Ruslar Azərbaycana niyə axışır? İqtisadiyyat

Ruslar Azərbaycana niyə axışır?

Otel və biletlərin axtarış xidməti olan "Skyscanner"in apardığı araşdırmada maraqlı rəqəmlər ortaya çıxıb. Məlum olub ki, bu il Azərbaycana səyahət etmək istəyən rusiyalı turistlərin sayı 2015-ci ilə nisbətən 90 faiz artıb.
Araşdırma çərçivəsində 260 min rusiyalı səyyah arasında sorğu keçirilib, həmçinin aviabilet sifarişləri təhlil edilib. Resursun məlumatına görə, hazırda sifarişlərin yarısından çoxu (52 faiz) Rusiya kurortlarının payına düşür. Proqnozlar gösərir ki, ümumilikdə, yay mövsümünün yekunu üzrə yerli səyahətçilərin ümumi sayından 60 faizi Rusiyada istirahət edəcək.
Araşdırmaya əsasən, ruslar daxili istiqamətlərlə yanaşı yaxın xaricdə də istirahət etməyə üstünlük verirlər. Ötən illə müqayisədə Gürcüstana bilet satışı iki dəfə, Azərbaycana 90 faiz, Bolqarıstana 31 faiz, Qazaxıstana 20 faiz, Ermənistana isə 16 faiz artıb.
Travel.ru saytı da MDB ölkələri içərisində Azərbaycanın rus turistlərin ən çox getdiyi ölkələr sırasında olduğunu açıqlayıb.
Bu prosesi şərh edən Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov deyir ki, devalvasiyadan sonra manatın məzənnəsində ucuzlaşma olması, xarici ölkələrdə bahalaşma, eyni zamanda Avropa və Yaxın Şərq ölkələrində iqtisadi-siyasi vəziyyətin gərginləşməsi, koçkünlərin Avropa ölkələrinə daxil olması yerli və xarici turistlərin daha çox bizim ölkəzdə istirahət etmələrinə səbəb olub: "Azərbaycana gələn turistlər üçün turpaketlərin qiyməti artıq çox əlverişlidir. Onlar hesablamaları dollarla aparırlar. Manatın devalvasiyasından sonra onlar üçün çox sərfəli, ucuz qiymətlər yaranıb. Bütün turizm şirkətləri də bu fürsətdən istifadə etməlidir".
Azərbaycan otellərində xarici turistlər üçün qiymətlərin ucuzlaşdığını deyən ekspert dolların məzənnəsi ilə əlaqədar əvvəllər 50 manata satılan yerlərin indi 35 dollara endiyini bildirib.
Müzəffər Ağakərimov Azərbaycana gələn turistlərin daha çox 20-60 yaş arasında olduğunu deyir. Müsahibimiz turistlərin cinsə görə statistikasının aparılmadığını bildirdi: "Səyahətsevərlik hər millətin özünəməxsus bir vərdişdir. Elə xalqlar var ki, ailəliklə səyahətə getməyi sevir, elə millətlər də var, orada kişilər və yaxud qadınlar turist həyatı yaşamağı sevirlər.
Konkret ruslara gəlincə, heç kəsə sirr deyil ki, onlar istirahətinə, səyahətinə vaxt ayıran millətlər sırasındadır. Xüsusilə qadınları bu istirahətindən qalmır. Onları Azərbaycana, o cümlədən səyahət etdikləri digər yerlərə çəkən ən çox günəşli ölkə olması və dəniz turizmidir. Ümumiyyətlə, soyuq ölkələrin adamları isti yerlərdə istirahət etməyə üstünlük verirlər".