Tbilisidə TransXəzər Nəqliyyat Marşrutu Koordinasiya komitəsinin iclası keçirilib İqtisadiyyat

Tbilisidə TransXəzər Nəqliyyat Marşrutu Koordinasiya komitəsinin iclası keçirilib

Dünən Gürcüstanın paytaxtı Tbilisi şəhərində Beynəlxalq TransXəzər Nəqliyyat Marşrutunun (TMTM) Koordinasiya komitəsinin iclası keçirilib. Tədbirdə TMTM-in iştirakçı dövlətlərinin dəmir yolları idarələrinin rəhbərləri iştirak ediblər. İclasda Azərbaycanı "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.
"Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov APA-ya bildirib ki, iclasda Koordinasiya Komitəsinə yeni sədrin seçilməsi, Beynəlxalq TransXəzər Nəqliyyat Marşrutunun Koordinasiya komitəsinə yeni üzvlərin qoşulması, bu marşrutda rəqabətədavamlı tariflərin tətbiqi, cari ilin sonunadək Koordinasiya komitəsinin fəaliyyət planı və digər məsələlər müzakirə olunub.
Koordinasiya komitəsinin sədr vəzifəsinə təkrarən "Qazaxıstan Dəmir Yolları" SC-nin Prezidenti Askar Mamin seçılıb. Eyni zamanda iştirakçılar TMTM Koordinasiya komitəsinə yeni üzvlər qəbul ediblər. Bunlar Ukraynanın "Ukrzaliznitsya" İSC və "Ukrferi" MMC şirkətləri, və Moldovanın "Translogistic" SRL şirkətləridir. Tərəflər Beynəlxalq TransXəzər Nəqliyyat Marşrutunda tətbiq olunacaq yeni tarifləri də müzakirə edərək təsdiq ediblər. Həmin tariflər vaqon, konteyner və yükdaşımaların digər növlərinə aiddir. Qəbul olunan qərara əsasən həmin rəqabətədavamlı tariflər 2016-cı il iyunun 1-dən qüvvəyə minəcək. İclas iştirakçıları ilin sonunadək Koordinasiya komitəsinin fəaliyyət planını da təsdiq ediblər. İclasada həmçinin aprelin 12-də Bakıda yaradılan TransXəzər Beynəlxalq konsorsiumunun üzvləri də iştirak ediblər. Konsorsiuma Azərbaycandan "ADY Express" MMC və "ACSC LOgistics" MMC daxildir.