Vergilər Nazirliyi “Thomson Reuters” şirkəti ilə əməkdaşlığa başlayıb İqtisadiyyat

Vergilər Nazirliyi “Thomson Reuters” şirkəti ilə əməkdaşlığa başlayıb

Vergilər Nazirliyi transfer qiymətləndirmə sahəsində beynəlxalq "Thomson Reuters" şirkəti ilə əməkdaşlığa başlayıb. Bu barədə nazirliyin Beynəlxalq əməkdaşlıq və maliyyə institutlarında vergi monitorinqi departamentinin baş direktoru Zaur Fətizadə deyib. Baş direktor vurğulayıb ki, transfer qiymətlərində müqayisəli məlumatların (qiymətlərin) əldə olunması mühüm məsələdir: "Bu cür məlumat mənbələrinin ən mühüm komponentlərindən biri mövcud beynəlxalq və regional məlumat bazalarına çıxış imkanı əldə etməkdir". Onun sözlərinə görə, dünyada transfer qiymətləndirməsi sahəsində fəaliyyət göstərən bu şirkətlə bağlanmış müqavilə bir sıra əsas baza moduluna giriş imkanı yaradır və sözügedən bazadan istifadə olunmaqla mövcud metodlar əsasında qiymətləri müqayisə etmək mümkündür.
Nəzərə çatdırılıb ki, məlumat bazalarında adətən müəssisələrin maliyyə göstəriciləri, o cümlədən müəssisələrin dövriyyəsi, aktivlərin həcmi, işçilərin sayı, səhmlərin qiymət və indeksləri, müəssisələrin təşkilati strukturu, investorlar və törəmə müəssisələr haqqında məlumatlar, əlaqə vasitələri və digər lazımi informasiyalar göstərilir. Həmçinin qeyd olunub ki, bu günlərdə "Thomson Reuters" şirkətinin regional nümayəndəsi tərəfindən Vergilər Nazirliyində 50-yə yaxın vergi əməkdaşının iştirakı ilə xüsusi təlimlər keçirilib. Təlimdə "Thomson Reuters" informasiya sisteminin istifadə qaydaları öyrənilib və iştirakçılara müvafiq sertifikatlar təqdim olunub. Oktyabr ayında daha bir təlimin keçirilməsi nəzərdə tutulur.