FAO-nun baş direktoru ölkəmizlə əməkdaşlığından məmnundur İqtisadiyyat

FAO-nun baş direktoru  ölkəmizlə əməkdaşlığından məmnundur

Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini İlham Quliyevin başçılıq etdiyi nümayəndə heyəti mayın 4-dən 6-dək Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Avropa üzrə 30-cu Regional Konfransında iştirak edib. Təşkilatın Avropa və Mərkəzi Asiya üzrə ali rəhbər orqanı olan, iki ildən bir keçirilən Regional Konfrans üzv ölkələrin kənd təsərrüfatı nazirləri və digər rəsmilərin iştirakı ilə ərzaq və kənd təsərrüfatı sahəsində problemlər və məsələlər üzrə debatların aparıldığı və regional inkişafın dəstəkləndiyi rəsmi forumdur.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Regional Konfransda FAO-nun Avropa və Mərkəzi Asiya regionu üçün növbəti iki ildə əsas fəaliyyət istiqamətləri, prioritetlər və 2016-2017-ci illər üzrə İş Proqramı və Büdcə layihəsi müzakirə olunub, həmçinin təşkilatın region üzrə desentralizasiya siyasəti (ölkə ofisləri) ilə bağlı müzakirələr aparılıb. Konfransda Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev FAO-nun Avropa üzrə 30-cu Regional Konfransının sədr müavini seçilib.
Konfrans çərçivəsində mayın 4-də nazirlərin "Davamlı İnkişaf Məqsədləri və onların Avropa və Mərkəzi Asiya regionunda kənd təsərrüfatı və kənd ərazilərinin inkişafına təsiri" və "2016-cı il Paxlalı Bitkilərin Beynəlxalq İli zəminində Avropa və Mərkəzi Asiyada balanslaşdırılmış qidalanma və sağlam ərzaq sistemlərinin yaxşılaşdırılmasında paxlalı bitkilərin rolu" mövzularında "dəyirmi masa"sı keçirilib. İ.Quliyev görüşdə mövzu ilə əlaqədar çıxış edib. Mayın 5-də isə Azərbaycan nümayəndə heyətinin FAO-nun baş direktoru Joze Qratsiano da Silva ilə görüşü olub.
Görüşdə baş direktor Azərbaycan Hökuməti ilə FAO arasında əməkdaşlığın daha da genişləndirilməsində Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın dəstəyini xüsusi vurğulayıb. O, FAO-nun qeyri-hökumət təşkilatları ilə əməkdaşlığa xüsusi diqqət verdiyini və bu baxımdan Azərbaycanda Heydər Əliyev Fondu və İDEA kimi yerli qeyri-hökumət təşkilatları ilə sıx əməkdaşlığa başlanıldığını qeyd edib. Baş direktor Fondun vitse-prezidenti və FAO-nun xoşməramlı səfiri Leyla xanım Əliyevanın FAO məqsədlərinin və missiyasının qlobal, regional və milli səviyyələrdə həyata keçirilməsində, o cümlədən ölkədə yeni yaradılmış FAO ofisinin səmərəli fəaliyyətində oynadığı rolu və verdiyi töhfəni xüsusi vurğulayıb.
Joze Qratsiano da Silva FAO-nun Azərbaycanda Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin açılmasını və Tərəfdaşlıq Proqramının yaradılmasını əməkdaşlığın yeni mərhələyə qədəm qoyması kimi qiymətləndirib və bu işdə Azərbaycan Hökumətinin, xüsusilə Kənd Təsərrüfatı Nazirliyinin dəstəyini yüksək dəyərləndirib. Nazir müavini İlham Quliyev ölkədə aqrar sahədə və ərzaq təhlükəsizliyinin təmin edilməsində qazanılan nailiyyətlərdən, aparılan islahatların müsbət nəticələrindən və fermerlərə dövlət dəstəyinin ildən-ilə artmasından danışıb.
Baş direktor FAO ilə Azərbaycan arasında Cənub-Cənub Əməkdaşlığının inkişaf etdirilməsi, o cümlədən azərbaycanlı mütəxəssislərin iştirakı ilə regionda Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasının dəstəklənməsi məqsədilə Azərbaycanın aqrar sahədə əldə etdiyi uğurlu təcrübələrin başqa ölkələrdə tətbiqinin vacibliyini qeyd edib. Azərbaycan nümayəndə heyəti Regional Konfrans həftəsi çərçivəsində regionun üzv ölkələrindən olan nümayəndə heyətləri və müşahidəçilər arasında fikir mübadiləsi və müzakirələr platformasını təmin etmək məqsədilə keçirilən bir sıra tədbirlərə də qatılıb.
Qeyd edək ki, tədbirlərdə FAO-nun Avropa və Mərkəzi Asiya regionuna daxil olan 54 üzv ölkəsinin, Avropa Komissiyası kimi üzv təşkilatın yüksək səviyyəli rəsmiləri iştirak ediblər. Bununla yanaşı, BMT-nin digər təşkilatları, bir sıra hökumətlərarası və beynəlxalq qeyri-hökumət təşkilatları konfransın işinə müşahidəçi qismində qoşulublar.