SOCAR və Norveçin “Equinor“ şirkəti iki saziş imzaladı İqtisadiyyat

SOCAR və Norveçin “Equinor“ şirkəti iki saziş imzaladı

"Qarabağ"da ilk hasilat 2021-ci ildə nəzərdə tutulur

Mayın 30-da Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Norveçin Equinor qrupunun bir hissəsi olan Statoil Azərbaycan şirkəti "Xəzər dənizinin Azərbaycan sektorunda "Qarabağ" neft yatağının işlənməsi ilə əlaqədar risk xidməti" (RXS) və "Xəzər dənizinin Azərbaycan sektorunda Əşrəfi-Dan Ulduzu-Aypara sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü" (HPBS) haqqında sazişləri imzalayıblar. Sazişləri SOCAR-ın prezidenti Rövnəq Abdullayev və Equinor qrupun yataqların kəşfiyyatı üzrə icraçı vitse-prezidenti Tim Dodson imzalayıblar.
"Qarabağ" yatağında kəşfiyyat qazması cari ildə planlaşdırılır. Hazırkı Risk Xidməti Sazişinə əsasən, yataqda platformanın quraşdırılması və ilk hasilat 2021-ci ildə nəzərdə tutulur. HPBS çərçivəsində isə seysmik kəşfiyyat işlərinin yerinə yetirilməsi və ilk kəşfiyyat quyusunun qazılması nəzərdə tutulur. Layihələrin icrası üçün Statoil və SOCAR tərəfindən 50-50 birgə əməliyyat şirkəti yaradılacaq.
SOCAR prezidenti Rövnəq Abdullayev deyib: "Biz bu gün SOCAR və Equinor arasında əməkdaşlığın yeni mərhələsinə qədəm qoyuruq. 25 illik təcrübəyə əsaslanan tərəfdaşlıq bağları yeni layihələrimizin maksimum səmərə ilə birgə işlənməsi üçün münbit zəmin yaradır. Bu gün imzalanan sazişlər Azərbaycanda neft hasilatının stabilləşməsi və ölkədə təbii qaza artan tələbatın qarşılanması baxımından, o cümlədən emal sənayesinin xammal ilə təchiz edilməsi üçün mühüm əhəmiyyət kəsb edir".
Equinor qrupunun prezidenti və baş icraçı direktoru Eldar Saetre deyib: "Bu gün imzalanan sazişlər regionda növbəti məntiqli addımımızdır. Bu, bizim məhsuldar hövzələrdə mövqeyimizi möhkəmləndirəcək və inkişaf istiqamətlərini müəyyənləşdirəcək. Yataqlar bizim yaxşı tanıdığımız bir hövzədə AÇG yatağının yaxınlığında yerləşir. Biz SOCAR ilə birlikdə bu yeni kəşfiyyat layihələri üzrə işləməyi planlaşdırırıq."
Xatıqladaq ki, "Qarabağ" perspektivli dəniz strukturu kimi 1959-cu ildə seysmik kəşfiyyat işləri nəticəsində aşkar edilib, 1984-cü ildə dəqiqləşdirilib və 1997-1998-ci illərdə kəşfiyyat qazması nəticəsində neft-qazlılığı təsdiqlənib. Yataq Bakıdan şərq istiqamətində 120 kilometr aralı, açıq dənizin 150-200 metr dərinliyində yerləşir. "Dan Ulduzu" və "Əşrəfi" perspektiv strukturları Xəzər dənizində, Bakıdan şimal-şərqə doğru 100-110 kilometr məsafədə yerləşir. Burada dənizin dərinliyi 80-180 metrdir. "Aypara" sahəsi Bakı şəhərindən 90 kilometr şimal-şərqdə, açıq dənizdə yerləşir, 1980-ci ildə seysmik kəşfiyyat işləri nəticəsində aşkar edilib.