TANAP-ın 480 kilometrlik borularının qaynağı tamamlanıb İqtisadiyyat

TANAP-ın 480 kilometrlik borularının qaynağı tamamlanıb

İndiyədək Trans-Anadolu qaz boru kəmərinin (TANAP) 480 kilometrlik hissənin borularının qaynağı tamamlanıb. Bu barədə TANAP-ın baş direktoru Saltuk Düzyol məlumat verib. O qeyd edib ki, boru kəmərinin inşasında istifadə edilən boruların 80 faizi Türkiyədə istehsal edilir. Bu vaxtadək 900 kilometr borular sahələrə daşınıb.
TANAP-ın baş direktoru bildirib ki, layihə çərçivəsində indiyədək 4,5 milyard dollar dəyərində tenderlər tamamlanıb və müqavilələr imzalanıb. Boru kəmərinin Türkiyə-Gürcüstan sərhədindən başlayaraq "Botaş"a təbii qazın veriləcəyi Əskişəhər çıxış nöqtəsinə qədər uzanan 56 düymlük və 1334 kilometr uzunluğundakı ilk hissəsində 480 kilometr borular qaynaq edilib. "TANAP hər kəsin qazandığı bir layihədir. Burada Türkiyə də, Azərbaycan da, Avropa İttifaqı da qazanır", - deyə S.Düzyol vurğulayıb.
Qeyd edək ki, Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz-2" yatağından çıxarılan qazı Türkiyəyə və bu ölkədən Avropaya nəql edəcək TANAP-ın uzunluğu (19 kilometri Mərmərə dənizindən keçməklə) ümumilikdə 1850 kilometr olacaq. Boru kəməri Türkiyənin Gürcüstanla sərhədindəki Ardahan vilayətinin Posof mahalından başlayaraq 21 vilayətdən keçməklə qardaş ölkənin Yunanıstanla sərhədindəki Ədirnə vilayətinin İpsala qəsəbəsinədək uzanacaq. TANAP-ın 2018-ci ildə istismara verilməsi planlaşdırılır. TANAP-la Avropaya 10 milyard, Türkiyəyə isə 6 milyard kubmetr Azərbaycan qazının nəqli nəzərdə tutulur. Boru kəmərinin ötürücülük qabiliyyətinin gələcəkdə illik 24 milyard kubmetrə, daha sonra isə 31 milyard kubmetrə çatdırılması planlaşdırılır. TANAP layihəsinin ümumi dəyəri 11,7 milyard dollar qiymətləndirilirdi. Lakin indiyədək layihə üzrə 2,5 milyard dollaradək qənaət edilib və dəyəri 9,2 milyard dollar düşüb. Layihədə 1,2 milyon ton ağırlığında ümumilikdə 150 min polad boru istifadə olunacaq.
TANAP Cənubi Qafqaz Boru Kəmərindən (CQBK) alacağı təbii qazı 2020-ci ilin əvvəlindən etibarən "Trans-Adriatik" (TAP) qaz boru kəmərinə qoşularaq Yunanıstan, Albaniya və İtaliyadan keçməklə Avropaya çatdıracaq. TANAP-ın səhmdarlarının bu layihədə payı belədir: "Cənub qaz dəhlizi" Qapalı Səhmdar Cəmiyyəti (QSC) - 58 faiz, "Botaş" - 30 faiz və BP şirkəti - 12 faiz.