“Böhran Azərbaycan iqtisadiyyatına təsir etsə də...” İqtisadiyyat

“Böhran Azərbaycan iqtisadiyyatına təsir etsə də...”

Aydın Mirzəzadə: "Ölkəmiz bu zərbəni minimallaşdıra və ümumən yenidən inkişaf xəttinə çıxa bilib"

"Prezident İlham Əliyevin ardıcıl olaraq bir neçə rayona səfər etməsi əslində səfərə qədər görülən böyük işlərə yekun vurulmasıdır. Cənab Prezidentin regionlarda görülən işlərə diqqət və qayğısı var. Belə ki, regionlara ayrılan vəsaitlər, sahibkarlığın inkişafına verilən dəstək, regionların xüsusiyyətinə uyğun olaraq iqtisadi sahələrin seçilməsi Azərbaycan Prezidentinin gündəlik nəzarətində və diqqətində olan məsələlərdir". Bunu deputat Aydın Mirzəzadə Prezident İlham Əliyevin bölgələrə səfərinə münasibət bildirərkən deyib. Deputatın sözlərinə görə, Azərbaycanın bütün regionlarının tarixdən gələn iqtisadi inkişaf xüsusiyyətinə, eləcə də ölkənin ümumi inkişaf tempinə uyğun olaraq inkişaf etməsi Ölkə başçısının bölgələrə göstərdiyi diqqətinə nəticəsidir: "Son iki gün ərzində Dövlət başçısının 4 rayona səfəri zamanı nəinki rayonun, eləcə də Azərbaycan miqyasında çox böyük əhəmiyyətə malik olan sənaye obyektlərinin açılması, ölkəmizin inkişaf sürətini göstərir. Həmçinin həmin o obyektlər çoxsaylı iş yerləri yaratmaqla, insanların sosial vəziyyətinin yaxşılaşmasına xidmət edir". A.Mirzəzadə söyləyib ki, dünyada baş verən maliyyə böhranı Azərbaycan iqtisadiyyatına təsir etsə də, ölkəmiz bu zərbəni minimallaşdıra və ümumən yenidən inkişaf xəttinə çıxa bilib: "Prezident İlham Əliyevin bölgələrə səfəri zamanı açılan yeni obyektlər, infrastrukturun yenilənməsi ilə bağlı görülən işlər, həmçinin perspektivə işlənən layihələr Azərbaycanın özünün inkişaf modelini tapdığını göstərir. Eyni zamanda ölkə başçısının səfəri zamanı əhalinin sosial problemləri ilə ciddi maraqlanması, görülən işlərlə bağlı hesabatları qəbul etməsi də iqtisadi inkişafın və sosial məsələlərin həlli ilə yaxından maraqlandığını bir daha sübut edir".
Deputat qeyd edib ki, Azərbaycan Prezidentinin səfəri zamanı ölkənin müdafiə qabiliyyətinin möhkəmlənməsi ilə bağlı layihələrin də açılışında iştirak etməsi və bu məsələlərə diqqət etməsi də, Azərbaycanın torpaqlarını Ermənistanın işğalından azad etməsi üçün ciddi işlər gördüyünü sübut edir: "Prezident İlham Əliyevin son iki gündə Azərbaycanın Qərb zonasına səfəri ictimaiyyətdə böyük maraq doğurdu. Ölkənin bütün kütləvi informasiya vasitələri ilə yanaşı sosial şəbəkələrdə də bu informasiyalar yayıldı. Bu, Azərbaycan dövlətinin özünün imkanlarına söykənərək, həmçinin düzgün strateji xəttini seçərək inkişaf tempini yüksəltdiyinə və bundan sonra da həm regionun, həm də dünyanın yüksək sürətlə inkişaf edən ölkələrdən biri olacağına dəlalət edir".
Millət vəkili Azər Badamov isə bildiirb ki, ölkə başçısının regionlara səfərləri artıq ənənəvi hal alıbdır: "Cənab Prezident regionların sosial-iqtisadi inkişafı ilə əlaqədar proqramlar təsdiq edir, tapşırıqlar verir, maliyyə vəsaiti ayırır və icra vəziyyətini şəxsən yerlərə səfərlər etməklə özü yoxlayır". Onun sözlərinə görə, regionlarda layihə icraçıların məsuliyyətini artırır, yerlərdə insanlarda işləmək və yaratmaq həvəsini yüksəldir: "Dövlət başçımızın regionlara göstərdiyi yüksək diqqəti sayəsində regionların sosial infrastrukturu müasirləşmiş, kənd təsərrüfatın və sənayenin inkişafına təkan verib. 19-20 avqustda Göygöl, Samux, Gədəbəy və Şəmkir rayonlarına səfərləri çərçivəsində ölkə başçısı çoxlu infrastruktur layihələrin və istehsal sahələrin açılışlarını etdi . Açılışını həyata keçirilən limonad zavodu, aqropark logistika mərkəzi, Azərxalçanın filialı, süni mayalanma mərkəzi, baytarlıq mərkəzi və.s müəssisələr regionların istehsal gücünün artmasının göstəricisidir. Gədəbəy limonad zavodunun məhsullarının ixracı ilə əlaqədar xarici ölkələrlə müqavilələr də imzalanıbdır. Ümumiyyətlə Azərbaycanın hər bir regionunda kənd təsərrüfatı məhsullarının istehsalı və emalı müəsisələrinin yaradılması geniş vüsət alıb. Ölkədə 40 aqropark kompleksinin yaradılmasının nəzərdə tutulması və icrası ölkədə ərzaq təhlükəsizliyini təmin etməklə, əhalini etibarlı kənd təsərrüfatı məhsulları ilə təminatını həyata keçirəcək. Həm də yüksək standartlarla istehsal olunmuş məhsullar xarici bazarlara ayaq açmağa başlayacaqdır. Cari ilin 6 ayında kənd təsərrüfatı məhsulların ixracının ötən dövrlə müqayisədə 40 % artması, Azərbaycanda kənd təsərrüfatı sahəsində yaxın gələcəkdə böyük nəticələrin əldə ediləcəyindən xəbər verir. İstehsal olunan məhsullar, "Made in Azerbaycan" brendi ilə xarici bazarlara çıxarılacaq və bu da ilk növbədə Azərbaycan brendini dünyada tanıdacaq. Kənd təsərrüfatı məhsullarının müasir inovasiya və elmi əsaslarla istehsalı, emalı, və ixracı regionlarda işsizlik problemini aradan qaldıracaq, ölkənin ərzaq təminatını təmin edəcək və ixrac olunan mallardan valyuta axının olması manatın gücünü daha da artıracaq. Bu da ümumilikdə ölkə iqtisadiyyatının inkişafı və insanların yaxşı yaşamasının təminatı deməkdir".