zaman toxuduğun xalça sənə qalacaqdır,
İlmə çalan barmaqların öz haqqını alacaqdır".
Tamam etdi sözlərini qocaman dağ susdu birdən,
Yenə qarlı saçlarını çiskin, duman aldı həmən.
Cavan qız da dinləmişdi Savalanın söhbətini,
Düşünmüşdü o mənalı sözlərinin qiymətini.
O, min xəyal aləmində fikrə getdi uzun zaman,
Sonra dedi: "Sən haqlısan haqq sənindir ey Savalan".

Bu şeir 1950-1980-ci illər arasında qələmə alınıb. Lakin unutmaq olmaz ki, Haşım Tərlan Cənubi Azərbaycan vətəndaşı olsa da Bakıda doğulub və təxminən on beş yaşına qədər Bakıda yaşayıb. Şair qəlbi isə onsuz da həssas olur və şübhəsiz ki, Haşım Tərlan hələ Bakıda olarkən ermənilərin nə qədər nadürüst, fitnəkar və alçaq olduqlarını bütün varlığı ilə duymuşdu və məhz ondan ötrüdür ki, 1938-ci ildən etibarən bir İran vətəndaşı olan şair sözaltı mənalarla, bədii piryomlarla zalım və qəddar hökmdarlardan əlavə nankor və namərd ermənilərin də azərbaycanlı qızların toxuduqları xalçaları min bir fırıldaqla, riyakarlıqla, eyni zamanda zorla aparıb dünya sərgilərində öz adlarına çıxardıqlarına da işarə edir.
Həbib Sahir də bu mənada "Bir Toxucu qıza" adlı şeir yazır:

Uçub rəngin qızım, səsin kallaşıb,
Kölgələnib gözəl ala gözlərin,
Çıx günəşə, qaranlıqdır karxana,
Uzaqlardan eşitmirəm sözlərin.

Yetər qızım, toxuduğun xalçalar
Aynabəndli salonları süslədi.
Əməklərin, incə solğun əllərin,
Bir çox zəngin ağaları bəslədi.

Nazik ipək xalçaların gül açdı,
Xələtində hər gəlinin, hər bəyin.
Bəzədinsə məclisləri de görüm,
Zavallı qız bu dünyada var nəyin?

Nə vaxtadək ac qarınla işləyib,
Yorğun əllər sərf edəcək min əmək.
Eşidibsən bu misalı babadan:
"Çılpaq gəzib özgələri süsləmək".

Sən yaşında olan qızlar güllənir,
Nədən solmuş açan gülün tez sənin.
Məxmər geyib zənginlərin qızları,
Nədən məxmər onlar üçün, bez sənin.
Rəngin uçub, dodaqların göyərib,
Gül, günəşə açsın solmuş güllərin.
Gəl, quş kimi qanad açıb uzaqlaş,
Qızıl günəş öpsün sarı əllərin.

Əlbəttə Həbib Sahir bu şeirdə, Haşım Tərlanın "Toxucu qız və Savalan" şeirində olduğu kimi xalçaçılıq dəzgahına da xüsusi yer ayırıb. Şairin burda əsas məqsədi zavallı toxucu qızın "çılpaq gəzib özgələri süsləməy"ini göz önünə gətirməkdir. Lakin bununla belə şair hikmətamiz zərb misallarla, poetik löhvələrlə, eyni zamanda arif insanların başa düşəcəyi işarələrlə, xalça toxumağı çox gözəl bacaran bir azərbaycanlı qızcığazın timsalında, minlərlə azərbaycanlı qızların, qadınların toxuduğu misilsiz xalçaların düşmən millətlərə, yad ünsürlərə qismət olduğunu, eyni zamanda bu kafirlərin Azərbaycan xalçalarını həyasızcasına öz adlarına çıxardığını poeziya dili ilə söyləyir.
Xalça toxumaq isə Azərbaycan xalqında ta qədim zamanlardan bəri yuxarıda qeyd olunduğu kimi xalq adət-ənənələrinə hopub. Çünki Azərbaycan xalqının bütün xeyir və şər işlərini xalı-xalçasız təsəvvür eləmək mümkün deyil. Ən adi bir misal gətirmək olar ki, azərbaycanlı növcavanlar el adəti ilə evləndiriləndə, toy mərasimi zamanı növcavanların, yəni bəylə gəlinin başının üstündən xalça asılır və bəylə gəlinin adı məhz xalçanın üstünə vurulur. Bundan əlavə istər toylarımızda, istərsə də yas mərasimlərində yerə, eyni zamanda oturacaqların üstünə bütünlüklə xalça döşənir. Özünü azərbaycanlı kimi tanıyan bir insan evini, mənzilini, yaşadığı malikanəsini hökmən xalı-xalçalarla bəzəməyə üstünlük verib. Xalçaçılıq olduqca gözəl bir peşə, sənət olmaqla yanaşı, Azərbaycan xalqının adət və ənənələrində özünə mühüm bir yer tapıb və Azərbaycan xalqının məişətini, həyatını bunsuz təsəvvür eləmək mümkün deyil.
Həbib Sahirin yaradıcılığındakı fəlsəfi baxışlar təbiətin və bəşər övladının, həyatın ümumi vəhdətində təcəssüm edir. Şair bir çox əsərlərində təbiəti canlı lövhələrlə, ecazkar mənzərələrlə təsvir edir. Lakin şair hər bir elementə belə dərin fəlsəfi məna verərək, mənsub olduğu xalqın həyatını, sevincini-kədərini, əsasən də ağrısını-acısını, qəmini-qüssəsini təbiətin nəşəli səhnələrinin içində poetik boyalarla mükəmməl bir surətdə bəyan edir:

Xəzan çağı
Qızıl günəş odlanıbdır,
Ağacların yarpaqları
Minbir rəngə boyanıbdır...
Hər yarpağın bir rəngi var,
Sevda rəngi,
Həsrət rəngi,
Tutqun, tozlu,
Qürbət rəngi...
Xəzan çağı yel əsərkən,
Yağır yarpaq,
Ölgün yarpaq
Qalanıbdır qalaq-qalaq.
Yollar uzaq, göllər dərin,
Nəsim əsir sərin-sərin.
Dağlar bizim, bağlar bizim.
Yeriyərkən yarpaq üstə
Qalmaq izin...
Gün yandırmaz,
Son bahardır,
Sanki ağac yarpaqları,
Lacivərdli bu mətndə
Nəqqaşlardır...
Bir çox xəzan gəlib-keçdi...
Bir çox karvan qonub köçdü.
Bir xəzanda yetim qaldıq.
Bir xəzanda sevdalandıq.
Bir xəzanda
alovlandıq.
Ən nəhayət,
xülyaların havasından qanadlandıq.
Bir xəzanda
parlaq qızıl günəş doğdu.
Bir xəzanda
Bulud gəlib günü boğdu...
Anlayarkən xəzanları
Zaman bizi qovaladı...
Gəldi zaman, keçdi zaman..
Ayrı düşdük yurdumuzdan.
Həsrət qaldıq
Sərin-sərin bulaqlara,
Gül-çiçəkli otlaqlara.
Zaman keçdi, biz quruduq
Susuz qalan ağaclar tək.
Təravətdən saldı bizi,
Bilməm qürbət?
Yoxsa fələk?

Həbib Sahir bu şeirdə xalqın dərd-sərini təbiətin səsi ilə bəyan edir. Məlumdur ki, təbiət də şairlərə əla mövzular verən vasitədir. Təbiətin səsi ilə qüssə akordunun artan payı zaman-zaman dəyişən hadisələrin lirik təsvirini verir. Xalqın həyatı təbiətlə məhəkləşir və əbədiləşir.
1950-1980-ci ilərdə Cənubi Azərbaycan şeirində xalq adət-ənənələrinə yaxından bağlılıq, xalqın, zəhmətkeş insanın məişət tərzini və dünyayabaxışını əks etdirmək, xəlqilik, vətənpərvərlik qabarıq şəkildə özünü göstərir. M.Şəhriyar, M.Məhzun, H.Sahir, Səhənd, H.Tərlan, M.Dərəfşi kimi qocaman sənətkarlar öz əsərləri ilə zəmanəsinin ədəbi prosesinin bünövrə daşını qoymuş Ə.Nabdil (Oxtay), M.İskun, S.Behhrəng, Səhənd kimi söz ustaları öz sələflərinin öz sələflərinin ədəbi irsini uğurla davam etdirən H.Xətibi, Ə.Həddad, H.Nitqi, Urmuoğlu, İldırım, Ə.Möhsünü, Bariz, Savalan, Alov, Sönməz kimi imzalar və adlar sırasına daxildirlər.
1950-1980-ci illər ərzində ədəbiyyata gələn güneyli şairlərin yaradıcılığında xalq şeirinin forma-qəliblərinə, xüsusilə onun obrazlarına, ifadə üsullarına meyli özünü parlaq şəkildə büruzə verir. Şübhəsiz ki, bu meyl ədəbi zərurət kimi xalqın zəngin ədəbi-mənəvi sərvətlərinə məhəbbətdən irəli gəlir. Əsərlərinin forma-məzmun gözəlliklərinə nail olmaq üçün şifahi ədəbiyyatın poetik sərvətlərindən bəhrələnmək şübhəsiz, folklor motivlərinin əxzi, mühüm sənətkarlıq sirlərinin öyrənilməsi obraza çevrilən söz və ifadələrin fikir tutumuna, misraların ahənginə, melodiya axarına, qafiyə kamilliyinə və s. estetik ovqat verir. Folklor və klassiklərimizin ənənələrinin şeir dilində güclənməsi, təbiidir ki, şeir mətnində şifahi ədəbiyyatın ruhunu, obraz yaratma vasitələrinin görünməsinə zəmin hazırlayır.

Vüqar Əhməd
Professor