Benzinlə işləyən avtomobillər nə qədər bahalaşıb? İqtisadiyyat

Benzinlə işləyən avtomobillər nə qədər bahalaşıb?

Azərbaycanda "Aİ-92" markalı benzinin bahalaşması avtomobil bazarında qiymətlərə də təsir göstərib. Fins.az-ın araşdırmasına görə, əvvəlcə dizel mühərrikli avtomobillərin qiymətlərində artım müşahidə edilməyə başladı.
Xüsusilə də, Azərbaycanda məşhur "Mercedes"lər -2000-2001-ci il model "Mercedes E" seriyasına aid avtomobillərin qiymətləri 4-5 min manat qədər artdı. Qiymət artımı ikinci əl bazarında özünə yer tapmayan köhnə "Mercedes ML"lərin qiymətlərin də daha qabarıq şəkildə göstərdi. Bu avtomobillər istehsal ilindən və təhcizatından aslı olaraq 7 min manata qədər bahalaşdı.
Avtomobil ekspertləri bildirirlər ki, dizel avtomobillərinin bahalaşması təbii prosesdir. Çünki benzin bahalaşırsa, daha ucuz dizel yanacağı ilə işləyən avtomobillərə tələbat artır və bu da qiymətlərə təsir edir. Amma maraqlı cəhət bundan ibarətdir ki, dizel avtomobillərin bahalaşması ilə yanaşı bazarda ikinci əl benzin avtomobilləri də bahalaşıb.

Qiymətlər 4 min manata kimi artıb

Avtomobil eksperti Əyyub Əliyev Fins.az-a bildirib ki, benzinin bahalaşması bazarda dizel avtomobillərə tələbatı artırmaqla yanaşı, az yanacaq işlədən və kiçik mühərrikli avtomobillərə də marağı artırıb. Ona görə qiymətlərdə artım müşahidə edilir. Ümumilikdə bazar üzrə benzinlə işləyən avtomobillərin qiymətlərində 1000 manatdan 4 000 manata kimi artım müşahidə edilir.
Məsələn, 1999-2000-ci illərə aid "Mercedes C" modelləri 2 min manata kimi bahalaşıb. Əvvəl 6000-6500 manata satılan avtomobilləri indi 7-8 min manata təklif edilir.
Eyni hal 1.6 l-2.0 l mühərrikli "Kia", "Hyundai" avtomobillərində də müşahidə edilir. Məsələn, əvvəl 13-15 min manata satılan "Kia Cerato" indi 14-16 manata təklif edilir. Və yaxud "Hyundai Elantra" 16-20 min manatdan 17-22 min manata kimi bahalaşıb.

Kiçik motorlu Çin maşınları da bahalaşıB

Ekspertin sözlərinə görə, ikinci əl kiçik Çin avtomobilləri də bahalaşıb: "20 min km yürüşü olan 1.0 l mühərrikli "Changan Benni" üçün lizinq şərtilə ilkin ödəniş 3300 manat təşkil edirdisə, indi bu məbləğ 3800 manata qədər artırılıb".
"Niva"ların şişmiş qiyməti - 17 -35 min manat
Əyyub Əliyev bildirib ki, ikinci əl bazarında ən böyük bahalaşma hazırda "Lada Niva" modellərində müşahidə edilir. Hazırda "Lada Niva"lar 17-35 min manata təklif edilir ki, bu da şişirdilmiş qiymətdir. Səbəb isə son dövrlər "Lada Niva"ların "cavan avtomobili" kimi dəbə minməsidir. Ona görə də, alverçilər bu avtomobili 10-12 min manata alıb BMW və digər brend markalara aid təhcizatlar əlavə edirlər və yüksək qiymətə bazara çıxarırlar.

"Sentyabrda 1500 manata kimi bahalaşma olacaq"

Ekspertin sözlərinə görə, ikinci əl bazarında sentyabr ayında bahalaşma davam edəcək. Artıq yeni iş mövsümünün başlaması avtomobillərə tələbatı bir qədər də artıracaq. Ümumilikdə isə qiymətlərdə yenidən 1000-1500 manat arasında artım olacaq.