İnklüziv inkişaf üçün məşğulluq siyasəti İqtisadiyyat

İnklüziv inkişaf üçün məşğulluq siyasəti

ƏƏSMN Asiya İnkişaf Bankı ilə məsləhətləşmələr aparır

Tural

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Asiya İnkişaf Bankının (AİB) nümayəndələri ilə görüş olub. Görüşdə məqsəd AİB tərəfindən ölkəmizdə inklüziv inkişaf üçün məşğulluq siyasətinə dair nəzərdə tutulan araşdırmalarla bağlı məsləhətləşmələrin aparılması olub. Görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov qlobal iqtisadi böhranın kəskinləşdiyi şəraitdə iqtisadi təsirlərin qarşısının yüksək səviyyədə alınması üçün Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu islahatlar kursundan bəhs edib. Nazir bildirib ki, bu islahatlar ölkə iqtisadiyyatının neftdən asılı olmadan dinamik inkişafına, qeyri-neft sektorunun ÜDM-də payının 70 faiz təşkil etməsinə şərait yaradıb. Ötən il 8,4 faiz artan qeyri-neft sektorunda bu ilin ilk rübündə 5 faizdən çox artım qeydə alınıb. Həmçinin keçən il bu sektor üzrə büdcə daxilolmaları 9,5 faiz, qeyri-neft məhsulları ixracı 3,6 faiz çoxalıb: "Qeyri-neft sektorunun, o cümlədən regional inkişafın, sahibkarlığın genişlənməsinin stimullaşdırılması üçün kompleks tədbirlər mövcud iqtisadi şəraitdə də əmək bazarında stabilliyin, ötən dövrdə işsizliyin kəskin şəkildə azaldılması sahəsində əldə olunmuş nailiyyətlərin qorunub saxlanmasına imkan verib. 2003-2015-ci illərdə 1,4 milyondan çox iş yerinin yaradıldığı respublikada cari ilin ilk üç ayında daha 37 min yeni iş yeri açılıb, muzdla işləyənlərin sayında isə yanvar-mart aylarında 6,6 min nəfər artım özünü göstərib". S.Müslümov dövlət başçısının islahatlar kursuna uyğun olaraq, ölkədə qeyri-neft sektorunun sürətli inkişafının təmin edilməsi üçün iki milyard manata yaxın dəyəri olan layihələrin tərtib edilməsinin bu sektorun qarşıdakı dövrdə də sürətli inkişafına, məşğulluq imkanlarının artmasına yönəldiyini vurğulayıb.
Nazir respublikanın sosial-iqtisadi inkişafının demoqrafik proseslərə də müsbət təsirini diqqətə çatdırıb: "Hazırda Azərbaycan əhalinin illik 1,3 faizlik artımına görə Avropa ölkələri arasında ön cərgədədir və ölkədə doğulanların sayı ölənlərin sayını 3 dəfədən çox üstələyir. Təkcə bu ilin yanvar-fevral aylarında respublika əhalisinin sayı 17,9 min nəfər artaraq mart ayının 1-i vəziyyətinə 9723,5 min nəfərə çatıb".
S.Müslümov qeyd edib ki, son vaxtlarda dünyada iqtisadi amillərin mənfi təsirlərinin gücləndiyi şəraitdə Mərkəzi və Qərbi Asiya ölkələrində layiqli iş yerlərinin yaradılması yolu ilə inklüziv inkişafa nail olunması üçün aparılan siyasəti dəstəkləmək məqsədilə AİB tərəfindən araşdırmalar aparılır. Yerli və beynəlxalq ekspertlərin cəlb olunduğu bu araşdırmalar bizim ölkəmizi də əhatə edir: "Həmin tədqiqatın bir istiqaməti kimi, məşğulluq siyasəti və əmək bazarı ilə bağlı araşdırmaların aparılması nəzərdə tutulur. Hesab edirəm ki, bu bizim üçün çox əhəmiyyətlidir. Çünki, bildiyiniz kimi, Azərbaycan Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırığı əsasında, ölkəmizdə də mövcud demoqrafik meyllər və inkişaf perspektivləri, iqtisadi prioritetlər nəzərə alınmaqla "Azərbaycan Respublikasında Məşğulluq Strategiyası (2016-2025-ci illər)" layihəsi hazırlanır. AİB-in tədqiqat qrupu tərəfindən aparılacaq araşdırmaların nəticələri, təqdim ediləcək tövsiyə xarakterli təkliflər ölkəmizin uzunmüddətli məşğulluq strategiyasının hazırlanmasında faydalı ola bilər".
AİB-in nümayəndə heyətinin rəhbəri Giovanni Capannelli təmsil etdiyi təşkilatla Azərbaycan hökuməti arasında ötən dövrdə fəal və səmərəli əməkdaşlığın həyata keçirildiyini vurğulayıb. Dünyada baş verən böhran proseslərinin son illərdə kəskin xarakter aldığını və biznes strukturlarına mənfi təsirlər göstərdiyini qeyd edən G.Capannelli AİB-in sözügedən araşdırmalarının da belə şəraitdə Mərkəzi və Qərbi Asiya bölgəsində milli iqtisadiyyatların dayanıqlığına, o cümlədən layiqli iş yerləri vasitəsilə inklüziv inkişafa yardım göstərməyə hesablandığını bildirib. Görüş ölkəmizdə əmək bazarında mövcud vəziyyətin müzakirəsi və qeyd olunan tədqiqatın əhatə edəcəyi istiqamətlərə dair məsləhətləşmələrlə davam edib.