Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolu yenidən qurulur İqtisadiyyat

Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolu yenidən qurulur

Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun yenidən qurulması davam edir. "Azəravtoyol" ASC-dən verilən məlumata görə, 2 hərəkət zolaqlı olan yolun uzunluğu 19.5 km, eni isə 8-10 metr arası dəyişir. Layihə çərçivəsində yolun Balaxanı qəsəbəsindən keşən 4.5 km-lik hissəsinə artıq 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənib. Hazırda yolun "Təmiz Şəhər" ASC-nin qarşısından Mehdiabad qəsəbəsinədək olan 5.5 km-lik hissəsinin asfaltlanması işləri görülür. Növbəti mərhələdə isə sözügedən yolun Mehdiabad-Binəqədi hissəsinin yenidən qurulmasına başlanılacaq. Ümumilikdə yola 12 sm qalınlığında 175 min kv m. yeni asfalt örtüyü döşənəcək.
Yenidənqurma işləri zamanı yolun köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, zəruri olan yerlərdə yolun yararsız qruntu qazılaraq çıxarılır, bunun əvəzinə yararlı material tökülərək yenidən kipləşdirmə işləri görülür. Layihəyə uyğun olaraq vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə yolun yaşayış məntəqələrindən keçən hissələrində 1.5 m enində yeni piyada səkiləri inşa olunacaq, kənarlarına isə səki daşları düzüləcək. Tikinti işləri yekunlaşdırıldıqdan sonra zəruri olan yerlərə 100 ədəd yağış sularının kənarlaşdırması üçün yağış barmaqlıqları qoyulacaq, 150 ədəd yol nişanı və məlumatverici lövhə quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlərinin çəklişi işləri aparılacaq.
Qeyd edək ki, Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolu bu il reallaşdırılan 40 kənd və qəsəbələrarası avtomobil yolu layihəsi çərçivəsində yenidən qurulur. Yolun yenidən qurulması bir-neçə qəsəbəni birləşdirməklə həm yol boyu yerləşən qəsəbələrin on minlərlə sakinin, həm də bu yoldan istifadə edən digər vətəndaşların rahat gediş-gəlişini təmin edəcək, yük və sərnişin daşımasını asanlaşdıracaq.