Xarici valyuta əməliyyatlarının aparılması qaydaları dəyişib İqtisadiyyat

Xarici valyuta əməliyyatlarının aparılması qaydaları dəyişib

"Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları"nda dəyişikliklər edilib. Artıq qabaqcadan ödənişin aparıldığı gündən 180 gün deyil, 270 gün müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim olunmalıdır. Qaydalara edilən əlavəyə əsasən, malların respublikanın gömrük ərazisinə gətirilmədən üçüncü ölkəyə göndərilməsi üzrə rezidentlərin və qeyri-rezidentlərin vasitəçilik fəaliyyəti ilə bağlı köçürmələrin məbləği vasitəçinin müvəkkil bankdakı hesabına mal alan tərəfindən əvvəlcədən köçürülən məbləğdən artıq olmamalı və vasitəçilik fəaliyyətini təsdiq edən müvafiq müqavilə (müqavilələr) banka təqdim edilməlidir. Rezidentlər tərəfindən beynəlxalq tenderlərin nəticələrinə müvafiq olaraq həyata keçirdikləri layihələrlə bağlı malların layihə həyata keçirilən xarici ölkəyə tədarük edilməsi məqsədilə köçürmələr rezidentin tenderdə iştirakını təsdiq edən sənəd və tender nəticəsində bağlanmış müqavilə, həmçinin malların tədarük edilməsi məqsədilə üçüncü tərəflə bağlanılan müqavilə, hesab-faktura və ya ödənişin təyinatını, məbləğini və alınan mallar barədə məlumatı özündə əks etdirən digər sənəd banka təqdim edilməklə həyata keçirilməlidir.
Eyni zamanda, rezidentlər və qeyri-rezidentlər tərəfindən əmək müqaviləsi ilə xaricdən işə cəlb edilmiş qeyri-rezidentlərə əməkhaqqının ödənilməsi, eləcə də bu əsaslar üzrə qeyri-rezidentlərin müvəkkil bankdakı hesabına köçürülmüş vəsaitin həmin qeyri-rezidentlər tərəfindən xaricə göndərilməsi ilə bağlı köçürmələr əməkhaqqının ödənilməsi şərtləri və məbləğini əks etdirən müqavilə və ya işəgötürən tərəfindən həmin vəsaitin qeyri-rezidentin hesabına mədaxil edilməsini təsdiq edən bank sənədi, yaxud ödəniş günü üçün Elektron Hökumət Portalından onun iş yeri və əməkhaqqı barədə arayış əsasında aparılmalıdır. İdman yarışlarının nəticələrinə görə qeyri-rezidentlərə ödənilən mükafat və digər haqlarla bağlı köçürmələr müvafiq məbləğlərin ödənilməsini təsdiq edən sənəd banka təqdim edilməklə aparılmalıdır.