SOCAR Gürcüstana qaz nəqlini artırır İqtisadiyyat

SOCAR Gürcüstana qaz nəqlini artırır

Rövnəq Abdullayev: " Gürcüstan hökuməti qarşısında götürülən bütün öhdəliklər yerinə yetirilir"

"SOCAR Gürcüstan hökuməti qarşısında götürdüyü bütün öhdəlikləri yerinə yetirir".
Bu barədə SOCAR prezidenti Rövnəq Abdullayev Gürcüstanın "Rustavi 2" telekanalına müsahibəsində bildirib.
Rövnəq Abdullayev bildirib ki, Gürcüstanın baş naziri Georgi Kvirikaşvili və hökumətin iqtisadi bloku ilə keçirdiyi görüş olduqca müsbət ab-havada baş tutub:
"Çətinliklərə baxmayaraq, biz Gürcüstan hökuməti qarşısında götürdüyümüz bütün öhdəlikləri yerinə yetiririk. Danışıqlara gəldikdə, müzakirə predmeti bir sıra texniki problemlər olub. GürcüstanınEnergetika Nazirliyinin birgə səyləri ilə biz bütün məsələləri həll etdik".
SOCAR-ın Gürcüstandakı törəmə şirkəti "SOCAR Enegy Georgia"nın baş direktoru Mahir Məmmədov isə mətbuata açıqlamasında bildirib ki, Azərbaycan Gürcüstana nəql etdiyi gündəlik təbii qazın həcmini 6 mln. kubmetrdən 7 mln. kubmetrə qədər artıracaq.
Baş direktorun sözlərinə görə, bununla bağlı razılıq dünən SOCAR prezidenti Rövnəq Abdullayevlə Gürcüstanın baş naziri Georgi Kvirikaşvili arasında baş tutan görüş zamanı əldə olunub.
Mahir Məmmədov bildirib ki, müvafiq məsələlərlə hər iki tərəfin mütəxəssisləri məşğul olacaq.