“Bank of America” manatı sərbəst buraxmağa çağırır İqtisadiyyat

“Bank of America” manatı sərbəst buraxmağa çağırır

Amerikanın ən nüfuzlu banklarından biri "Bank of Amerika Merrill Lynch" Azərbaycan Mərkəzi Bankını manatın kursunu süni şəkildə stabil saxlamaq siyasətindən imtina etməyə çağırır.
Bu haqda "Forex ProFinance Service" (www.forexpf.ru) məlumat yayıb.
Məlumatda deyilir ki, neftin qiymətinin kəskin düşməsi bir sıra milli valyutaların da dəyərdən düşməsinə səbəb olub. Kanada dollarından Norveç kronuna, Qazaxıstan təngəsindən Rusiya rubluna qədər bir çox valyutalar ABŞ dollarına nisbətdə dəyər itirib.
Belə vəziyyətdə mərkəzi banklar fərqli taktikalar tətbiq edirlər. Rusiya Mərkəzi Bankı rublun kursunu sərbəst buraxaraq strateji valyuta ehtiyatlarına dəyən zərbəni yumşalda bilib. Bu, həmçinin Rusiyanın neft şirkətlərinin maliyyə göstəricilərinə də müsbət təsir edib.
Avqust ayında neftin qiyməti 2009-cu ildən bəri ən aşağı həddə düşəndə Qazaxıstan da Rusiyanın nümunəsi ilə gedib. Təngənin kursunu sərbəst buraxıb. Nəticədə qazax milli valyutası bir gündə 30 faizə yaxın dəyər itirib. Sonrakı aylarda da təngənin kursu zəifləməkdə davam edib.

Lakin bütün bu baş verənlərin fonunda Azərbaycan manatının kursu dəyişməz qalıb. Mərkəzi Bank fevral ayında qəfil devalvasiya həyata keçirdi. Bu, ixracın əsas hissəsini neftin təşkil etdiyi ölkəyə baha başa gəldi. Ancaq sonrakı müddətdə Mərkəzi Bank manatın kursunu strateji valyuta ehtiyatlarından bazara intervensiya etməklə sabit saxlayıb.
"Bank of America" qeyd edir ki, Mərkəzi Bank manatın kursunu sabit saxlamaq üçün öz ehtiyatlarının az qala yarısını xərcləyib.
"İndiki situasiyada, neftin qiymətinin düşmə tendensiyasını davam etdirdiyi bir vaxtda bu monetar siyasətin davam etdirilməsi qeyri-real görünür. "Bank of America" hesab edir ki, Azərbaycan manatın kursunu dollara nisbətdə sabit saxlamaq siyasətini yaxın müddət ərzində dəyişməlidir: ya manatı yenidən 30-35 faiz devalvasiyasını həyata keçirməlidir, ya da Rusiya və Qazaxıstan kimi sərbəst üzən məzənnə siyasətini tətbiq etməlidir"- deyə məlumatda bildirilir.
Azərbaycan hökuməti isə təkrar devalvasiyanın, yaxud sərbəst üzən məzənnə siyasətinə keçidin ölkə iqtisadiyyatı, bank sektoru üçün risklərini nəzərə alaraq mümkün olduğu qədər manatı sabit saxlamağa çalışır.
"Bank of America"nın bu tövsiyə ilə çıxış etdiyi bir vaxtda Azərbaycan Mərkəzi Bankı valyuta ehtiyatlarının vəziyyətinə dair növbəti aylıq statistikanı yayıb. Məlumata görə, 2015-ci ilin noyabrında Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan valyuta ehtiyatları oktyabrla müqayisədə 589 milyon dollar (8,62 faiz) - 6 245,6 milyon dollaradək azalıb.
Bu barədə AMB-nin statistik məlumatında deyilir. 2015-ci ilin əvvəlindən AMB-nin valyuta ehtiyatları 7 512,7 milyon dollar (54,6 faiz) azalıb. Valyuta ehiyatlarının azalması ötən ilin iyul ayından müşahidə edilir.
Göründüyü kimi, dollar ajiotajı noyabr ayında da səngiməyib və Mərkəzi Bank ehtiyatlarından daha 589 milyon dollar bazara çıxarmalı olub.