İvanovkalı arıçı: “Balın keyfiyyəti arıçının vicdanıdır” İqtisadiyyat

İvanovkalı arıçı: “Balın keyfiyyəti arıçının vicdanıdır”

Kəndimizdə heyvandarlıq və arıçılıqla məşğul oluram. Arıçılığa daha çox diqqət yetirirəm. Bu sahədə ən müasir metodlardan istifadəyə üstünlük verirəm. Bunlardan biri də bir neçə arı ailəsinin bir yerdə saxlanmasıdır. AZƏRTAC xəbər verir ki, bu fikirləri Kənd Təsərrüfatı Nazirliyi yanında Fermerlər Şurasının İdarə Heyətinin üzvü, İsmayıllı rayonunun İvanovka kəndində kənd təsərrüfatı ilə məşğul olan fermer İvan Kazakov deyib.
Fermer İvanovkada ən böyük problemlərdən birinin gənclərin şəhərə axını olduğunu bildirib: "İvanovka kəndində qarşılaşdığımız ən mühüm problem gənclərin şəhərə üz tutmasıdır. Artıq biz fermerləri qocalar və gənclərə ayırırlar. Mənə elə gəlir ki, kənd təsərrüfatında çalışa biləcək peşəkar ixtisas sahiblərinin yetişdirilməsi və bu prosesin texniki peşə məktəblərində aparılması çox vacibdir. Bir vaxtlar texniki peşə məktəbləri aqrar sektorda müxtəlif sahələr üzrə kadrların hazırlanmasında böyük rol oynayırdı".
İvan Kazakov Arıçılar Assosiasiyasının yaradılmasını müsbət addım kimi qiymətləndirir: "Bu, çox müsbət hadisədir. Biz öz həmkarlarımızla məsləhətləşir və fikir mübadiləsi aparırıq. Havaların isti keçməsi bal məhsuldarlığının səviyyəsinə də təsir göstərir. Çalışırıq ki, ilk olaraq may-iyun aylarında, sonra isə iyul-avqust aylarında daha çox məhsul götürək. Çünki bizim bölgənin təbii iqlim şəraiti bunu tələb edir. Müştərilərimiz "Kazakov və oğulları" adı altında satılan bal məhsullarımızı yaxşı tanıyırlar. İsmayıllı rayonunda hasil etdiyimiz balı Bakı şəhərindəki mağazalar vasitəsilə satışa çıxarırıq. Bu, artıq bir brenddir. Bizim balımız laboratoriyalarda aparılan analizlərin nəticələrinə görə ən keyfiyyətli bal sayılır". İvanovkalı fermer balın keyfiyyətində coğrafi şərait və qulluqla yanaşı, arıçının yanaşmasının da rol oynadığını deyir: "Biz ailə üzvlərimiz arasında belə bir söz işlədirik - balın keyfiyyəti arıçının vicdanıdır. Bu, doğrudan da belədir".