Yaxın iki ildə neftin qiyməti necə olacaq? İqtisadiyyat

Yaxın iki ildə neftin qiyməti necə olacaq?

Dünya Bankı yaxın iki il üçün neftin orta qiyməti barədə öz proqnozunu azaldaraq 1 barrel üçün 67 dollara endirib. Bu, Dünya Bankının dekabrda elan etdiyi proqnozdan 4 dollar aşağıdır. Bu məlumat Bankın yanvar ayı üçün "Dünya iqtisadiyyatının perspektivləri" adlı məruzəsində açıqlanıb. Məruzədə qeyd edilir ki, Dünya Bankının 2018-ci il iyun ayında dərc olunmuş məruzəsində yaxın 3 ildə neftin 1 barrelinin orta qiymətinin 1 barrel üçün 69 dollar, dekabr ayında dərc olunmuş məruzədə isə 71 dollar səviyyəsində olacağı proqnozlaşdırılırdı.
Məruzədə deyilir: "2019-cu və 2020-ci illərdə neftin 1 barrelinin qiymətinin 67 dollar həddində olacağı gözlənilir. Bu, iyun ayında gözlənildiyindən 2 dollar aşağıdır". Daha sonra qeyd edilir ki, bu proqnozlar, əvvəlki kimi çox qeyri-müəyyəndir. Bankın analitikləri deyirlər: "Neftə tələbatın artması gözlənilən bir vaxtda iqtisadi cəhətdən inkişaf etməkdə olan ölkələrin bazarlarında ÜDM artımının zəifləməsi üzündən bu tələbatın azalması gözlənildiyindən daha ciddi nəticə verə bilər". Daha sonra bildirilir ki, bu vəziyyət həm də OPEK üzvü olan ölkələrin və onların tərəfdaşlarının neft hasilatı barədə necə razılığa gələcəyindən asılıdır.