BVF ilə sosial müdafiə sistemində islahatlarla bağlı müzakirələr aparılıb İqtisadiyyat

BVF ilə sosial müdafiə sistemində islahatlarla bağlı müzakirələr aparılıb

Tərlan

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan Beynəlxalq Valyuta Fondunun (BVF) nümayəndə heyəti ilə görüş olub. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev bildirib ki, son 12 ildə ölkədə 3,4 dəfə iqtisadi artıma nail olunub və qeyri-neft sektorunun inkişafı respublikanın iqtisadi tərəqqisində əsas istiqamətdir. Qeyd edilən dövrdə bu sektor 2,6 dəfə artaraq ÜDM-də 70 faizə çatıb. Bu istiqamətdə aparılan islahatlar son dövrlərdə dünyada baş verən mənfi iqtisadi faktorların milli iqtisadiyyata təsirlərinin uğurla minimallaşdırılmasına da imkan verib: "Ölkədə sabit iqtisadi və maliyyə vəziyyəti əmək bazarında stabilliyi və bütün sosial proqramları uğurla davam etdirməyə şərait yaradıb. Mövcud iqtisadi şəraitdə əhalinin etibarlı sosial müdafiəsi də diqqətdə saxlanılır. Təkcə bu ilin yanvar ayında dövlət başçısının müvafiq fərman və sərəncamları ilə əhalinin 35 faizinə yönələn sosial ödənişlər 10 faiz artırılıb. Eləcə də işsizlərin sosial müdafiəsi üçün onlara ödənilən müavinətlərin 40 faiz artırılması, sosial yardımlar üçün əlavə dövlət vəsaitinin ayrılması təmin edilib. Eyni zamanda, qabaqcıl dünya təcrübəsi əsasında ölkədə işsizlikdən sığorta sisteminin qurulması üçün müvafiq hüquqi bazanın yaradılmasına başlanılıb" .
Respublikada əsasən regionları əhatə edən və daimi olan 1,4 milyon iş yerinin yaradılması nəticəsində son 12 ildə işsizliyin 5 faizədək azaldığını qeyd edən İ.İsayev bildirib ki, əmək bazarında sabitliyi qoruyub saxlamaq üçün sosial məsuliyyətin bölüşdürülməsi təşəbbüsü çərçivəsində də işlər aparılıb. Təkcə bu ilin ilk rübündə məşğulluq orqanlarına 40 minədək vakansiya təqdim olunub, iş üçün müraciət edənlərin həmin iş yerlərində məşğulluğu təmin edilib: "Bununla yanaşı, son illərdə özünüməşğulluğun təmini məqsədilə iki rayonda pilot layihələr çərçivəsində aparılmış uğurlu işlərin genişləndirilməsi nəzərdə tutulub. Bu məqsədlə Azərbaycan Prezidentinin sərəncamı ilə maliyyə vəsaiti ayrılıb. Hazırda Beynəlxalq Əmək Təşkilatının ekspert dəstəyindən istifadə edilməklə əmək qabiliyyətli üzvləri olan 1400-dək ailənin özünüməşğulluq tədbirlərinə cəlb edilməsi üçün hazırlıq işləri aparılır".
Əmək və sosial müdafiə sisteminin modern idarəetmə mexanizmləri əsasında formalaşdırılması yönündə aparılan islahatları diqqətə çatdıran İ.İsayev MDB məkanında ilk dəfə qurulan əmək müqavilələrinin elektron qeydiyyat sistemindən bəhs edib. Nazir müavini əmək münasibətlərinin elektron müstəvidə şəffaflaşdırılmasına səbəb olan bu sistemin əmək bazarında baş verən dəyişiklikləri operativ şəkildə izləməyə imkan verdiyini də bildirib: "İnnovativ yanaşmaların tətbiqi sosial yardım sahəsini də əhatə edib. Ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sisteminin qurulması nəticəsində vətəndaşlar heç bir sənəd toplamadan, hansısa məmura müraciət etmədən, istədikləri yerdən onlayn qaydada sosial yardım üçün müraciət edə bilirlər. Müraciətlər isə avtomatlaşdırılmış qaydada araşdırılaraq qərar qəbul edilir. Nəticədə sosial yardımların təyinatı prosesi məmur müdaxiləsi heç bir halda mümkün olmadan, tam şəffaf və obyektiv şəkildə aparılır. Digər sahədə, yəni əlillik təyinatı sahəsində də avtomatlaşdırılmış, şəffaf ifrastruktur qurulub və hazırda bu sahədə əsas diqqət səmərəli reabilitasiya tədbirlərinin təşkilinə yönəlib".
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev ölkədə qurulan müasir sığorta-pensiya sistemindən bəhs edib, pensiyaların məbləğinin hər kəsin ödəmiş olduğu sığorta haqlarına uyğun müəyyən edilməsi kimi ən ədalətli prinsipin tətbiq olunduğunu bildirib. O, sistemdə qeydiyyatda olan sığortaolunanların sayının mütəmadi olaraq artdığını və hazırda 3,5 milyon nəfər olduğunu, əmək pensiyalarında artım dinamikasını, habelə Azərbaycanda pensiya-sığorta sisteminin maliyyə dayanıqlığına malik olduğunu diqqətə çatdırıb.
BVF-nin nümayəndə heyətinin rəhbəri Məhəmməd əl-Qorçi Azərbaycanda əhalinin sosial müdafiəsi, əmək bazarının inkişafı, aktiv məşğulluq tədbirlərinin təşkili yönündə həyata keçirilən islahatların təqdirəlayiq olduğunu vurğulayıb. O həmçinin son illərdə əmək və sosial müdafiə sisteminin innovativ mexanizmlər üzərində qurulması, əhaliyə şəffaf xidmətlər sisteminin yaradılması yönündə aparılan islahatları yüksək dəyərləndirib. Görüşdə əmək və sosial müdafiə sistemində aparılan islahatlar, habelə əmək bazarı və pensiya islahatı, ünvanlı dövlət sosial yardımı üzrə gələcək planlar və s. məsələlərlə bağlı müzakirələr aparılıb, nümayəndə heyətini maraqlandıran suallar cavablandırılıb.