TAP layihəsi İqtisadiyyat

TAP layihəsi

Avropanın enerji təhlükəsizliyinə təsirlər

Cavid

Mayın 17-də Trans Adriatik Boru Kəməri TAP-ın inşasına başlanılması Avropanın enerji ilə təhcizatının artan diversifikasiyasında yeni mərhələsinin başlanğıcı hesab olunur. Bununla belə təhlilçilər Avropanın həqiqətən enerji müstəqilliyinə nail olması üçün təkcə təchizatın artırılması deyil, fundamental addımlar atmasının vacibliyini vurğulayır.
TAP Cənub Qaz Dəhlizinin bir hissəsidir. Layihənin tərəfdarları hesab edir ki, boru kəməri Avropanın enerji təhlükəsizliyini artıraraq Rusiyadan asılılığı azaldacaq. 4,5 milyard dollara başa gələcək olan boru kəmərinin 2020-ci ildə istismara veriləcəyi gözlənilir. Boru kəməri Azərbaycanın "Şahdəniz 2" yatağından çıxarılan qazı Gürcüstan, Türkiyə, Yunanıstan və Albaniyadan keçən tranzit yolla İtaliyanın cənubuna daşıyacaq. Başlanğıc ixrac həcmi 10 milyard kub metr olan TAP boru kəməri Avropada təxminən 7 milyon ailəni enerji ilə təmin edəcək. İki kompressor stansiyanın əlavə olunması və Şahdəniz-2 ilə yanaşı geniş Xəzər regionunun qaz ehtiyatlarının layihəyə cəlb edilməsi sayəsində enerji təhcizatının ikiqat artırılması planlaşdırılır.
ABŞ-ın Avropada Enerji Təhlükəsizliyi üzrə keçmiş xüsusi nümayəndəsi səfir Riçard Morningstar inanır ki, 2020-ci ilin ortalarından etibarən əlavə qaz təhcizatı mümkün olacaq. "Regionda Azərbaycanın sahillərindən kənarda başqa resurs imkanları da mövcuddur. Hələ də Türkmənistandan qaz idxal etmək mümkündür. Aralıq dənizi regionunun Şərqindən və İraqda Kürd regionundakı yataqlarından qaz resursları da gələcəkdə boru kəməri vasitəsi ilə daşına bilər,"- deyə səfir bildirib.
Avropanın enerji mənbələrinin gələcəkdə şaxələndirməsini nəzərdə tutan boru kəməri Avropa İttifaqından böyük dəstək alır. BP, İtaliyanın SNAM və Azərbaycanın SOCAR şirkətləri hər biri 20 faiz payla layihənin əsas 3 investoru hesab olunur.
Cənubi Qaz Koridorunun inkişafı Avropa İttifaqı üçün mühüm olsa da, Rusiya üçün narahatlıq mənbəyi sayılır. Qərbin dəstəklədiyi Nabukko layihəsi nəzərdən keçirildiyi bir vaxtda Rusiya öz qazını Qara dəniz sahili boyu Bolqarıstana daşıyan Cənub Cərəyanı boru kəməri layihəsini irəli sürmüşdü. Bu layihə Avropa İttifaqının rəqabət qaydalarına uyğun olmadığı üçün baş tutmamışdı. Daha sonra Rusiyanın Qazprom şirkətinin əlavə olaraq təklif etdiyi Türk Cərəyanı boru layihəsi də uğursuzluqla nəticələnmiçdi.