Dayanıqlı sənaye inkişafının gücləndirilməsi... İqtisadiyyat

Dayanıqlı sənaye inkişafının gücləndirilməsi...

İqtisadiyyat Nazirliyi və UNİDO-nun təşkilatçılığı ilə beynəlxalq tədbir keçirilib

Tərlan

Bakıda İqtisadiyyat Nazirliyinin və BMT-nin Sənaye İnkişafı Təşkilatının (UNİDO) birgə təşkilatçılığı ilə "Yeni İpək Yolu regionunda inklüziv və dayanıqlı sənaye inkişafının gücləndirilməsi: sənaye parkları, zonaları və şəhərlərin potensialından istifadə" layihəsinin ilk iclası keçirilir. Tədbirdə İqtisadiyyat Nazirliyinin və BMT-nin Sənaye İnkişafı Təşkilatının (UNİDO), layihənin əhatə etdiyi ölkələrin, beynəlxalq qurumların, ölkəmizdə akkreditə olmuş səfirliklərin, elm, təhsil müəssisələrinin və özəl sektorun nümayəndələri iştirak edir.
Mayın 4-də keçirilmiş iclasda çıxış edən İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov əlverişli çoğrafi mövqedə yerləşən Azərbaycanın tarixi İpək Yolunun vacib həlqəsini təşkil etdiyini, ölkəmizin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin qovşağında mühüm tərəfdaş kimi böyük tranzit potensialını diqqətə çatdırıb. Azərbaycan beynəlxalq və regional əhəmiyyətli təşəbbüslərdə fəal iştirak edir. Ölkəmiz UNİDO tərəfindən həyata keçirilən bu layihənin də reallaşdırılmasında, sənaye parkları və zonaları sahəsində əməkdaşlığın genişləndirilməsində mühüm rola malikdir. Nazir müavini dövlət başçısının rəhbərliyi ilə sənayenin inkişafı sahəsində həyata keçirilən tədbirlər barədə məlumat vermiş, sənaye parkları, sənaye zonaları və məhəllələrinin təşkili istiqamətdə görülən işlərdən danışıb. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 oktyabr tarixli Fərmanı ilə yaradılmış Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının Böyük İpək Yolu dəhlizinin funksionallığının artırılması istiqamətində son dövrlər atılan mühüm addımlardan olduğu vurğulanıb və Azərbaycan ərazisindən keçən tranzit dəhlizlərin rəqabət qabiliyyətinin və səmərəliliyinin artırılması, əlavə tranzit yüklərin cəlb edilməsi, yükdaşımaların keyfiyyətinin yüksəldilməsi, yüklərin çatdırılma müddətinin və xərclərinin azaldılması istiqamətində görülmüş işlər diqqətə çatdırılıb.
İqtisadiyyat nazirinin müavini Sahil Babayev çıxışında Azərbaycan Respublikası ilə BMT-nin və onun ixtisaslaşmış qurumları arasında əməkdaşlığın inkişaf etdiyini bildirmiş, ölkəmizin bu təşkilatların fəaliyyətində fəal iştirak etdiyini, təşkilatın Baş Assambleyasından ekspertlər səviyyəsində işçi qurumlarına qədər geniş təmsil olunduğunu vurğulayıb. Azərbaycan 2011-ci ildə 2 il müddətinə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilib. İndiyədək BMT qurumları ilə ümumi dəyəri 96,6 mln. dollar olan 50-ə yaxın layihə icra edilib. Hazırda isə UNDP tərəfindən Azərbaycanda ümumi dəyəri təxminən 18,9 mln. dollar olan 10 layihənin icrası davam etdirilir. Nazir müavini Azərbaycanın UNİDO ilə əməkdaşlığının önəmini vurğulamış, bu gün ilk iclası keçirilən layihənin regional əməkdaşlığın, eləcə də layihədə iştirak edən ölkələrdə sənayenin inkişafına töhfə verəcəyini qeyd edib.
UNİDO-nun nümayəndəsi Olqa Memedoviç təmsil etdiyi qurumun Azərbaycanla uzun illər əməkdaşlıq etdiyini, UNİDO-nun bundan sonra da Azərbaycanda sənayenin inkişafını dəstəkləyəcəyini, xüsusilə iqtisadiyyatın diversifikasiyasına yönəlmiş tədbirlərə dəstək göstərəcəyini vurğulayıb. Olqa Memedoviç bu gün ilk iclası keçirilən layihə barədə məlumat vermiş, tədbirin müxtəlif mövzuları əhatə edən sessiyalarda işini davam etdirəcəyini bildirib.04-05-2016-01
Asiya İnkişaf Bankının Azərbaycan üzrə Ölkə direktoru Nəriman Mannapbekov "Yeni İpək Yolu İqtisadi Kəməri, Dənizdə İpək Yolu Konsepsiyası", UNIDO-nun ÇXR-dəki nümayəndəsi Ralf Bredel "Əhatəli və davamlı sənaye inkişafının təmin edilməsində sənaye klasterlərinin, parklarının zonalarının və digər coğrafi vahidlərin rolu", CAREC İnstitutunun direktoru Kubat Umurzakov "CAREC proqramının əməliyyat prioritetləri kimi nəqliyyat, logistika və sənaye dəhlizlərinin rolu" mövzusunda məruzələrlə çıxış ediblər.
İştirakçı ölkələrin təqdimatlarına həsr olunmuş sessiyada çıxış edən Qırğızıstanın iqtisadiyyat nazirinin müavini Almaz Sazbakov Qırğızıstanda investisiyaların cəlb olunması, sahibkarlığın təşviqi, qabaqcıl texnologiyaların iqtisadiyyata tətbiqi, kiçik və orta sahibkarlığın klasterlərinin dəstəklənməsi istiqamətində görülən işlər barədə məlumat verib, ölkəsində sənaye və texnoloji parkların yaradıldığını qeyd edib.
Sessiyada Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun rəhbəri Rüfət Məmmədov, İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev, UNIDO-nun Tacikistan, Türkmənistan və Qırğızıstan üzrə ekspertləri milli sənayenin inkişaf strategiyası, sənaye parkları, zonaları mövzusunda təqdimatlarla çıxış ediblər. Bundan başqa "Sənaye parkları, zonaları və şəhərlərinin yaradılması və idarə edilməsində ən yaxşı təcrübə" sessiyasında Sumqayıt Kimya Sənaye Parkının, "Təmiz Şəhər" ASC-nin, Qazaxıstanın "Almaty Tech Garden" şirkətinin nümayəndələrinin məruzələri dinlənilib.
Qeyd edək ki, iki gün davam edəcək iclas sabah "Elm, sənaye və texnologiya parkları vasitəsilə əhatəli və davamlı sənaye inkişafına yardım" mövzusunda sessiya və təqdimatlarla işini davam etdirəcək. Mayın 5-də tədbir iştirakçıları "Təmiz Şəhər" ASC-də olacaq, Bərk Məişət Tullantılarının Yandırılması və Çeşidlənməsi zavodlarının fəaliyyəti ilə tanış olacaqlar.