SOCAR alman şirkətləri ilə birgə müəssisə yaradır İqtisadiyyat

SOCAR alman şirkətləri ilə birgə müəssisə yaradır

SOCAR prezidenti Rövnəq Abdullayev, Almaniyanın UNIPER (EON) şirkətinin prezidenti Klaus Şehfer, eləcə də hər iki şirkət rəhbərliyinin nümayəndələri mayın 25-də Sumqayıt şəhərində olublar. İstehsalat Birliyinin konfrans zalında SOCAR və UNIPER (EON) şirkətlərinin Koordinasiya Komitəsinin üçüncü iclası keçirilib. SOCAR prezidenti Rövnəq Abdullayev qonaqları salamlayaraq, UNIPER-lə əməkdaşlıq əlaqələrinin bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirib.
UNIPER şirkətinin prezidenti Klaus Şehfer də SOCAR-la əməkdaşlıqdan məmnunluğunu ifadə edib. SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədovun və UNIPER şirkətinin vitse-prezidenti Uve Fipin yüksək biliyə, nəzəri, elmi və praktiki potensiala malik mütəxəssislərin yetişdirilməsi və digər sahələrdə həyata keçirilən birgə layihələrlə bağlı təqdimatları dinlənilib.
"Azərikimya" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Muxtar Babayev iştirakçılara "Azərikimya"da reallaşdırılan yeni layihələr haqqında ətraflı məlumat verib. Sonra SOCAR və UNIPER şirkətləri arasında enerji və buxar istehsalı sahəsində fəaliyyət göstərəcək birgə müəssisənin - "SOCAR-UNIPER" MMC-nin yaradılması haqqında saziş imzalanıb. Sazişə əsasən, birgə müəssisədə SOCAR 51 faizlik, UNİPER isə 49 faizlik pay bölgüsünə sahib olacaq. Bundan başqa, yeni buxar turbogenerator qurğusunun tikintisi barədə İlkin Layihə Sazişi də imzalanıb. Bildirilib ki, qurğunun inşası "Azərikimya"nın Etilen-polietilen zavodunda Buxar Generator Kompleksinin enerji effektivliyinin artırılması və əlavə enerji istehsal edilməsi məqsədi daşıyır.
Sonra hər iki şirkətin nümayəndələri Etilen-polietilen zavoduna gəlib, ərazi ilə tanış olub, zavodun Buxar və elektrik enerjisi istehsalatı ərazisində tikilməsi planlaşdırılan yeni buxar turbogenerator qurğusunun təməlqoyma mərasimində iştirak ediblər. Təməlqoyma mərasimindən sonra ərazidə ağacəkmə aksiyası keçirilib.
SOCAR rəhbərliyi SOCAR-Polymer və Karbamid zavodlarına baş çəkib. Qeyd olunub ki, ümumilikdə, layihə üzrə işlərin təxminən 71 faizi tamamlanıb, əsaslı layihələndirmə və satınalma işləri isə, demək olar ki, yekunlaşıb. Hazırda svayların vurulmasının başa çatdırılması, özül-fundament işləri, infrastruktur layihələrinin icrası, yeraltı boruların çəkilməsi və s. işlər davam etdirilir. Növbəti rüb ərzində digər əsas avadanlıqların, o cümlədən avadanlıqlar arasında ən ağırı olan 375 tonluq riforminq sobasının alt konveksiya seksiyasının və 360 tonluq karbamid sintez reaktorunun, həmçinin ən uzun avadanlıq olan 60 metrlik qranulyatorun hava dirəyinin sahəyə gətirilməsi planlaşdırılır. Zavodun tikinti işlərinin 2017-ci ilin sonuna qədər tamamlanması və müvafiq sınaq-sazlama işlərindən sonra 2018-ci ilin birinci rübündə istismara verilməsi nəzərdə tutulur.