“Vegi güzəştlərı kənd təsərrüfatı məhsullarının birbaşa istehsalı ilə məşğul olanlara tətbiq edilir” İqtisadiyyat

“Vegi güzəştlərı kənd təsərrüfatı məhsullarının birbaşa istehsalı ilə məşğul olanlara tətbiq edilir”

Nicat İmanov: "Kənd təsərrüfatı məhsullarının tədarük qaydasında alqı-satqısını həyata keçirən şəxslər kənd təsərrüfatı məhsullarının istehsalçıları hesab edilmir"
Qeyri-neft sektorunun prioritet sahəsi hesab edilən kənd təsərrüfatının inkişafı, məhsul istehsalının və satışının stimullaşdırılması, habelə ərzaq təhlükəsizliyinin təmin edilməsi Azərbaycan dövlətinin sosial-iqtisadi siyasətinin əsasını təşkil edir. Müşahidələr göstərir ki, aqrar sektorun vergiyə cəlb olunması ilə bağlı vergi ödəyiciləri tərəfindən bir sıra suallar yaranır. Vergilər Nazirliyinin vergi siyasəti və strateji araşdırmalar departamenti baş direktorunun müavini Nicat İmanov "Trend"in bu barədə suallarına cavab verib (ixtisarla).
- Söhbətimizə Vergi Məcəlləsində edilmiş son dəyişikliklərdə müəyyənləşdirilmiş anlayışlardan başlayaq: kənd təsərrüfatı məhsullarının istehsalı və satışı anlayışları özündə hansı vacib şərtləri birləşdirir?
- Kənd təsərrüfatı məhsullarının istehsalçıları 1999-cu ildən torpaq vergisi istisna olmaqla, Vergi Məcəlləsi ilə müəyyən edilmiş digər vergilərin ödənilməsindən azad edilmişdir və bu güzəştlər kənd təsərrüfatı məhsullarının birbaşa istehsalı ilə məşğul olan şəxslərə tətbiq edilir. Həmin şəxslər həm də istehsal etdikləri kənd təsərrüfatı məhsullarının emalı ilə məşğul olurlar. Bunlarla yanaşı, kənd təsərrüfatı məhsullarının istehsalçısı olmayan şəxslər tərəfindən istehsalçılardan tədarük edilərək digər şəxslərə satılması, habelə hər hansı formada emal edilməklə satılması ümumi qaydada vergiyə cəlb edilir. Bu sahələrdə yaranan fikir ayrılığı və mübahisələrin aradan qaldırılması üçün kənd təsərrüfatı məhsullarının istehsalçılarına tətbiq edilən vergi güzəştlərinin əhatə dairəsini dəqiq müəyyənləşdirmək məqsədilə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üzrə sərhədlərin müəyyən edilməsinə zərurət yaranmış və ötən ilin sonunda Vergi Məcəlləsinə müvafiq dəyişikliklər edilərək Vergi Məcəlləsinə kənd təsərrüfatı məhsullarının istehsalı və satışı anlayışı əlavə edilmişdir.
Vergi Məcəlləsinin 13.2.60-cı və 13.2.61-ci maddələrinə əsasən kənd təsərrüfatı məhsullarının istehsalı anlayışı özündə sənaye üsulu da daxil olmaqla heyvanların və quşların yetişdirilməsini, bəslənməsini, diri şəkildə olarkən onlardan məhsulların ilkin formada, yarımfabrikat kimi istifadə olunaraq yeni məhsula çevrilmədən, kimyəvi tərkibi dəyişdirilmədən, konservləşdirilmədən əldə edilməsini, kənd təsərrüfatı məhsullarının satışı sənaye üsulu ilə, xüsusi broyler təsərrüfatlarında, avtomatlaşdırılmış tövlə sistemlərində və digər yerlərdə istehsal olunan canlıların diri şəkildə, habelə onlardan diri şəkildə olarkən əldə edilmiş məhsulların ilkin formada, heç bir kimyəvi təsirə məruz qalmadan təqdim edilməsini nəzərdə tutur.
- Vergi ödəyicisi həm özünün istehsal etdiyi, həm də digər şəxslərdən aldığı kənd təsərrüfatı məhsullarının satışı ilə məşğul olarkən vergi öhdəliklərini necə yerinə yetirməlidir?
- Vergi Məcəlləsinin müddəalarına əsasən, kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən, sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyələr mənfəət (gəlir) vergisindən, əlavə dəyər vergisindən, sadələşdirilmiş sistem üzrə vergidən və həmin fəaliyyət prosesində istifadə olunan obyektlərin əmlak vergisini ödəməkdən azad edilmişdir.
Buna əsasən kənd təsərrüfatı məhsullarının istehsalçılarının özlərinin istehsal etdikləri və emal məhsulu olmayan malların satışı üzrə əldə etdiyi gəlirləri mənfəət (gəlir) vergisindən, əlavə dəyər vergisindən, sadələşdirilmiş sistem üzrə vergidən azaddır. Lakin istehsalçı istehsal etdiyi kənd tərəsərrüfatı məhsullarından emal məhsulu formalaşdırırsa (məsələn, yetişdirilmiş mal-qaranın kəsilərək ət şəklində satışı, becərilmiş meyvələrin qurudularaq satışı), həmin emal məhsullarına görə ümumi qaydada seçdiyi vergitutma metodundan (mənfəət (gəlir vergisi) və ya sadələşdirilmiş vergi) asılı olaraq müvafiq vergiləri hesablayıb dövlət büdcəsinə ödəməlidir.
Bunlarla yanaşı, vergi ödəyicisinin digər şəxslərdən aldığı kənd təsərrüfatı məhsullarının satışı onun istehsal etdiyi kənd təsərrüfatı məhsulu hesab edilmir və həmin məhsulların satışından əldə olunan gəlirlərdən ümumi qaydada vergilər hesablanıb dövlət büdcəsinə ödənilir. Göründüyü kimi, kənd təsərrüfatı məhsullarının tədarük qaydasında alqı-satqısını həyata keçirən şəxslər kənd təsərrüfatı məhsullarının istehsalçıları hesab edilmir və onlara bu sahə üzrə nəzərdə tutulmuş vergi güzəştləri tətbiq edilmir.
- Kənd təsərrüfatı məhsullarının bazarlarda, yarmarkalarda və səyyar qaydada satışı zamanı hansı vergi öhdəlikləri yaranır?
- Kənd təsərrüfatı məhsullarının bazarlarda, yarmarkalarda və səyyar qaydada satışından əldə edilən gəlirlər sadələşdirilmiş vergitutma metodu tətbiq edildiyi halda təqdim edilmiş mallara görə hasilatın həcmindən (xərclər çıxılmadan) Bakı şəhərində 4 faiz dərəcə ilə hesablanır. Gəlir vergisi metodu tətbiq edildiyi halda isə təqdim edilmiş mallara görə əldə olunan gəlirdən təqdim olunan malların alınmasına çəkilən xərclər, habelə qanunla nəzərdə tutulmuş icbari ödənişlər çıxıldıqdan sonra 20 faiz dərəcə ilə gəlir vergisi hesablanır.
Bununla yanaşı, bazarlarda, yarmarkalarda və səyyar qaydada kənd təsərrüfatı məhsullarının satışı həyata keçirildikdə bu malların alıcılarına qəbz və ya digər ciddi hesabat blankı təqdim edilməli və həmin blanklarda qanunvericiliklə müəyyən edilmiş məlumatlar əks olunmalıdır.
- Kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı ƏDV-nin ticarət əlavəsindən hesablanması necə aparılır?
- Məlum olduğu kimi, kiçik və orta sahibkarlığın inkişafı, istehlakçıların üzərindəki vergi yükünün azaldılması məqsədilə qanunvericiliyə edilmiş dəyişikliklərə əsasən tədarük qaydasında kənd təsərrüfatı məhsullarının istehsalçılarından alınmış kənd təsərrüfatı məhsulları əhaliyə satılarkən ƏDV həmin məhsulların tam dəyərindən deyil, onların alış və satış qiyməti arasındakı fərq olan ticarət əlavəsindən hesablanılır. Yəni sahibkar 100 manatlıq kənd təsərrüfatı malını istehlakçıya ƏDV-siz 120 manata satdıqda ƏDV-ni 20 manatdan hesablayır. Lakin qanunvericilik bu qaydada ƏDV-nin hesablanması üçün sahibkar tərəfindən həmin malların uçotunun ayrılıqda aparılmasını şərtləndirir. Belə ki, sahibkar həm kənd təsərrüfatı məhsullarının istehsalçısından birbaşa malı alaraq müştəriyə sata bilər, həm də belə malları idxal edərək və ya digər tədarükçü topdansatış fəaliyyəti ilə məşğul olan şəxslərdən alaraq müştərilərə sata bilər. Bu mallar üzrə uçot ayrılıqda aparılmadığı halda bütün məhsulların ümumi dəyərindən ƏDV hesablanmış olacaqdır.
- Təyinatı üzrə istifadə edilməyən kənd təsərrüfatı torpaqları necə müəyyənləşdirilir? Bu cür torpaqlar üzrə torpaq vergisinin dərəcəsi necə müəyyən olunur və bu sahədə vəziyyət necədir?
- Təyinatı üzrə istifadə edilən və ya istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilən arayışa əsasən müəyyən edilir. Həmin arayışda torpaqların üzrlü və ya üzrsüz səbəbdən istifadə edilməməsi göstərilir. Bu arayışlardakı məlumatlar əsasında həmin torpaqlar üzrə vergilər təyinatı üzrə istifadə edilən və ya irriqasiya, meliorasiya və digər aqrotexniki səbəblərdən təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi 1 şərti bal üçün 0,06 manat, qeyd olunan torpaqlar istisna olmaqla təyinatı üzrə istifadə olunmayan kənd təsərrüfatı təyinatlı torpaqların hər 100 kvadratmetrinə görə 2 manat məbləğində müəyyən edilməklə hesablanır.
Məlumat üçün bildirim ki, ölkə başçısının 1 iyun 2016-cı il tarixli 928 nömrəli Fərmanında təyinatı üzrə istifadə edilən və ya təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqlarının müəyyən edilməsi meyarlarının və qaydasının dəqiqləşdirilməsi Nazirlər Kabinetinə tapşırılmışdır. Bu məqsədlə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən hazırlanmış "Təyinatı üzrə istifadə edilən və ya təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqlarının müəyyən edilməsi meyarları və qaydasının təsdiq edilməsi haqqında" Qərar layihəsinə Vergilər Nazirliyi tərəfindən təkliflər verilmiş, görüşlər keçirilmiş və qarşılıqlı müzakirələr aparılmışdır. Kənd Təsərrüfatı Nazirliyi tərəfindən fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan kənd təsərrüfatı təyinatlı torpaqlar barədə aktual elektron məlumat bazasının formalaşdırılması yekunlaşdıqdan, torpaqlar və onların mülkiyyətçiləri (və ya istifadəçiləri) barədə məlumatlar həmin elektron məlumat bazasına daxil edildikdən sonra vergilərin düzgün hesablanması məqsədilə Vergilər Nazirliyi və bələdiyyələr real vaxt rejimində, məhdudiyyətsiz və fasiləsiz çıxış əldə etmiş olacaqlar.
- Kənd təsərrüfatının inkişafı, bu sahədə investisiya qoyuluşlarına əlverişli imkanların yaradılması üçün hansı gğzəştlər mövcuddur?
- Məlum olduğu kimi, Vergilər Nazirliyi Azərbaycan Respublikasında aparılan vahid maliyyə və büdcə siyasəti çərçivəsində dövlət vergi siyasətinin həyata keçirilməsini, dövlət büdcəsinə vergilərin və digər daxilolmaların vaxtında və tam yığılmasını təmin edən və bu sahədə dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
Kənd təsərrüfatı məhsullarının istehsalçılarına müvafiq vergi güzəştlərinin verilməsi kənd təsərrüfatının əsaslı şəkildə inkişafını və bu sahəyə investisiya qoyuluşlarının artırılmasını təşviq etmişdir. Deyildiyi kimi, kənd təsərrüfatı məhsullarının istehsalçılarına 1999-cu ildən müvafiq vergilər üzrə güzəştlər tətbiq edilir: vergi qanunvericiliyinə əsasən kənd təsərrüfatı məhsullarının istehsalçıları torpaq vergisi istisna olmaqla 2019-cu ilin 1 yanvar tarixinədək Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş mənfəət vergisini, gəlir vergisini, əlavə dəyər vergisini, sadələşdirilmiş sistem üzrə vergini və həmin fəaliyyət prosesində istifadə olunan obyektlərdən əmlak vergisini ödəməkdən azad edilmişdir.