Tütün məmulatlarının qanunsuz dövriyyəsi ilə mübarizə İqtisadiyyat

Tütün məmulatlarının qanunsuz dövriyyəsi ilə mübarizə

Dünən Bakıda "İmperial Tobacco" şirkətinin təşkilatçılığı ilə Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşları üçün "Tütün məmulatlarının qanunsuz dövriyyəsi ilə mübarizə" mövzusunda seminar keçirilir. DGK-nin Mətbuat Xidmətindən "APA-Economics"ə verilən məlumata görə, seminarda qurumun müxtəlif idarələrinin əməkdaşları iştirak edir.
"İmperial Tobacco" şirkətinin qanunsuz ticarətlə mübarizə üzrə meneceri Natalya Leşik komitənin rəhbərliyinə göstərilən dəstəyə görə təşəkkürünü bildirib. Hazırda dünyada tütün məmulatlarının qanunsuz dövriyyəsi və bu zaman ölkələrin iqtisadiyyatına dəyən ziyan barədə rəqəmlər əsasında məlumat verən N. Leşik seminar iştirakçılarının tütün məmulatlarının ekspertizası, qanunsuz daşınması, istehsalı, satışı və kontrafakt mallar barədə məlumatlandırılacağını bildirib.
Seminarda çıxış edən DGK-nin Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini, gömrük xidməti general-mayoru Güloğlan Muradlı tütün məmulatlarının qanunsuz ticarəti və qaçaqmalçılığının hazırda dünyada vacib problemlərdən birinə çevrildiyini və gömrük orqanlarının əsas vəzifələrindən birinin də bu sahədə intensiv mübarizə tədbirlərini gücləndirmək olduğunu diqqətə çatdırıb. Tütün məmulatlarının qanunsuz dövriyyəsinin iqtisadiyyata və insan sağlamlığına ciddi təhlükə törətdiyini bildirən Komitə rəsmisi Azərbaycan gömrük orqanlarının bu sahədə həyata keçirdiyi tədbirlər barədə məlumat verib.
Tütün məmulatlarının qanunsuz dövriyyəsinin səbəbləri, yaratdığı problemlər barədə məlumat verən "İmperial Tobacco" şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Elnur Bağırov isə DGK tərəfindən bu sahədə kifayət qədər iş görüldüyünü və bu fəaliyyəti dəstəklədiklərini bildirib. Seminarın gedişində tütün məmulatlarının qanunsuz dövriyyəsinin qarşısının alınmasına dair təcrübə mübadiləsi aparılacaq, saxta malların aşkar edilməsinin spesifik cəhətləri barədə məlumat veriləcək, gömrükçülər "İmperial Tobacco" şirkəti tərəfindən təqdim olunan müxtəlif məhsul nümunələrinin xalisliyini praktikada yoxlamaq imkanı əldə edəcəklər.