İnnovasiya üçün texnologiyaya çıxış... İqtisadiyyat

İnnovasiya üçün texnologiyaya çıxış...

Bakıda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Dünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) təşkilatçılığı ilə "Azərbaycan Respublikasında innovasiya üçün texnologiyaya çıxış, texnologiya və innovasiyalara Dəstək Mərkəzi (TİDM) şəbəkəsinin yaradılması" mövzusunda seminar keçirilib. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, seminarın məqsədi ixtiraçılara ÜƏMT-nin patent axtarış sistemi vasitəsi ilə imkanlar yaratmaq və ixtiraların beynəlxalq ÜƏMT sistemində mühafizəsi imkanlarını və yollarını öyrətməkdir.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin aparat rəhbərinin müavini Niyazi Rəhimov ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirilməsində əqli mülkiyyətin rolu və bu sahədə mövcud olan aparıcı təşkilatlarla əməkdaşlıq əlaqələrinin genişliyindən danışıb. Onun sözlərinə görə, Prezident İlham Əliyev tərəfindən ölkədə aparılan iqtisadi islahatların əsasında müasirləşmə və elmi inkişaf dayanır: "Qeyri-neft sektorunun inkişafına yönələn məqsədyönlü iqtisadi-siyasi kurs müasir təcrübələrə və insan kapitalına əsaslanan innovativ iqtisadiyyatın inkişafına xidmət edir. Dünyada mövcud ən son yeniliklər və ixtiralar haqqında məlumatların istifadəsinə xidmət edən və ÜƏMT tərəfindən uğurla tətbiq edilən Texnologiya və İnnovasiyalara Dəstək Mərkəzlərinin Azərbaycanda yaradılması istiqamətində keçirilən bu seminar əqli mülkiyyət sahəsində yeni uğurların əldə edilməsinə xidmət edəcək və ÜƏMT ilə əməkdaşlıq çərçivəsində növbəti uğurlu addım kimi yadda qalacaq,"- deyə N.Rəhimov vurğulayıb.
ÜƏMT-nin İnnovasiya və Texnologiyaya Dəstək Bölməsinin direktoru Endryu Czajkovski Azərbaycanla əməkdaşlıq əlaqələrindən məmnunluğunu ifadə edib. O, əqli mülkiyyət sahəsində Azərbaycanın uğurlarını, bu sahənin daha da inkişaf etdirilməsi məqsədilə həyata keçiriləcək işləri və gələcəkdə əməkdaşlıq münasibətlərinin daha da genişlənəcəyindən əminliyini qeyd edib. Seminarda "İnnovasiyanın təşviqi: Dəstək İnnovasiyasında Patent İnformasiyasının faydası və dəyəri", "Azərbaycanda innovasiyanı dəstəkləyən xidmətlər", "ÜƏMT-nin Texnologiya və İnnovasiyaya Dəstək Mərkəzləri (TİDM) Proqramı", "Axtarış vasitələri və strategiyaları" mövzularında məruzələr dinlənilib.