Rumıniya Transxəzər marşrutuna maraq göstərir İqtisadiyyat

Rumıniya Transxəzər marşrutuna maraq göstərir

Rumıniyanın Konstansa şəhərində Avropa-Asiya-Avropa istiqamətində Konstansa limanından keçməklə yük daşımalarının inkişafı ilə bağlı keçirilən üçgünlük "dəyirmi masa" başa çatıb. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyindən bildirilib ki, Rumıniyadan Gürcüstan və Azərbaycandan keçməklə Mərkəzi Asiya və Çinə, həmçinin əks istiqamətdə yüklərin daşınması müzakirə olunan tədbirdə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov, "Gürcüstan Dəmir Yolu" SC-nin baş direktoru Mamuka Baxtadze, "Moldova Dəmir Yolu" DB-nin baş direktoru Yuri Topale və Rumıniya "CFR Marfa Sa"nın baş direktoru Laurensiu Cerceskunun başçılıq etdikləri nümayəndə heyətləri iştirak ediblər.
İştirakçılar Rumıniyanın Konstansa və Gürcüstanın Poti limanlarından keçməklə Gürcüstan, Azərbaycan və İran, eləcə də əks istiqamətdə yük daşımalarının təşkili imkanları, problemli məsələlərin həlli yolları, həmçinin görülən işlər barədə müzakirələr aparıblar.
Tədbirin sonunda tərəflər arasında memorandum imzalanıb. Həmçinin Azərbaycan nümayəndə heyəti Rumıniyanın Nəqliyyat Nazirliyinin TRACECA milli katibliyinin baş katibi Maria Grigore ilə danışıqlar aparıb, Azərbaycanın tranzit imkanları, ölkəmizdən keçən nəqliyyat dəhlizləri və onların potensialı, bu sahədə görülən işlər, imzalanan müqavilələr haqda məlumat verilib, Ruminiya ilə bu sahədə əməkdaşlıq məsələləri müzakirə olunub. Mətbuat katibliyindən bildirilib ki, Rumıniyanın İran, Mərkəzi Asiya və Çınlə ticarət dövriyyəsi kifayət qədər böyükdür: İran İslam Respublikası ilə Rumıniya arasında – 117.2 milyon dollar, Çin ilə Rumıniya arasında – 4 milyard dollar, Türkmənistan ilə Rumıniya arasında – 43.5 milyon dollar, Özbəkistan ilə Rumıniya arasında – 26.5 milyon dollar, Qazaxıstan ilə Rumıniya arasında – 3.2 milyard dollar, Qırğızıstan ilə Rumıniya arasında – 5.5 milyon dollar, Pakistan ilə Rumıniya arasında – 194.2 milyon dollar, Tacikistan ilə Rumıniya arasında – 836 000 dollar. Bu yüklərin, Azərbaycandan keçməklə, daşınması ən əlverişli yol sayılır. Rumıniya nümayəndələri də bu yola böyük maraq göstərirlər.
Azərbaycanın tranzit imkanlarının genişləndirilməsi, əlavə yüklərin cəlb olunması istiqamətində, nəqliyyat dəhlizlərinin inkişafı üçün bu vaxta qədər bir çox vacib danışıqlar aparılıb, müqavilələr imzalanıb. Rumıniyanı maraqlandıran Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutlarının inkişafı istiqamətində bu ilin 3 ayı ərzində mühüm işlər görülüb. Aprelin 12-də Bakıda Şərq-Qərb Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumu yaradılıb, martın 15-16-da "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin reallaşması istiqamətində işçi qrupunun görüşü keçirilib, sənədlər imzalanıb, yanvarın 12-də Bakıda "Şimal-Cənub" Nəqliyyat Dəhlizinə həsr olunmuş Beynəlxalq forum keçirilib. Nəqliyyat dəhlizlərinin iştirakçı dövlətləri, operator şirkətləri ilə müqavilələr imzalanıb, vahid tariflər müəyyən edilib.