Haqqa varan haqqı bular… Mədəniyyət

Haqqa varan haqqı bular…

Aşıq Paşa, Ozan İbrahim, Miskin Abdal...

Ozan titulundan sonra ilk aşıq adını daşıyan sənətkarlardan biri də Aşıq Paşadır. O, aşıq titulu daşısa da, aşıqlıq etməyib, lakin türk dünyasının önəmli ozan şairi kimi Yaxın Şərqdə şöhrətlənib, aşıqlar tərəfindən həmişə xatırlanıb. XVI yüzilin ustad aşığı Qul Mustafa dəyərli bir gəraylısında dünyadan çoxdan köçmüş aşıq Paşanı belə xatırlayır:


Bulandı çeşmim seli,
Məgər bir gün durulmazmı?!
Üzün gördüm, odum dəli,
Aşıq Paşa dirilməzmi?!


Aşıq Paşa Xorasanlı Baba İlyasın nəslindəndir. Atası Mühlis Paşa Osman bəyin yanında yaşayıb, 1272-ci ildə doğulan oğlunun da adını Paşa qoyub. Paşa Osman bəyin yanında ərəb-fars dillərində mükəmməl təhsil alıb, bununla belə türk xalq ədəbiyyatına və ozan-aşıq sənətinə daha çox maraq göstərib. Xalq şeirinin təsiri ilə türkcə müxtəlif şəkillərdə şeirlər, vəsf-hallar yaradıb. Aşıq Paşa ömrünün çoxunu Yaxın Şərq ölkələrinə səyahətdə keçirib. Xorasandan başqa Qafqazda, Anadoluda, Azərbaycanda və Asiya ölkələrində olub. Bu səyahətlərin təsirilə aşıq Paşa məşhur "Qəribnamə" mənzum dastanını yaradıb. Türk dünyasında ərəb, fars dillərinin güclü təsi¬rinə məruz qalan aşıq türklər və türk dili haqqında deyib:

Türk dilinə kimsələr baxmaz idi,
Türklərə hərgiz könül axmaz idi.
Türk dəxi bilməz idi bu dilləri,
İncə yolu, ol ulu mənzilləri.

Artıq Aşıq Paşa təmiz türk-anadolu dilində "Qəribnamə"sini yazanda yeni türk ədəbi dilinin çiçəkləndiyi, Yunus İmrələrin, Molla Qasımların, Nəsimilərin doğma dildə nadir incilər yaratdıqları bir dövr idi.
Aşıq Paşa 1333-cü ildə vəfat edib. Aşıq Paşa "İlahi" şeirində ona düşmən olana yaxşılıq diləyir:

Mənə ağu sunan kimi,
Şəhdi-şəkər olsun işi.
Qolay gələ müşkül işi,
Əli irər olsun ona.

Acı dirliyim istəyən,
Dadlı dirilsin dünyada.
Kim ölmüş istər isə,
Min il ömür olsun ona.

Ardımca daşlar atanı,
Haq taxta aldırsın onu.
Önümə quyu qazanı,
Güllər niksar olsun ona.

Bu Mühlis oğlu Paşanın,
Güldügün istəməyənin.
Ağladığım istəyənin,
Gözüm pinar olsun ona.



HEYDƏR VƏ OZAN İBRAHİM

Aşıq Heydər 15-ci yüzilin birinci yarısında yaşayıb. Göyçə mahalının Dəliqardaş obasındandır. Göyçədə təşəkkül tapan aşıq mühitinin öncüllərindəndir. Ustad aşıqlar "Heydəri", "Sarıtel", "Baş Sarıtel" havalarının da aşıq Heydərin olduğunu söyləyirlər.
Eldar İsmayıl aşığın bir neçə şeirini tapıb çap edib. Bu şeirlər Heydərin zamanına görə istedadlı bir şair olduğunu göstərir:

Sübh ikən sübhana düşdüm,
Baş qoydum ocaq üstündə.
Dəryayi-ümmana düşdüm,
Şam gördüyüm çıraq üstündə.

Təxminən 600 il bundan öncə söylənmiş belə bədii kamil sənət nümunəsi Heydərin həm türk təfəkkürünə bələdliyinin, həm də etiqad və inamının təzahürü idi. Burada Nəsimi idrakının da izləri aydın duyulur:

Haqqa varan haqqı bular,
Haqq ilə imana yetər.
Ələsdən ruhu şad olan,
Yetəndə subhana yetər.


Bu ulu ozanın söylədiklərindən aydın duyulur ki, o qüdrət sahibi, təriqət şairidir. Və bu istiqamətdə dərin təhsil alıb:

Özündə doğru bulmayan,
Könlünə işıq salmayan,
Məddahi-Mövla olmayan,
Mətləbdə şeytana yetər.


Heydər bir ozan kimi də "Gəlməz" şeirində məhəbbətin ülviliyini etiraf edir:


Dərd əhlidi mənim Pərim,
Sirri bildirməyə gəlməz.
Gözlərimdən yaşlar axar,
Nədən sildirməyə gəlməz.

Hər nə olub mənə olub,
Gülbağımı Xoryad alıb.
Dəli könlüm ağlar qalıb,
Pərim güldürməyə gəlməz.

Heydər deyər: olmadım şad,
Dilədim Xudadan imdad
Hanı görən qanlı cəllad,
Bir yol öldürməyə gəlməz.


Ozan İbrahim 15-ci yüzildə Dərəçiçəyin Ozanlar kəndində yaşayıb-yaradıb. Qocaman ustadların və araşdırıcıların söyləmələrinə görə bu qüdrətli saz-söz ustadının da ustadı Ozan Heydər olub. Zamanında mükəmməl təlim görmüş, dini bilgilərə, təriqət və mərifət mərtəbələrinə ucalmış Ozan Heydər öz bilgilərini İbrahimə də öyrədib.
Ozan İbrahim Ozan Heydərin islami təlimini, eləcə də qədim ozan sənətinin sirlərini mükəmməl öyrənib. Aşıqlarımızın hafizəsində yaşamış 3-4 şeirdən də bəlli olur ki, İbrahim XV yüzilin türkdilli xalq şeirinin nadir nümunələrini yaradıb:


Mənim yığvalıma talib olanlar,
Kövsər şərbətini içdi deyərlər.
Baxdı bu dünyaya sərraf gözüylə,
Gövhəri axtardı, seçdi deyəllər.

Dövranım piyada, yolda yorular,
Yazar məlakələr, əməl sorular.
Haqq-hesab çəkilər, divan qurular,
Çoxları canından keçdi, deyəllər.


Elə bu bir neçə şeir nümunəsi də göstərir ki, Ozan İbrahim dövrünün çox qüdrətli saz-söz sənətkarı olub, özü də Miskin Abdal kimi böyük bir sənətkarın yetişməsində əməyini əsirgəməyib. Ozan İbrahimin ənənəsini davam etdirən bir çox sənətkarların doğulduğu Ozanlar kəndi 1919-cu ildə daşnaqlar tərəfindən yandırıldı. Ətraf kəndlərlə birlikdə el-oba müxtəlif ölkələrə didərgin düşdü.


MİSKİN ABDAL

Adı sənətsevərlər arasında əfsanələşən, haqqında bir-birinə bənzəyən və bənzəməyən, bir-birini təsdiq və inkar edən saysız-hesabsız rəvayətlər bu qədim ustadın həyat yolunun öyrənilməsini mürəkkəbləşdirib. Ulu Göyçənin söz bilənlərinin yaddaşında Miskin Abdalın həyatına dair bəzi məqamlar qorunub yaşanıb. Onun əsl adı Hüseyn, atasının adı Məhəmmədcəfər olub. Ustadların söyləmələrinə görə Hüseyn XV yüzilin ortalarında Göyçənin Sarıyaqub kəndində doğulub, yüz ildən artıq ömür sürüb.
Göyçənin özünəməxsus ozan-aşıq mühiti Hüseynin də qəlbinə yol tapıb, onu sazın-sözün vurğunu edib. Hüseyn ərsəyə çatdıqca həyat yolu onu get-gedə çətin imtahanlardan keçirib, quzeydə Dağıstan, güneydə Azərbaycan, İran, Osmanlı, Şam və başqa islam məmləkətlərinə səfəri qarşısında yeni üfüqlər, yeni fəzalar açır. Bu o zaman idi ki, Ağqoyunlu, Qaraqoyunlu dövlətlərinin arasında ixtilaflar dərinləşir. Səfəvi xanədanı bu fürsətdən istifadə edib öz hakimiyyətini tədricən bərqərar edir. Gənc İsmayıl bu məqamlardan istifadə edib ətraf ölkələrə yürüşlər edir. Bu yürüşlər zamanı yolu Göyçədən düşən gənc şahzadə bir neçə gün Göyçədə dayanıb bu yurdun mötəbər adamları ilə görüşür, aşıqlarına qulaq asır. Onların arasında Hüseyn şahın diqqətini daha çox cəlb edir, öyrənir ki, sınaqlardan çıxmış və Qafqazda geniş yayılmış Miskinlilər tayfasından Məhəmmədcəfərin oğludur və Göyçədə böyük nüfuz sahibidir. Məclisdə Hüseynin sinədən söylədiyi hikmətli sözlər də şahzadənin çox xoşuna gəlir. Şah: "Ey mömin insanlar, Miskin Abdal mötəbər şəxsdir, ona inanın, mətləbiniz varsa ondan diləyin" – deyib Göyçəni də Miskinə tapşırır. Şah İsmayıl özünün bir sıra siyasi missiyasını Miskin Abdal vasitəsilə həyata keçirir. Elə ömrünün çox hissəsini səfərlərdə keçirdiyi üçün də Hüseyn Miskin Abdal kimi məşhurlaşır. Yalnız şah dünyasını dəyişdikdən sonra Miskin Abdal uzun illər Sarıyaqubda yaşamalı olur. Onun ölümü də rəvayətlər içərisində dolaşmaqdadır. Deyilənlərə görə, bir neçə il Dağıstanda yaşayıb geri dönərkən yolda qadını və oğlu borana düşüb ölürlər.
Miskin Abdal Şah İsmayılın hakimiyyəti illərində onun bir sıra tapşırıqlarını yerinə yetirməklə bərabər, Göyçənin də adını, nüfuzunu qoruyub, ona hörmət və şöhrət gətirib. Bütün bunlarla yanaşı Miskin Abdal bizə ozan-aşıq-saz şairi kimi gəlib çatıb. Onun Göyçə aşıqlarından əldə edilən şeirləri göstərir ki, Miskin Abdal irsini XVI yüzilin əvvəllərində Göyçə aşıq məktəbinin təkamül yolunda yeni bir mərhələ adlandırmaq olar. Miskin Abdaldan öncə hələlik iki ozan aşığının adı xatırlansa da (Ozan Heydər və şəyirdi İbrahim) aşıq sənəti haqqında etibarlı məlumat çox azdır.
Miskin Abdalın bizə gəlib çatan şeirləri də göstərir ki, o, ərəb və fars dillərinə, islam bilgilərinə, şəriət və təriqət qanunlarına dərindən bələd olan çox mötəbər şəxsiyyət olub. Yazılanlardan bu nəticəyə gəlmək olur ki, Azərbaycanın bir sıra bölgələrində məskunlaşan miskinlilər Miskin Abdal soyundandırlar. Sağlığında da bir ocaq kimi tanınan bu soy paklığı, təmizliyi, dini müqəddəsliyi, yaxşılığı, insani ləyaqəti özlərinin amalı biliblər. Şeirlərində də bu aydın duyulur:


Xoşbəyanlış vərdiş oldu, böhtana yol vermədim,
Şirin süxən qıfılbənd, hədyana yol vermədim.
Nifrin edib, lənət dedim xaini-iblislərə,
Qəlbimi ayna saxladım, şeytana yol vermədim.
Bir bəşəri incitmədim, kəndimi şah saymadım,
Dostun sirrini söyləyib, dildən-dilə yaymadım.
Ömür qısa, dünya əzəl, az yaşadım, doymadım,
Dürr mətaha meydan açdım, tək cana yol vermədim.
Aşıq olub söz qoşanlar, söz desin sözüm kimi,
Miskin Abdal, məkrur istə hamını özün kimi.
Arifi, mətləb qananı, bilirəm özüm kimi,
Sinəm üstən mərd yeridi, nadana yol vermədim.


Bu şeir Miskin Abdalın şəxsiyyəti haqqında dürüst arayışdır. Onun son illərdə əldə edilən şeirləri yaşadığı mühitin ictimai-ədəbi mənzərəsi haqqında xeyli təsəvvür yaradır və biliklər verir. Miskin Abdal Şah İsmayılın şiəliklə bağlı missiyasını Qafqazda yaymaqla məşğul olduğuna görə düşüb el-el aşıqlıq edə bilməzdi. Çox güman ki, o, M.P.Vaqif kimi saz üstə şeirlər qoşub, aşıqlar da onu məclislərdə oxuyublar. Şeirləri mükəmməl etiqadlarla zəngin olan Miskin Abdal doğrudan da saz şeirində kamil bir sənətkar olub.

Qara Namazov
professor