Özbəkistanla ticarət dövriyyəsi artır İqtisadiyyat

Özbəkistanla ticarət dövriyyəsi artır

Bu ilin 8 ayında Azərbaycanla Özbəkistanın ticarət dövriyyəsi 63 faiz artıb. İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, iqtisadiyyat naziri Şahin Mustafayev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VII Zirvə Toplantısında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Özbəkistanın İnvestisiyalar və Xarici Ticarət naziri Sardor Umurzakovla görüşüb. Görüşdə Ş.Mustafayev Azərbaycan və Özbəkistan arasında əlaqələrin yüksək səviyyədə olduğunu, dövlət başçılarının qarşılıqlı rəsmi səfərlərinin, aparılan danışıqların ikitərəfli əməkdaşlığın inkişafında mühüm əhəmiyyətini vurğulayıb. İqtisadiyyat naziri Özbəkistanın TDƏŞ-də təmsil olunmaq qərarının Şura üzvü olan ölkələrlə, o cümlədən Azərbaycanla əlaqələrin inkişafı baxımından rolunu qeyd edib.
Bildirilib ki, hazırda Azərbaycanda tranzit, ticarət, sənaye və xidmət sahələrində Özbəkistan kapitallı 30-dək şirkət fəaliyyət göstərir. 2018-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 46 faizdən çox, bu ilin 8 ayında isə 63 faiz artıb. Azərbaycan və Özbəkistan arasında möhkəm müqavilə-hüquq bazası yaradılıb, müxtəlif sahələri əhatə edən 110-dan çox sənəd imzalanıb. Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya əməkdaşlığın genişləndirilməsində əlverişli platformadır.
İqtisadiyyat naziri ölkələrimiz arasında sənaye, kənd təsərrüfatı, turizm, ticarət, investisiya və sair sahələrdə əlaqələrin genişləndirilməsi imkanlarını diqqətə çatdırıb. Qeyri-neft sektorunun ölkə iqtisadiyyatının prioritet istiqaməti olduğunu qeyd edən Ş.Mustafayev iş adamlarının ölkəmizdə fəaliyyəti üçün yaradılan əlverişli şərait, sənaye parklarında və məhəllələrində rezidentlərə tətbiq edilən güzəştlər barədə məlumat verib, Özbəkistan iş adamlarını birgə fəaliyyətə dəvət edib.
Özbəkistanın İnvestisiyalar və Xarici Ticarət naziri S.Umurzakov ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verdiyini vurğulayıb, işgüzar görüşlərin, aparılan müzakirələrin, biznes forumların əlaqələrin inkişafında rolunu qeyd edib. O, Özbəkistan iş adamlarının Azərbaycanlı tərəfdaşları ilə əməkdaşlığın genişləndirilməsində marağını, bu məqsədlə iş adamlarının da daxil olduğu nümayəndə heyətinin Bakıda səfərdə olduğunu diqqətə çatdırıb. Görüşdə iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi məqsədilə Birgə İşçi Qrupun yaradılması, Azərbaycanda Özbəkistanın investisiya imkanlarına dair təqdimatın keçirilməsi, müxtəlif sahələrdə, o cümlədən turizm, maşınqayırma, pambıqçılıq sahələrində qarşılıqlı təcrübə mübadiləsinin həyata keçirilməsi və sair məsələlər müzakirə edilib.
Özbəkistan Mərkəzi Asiya ölkələrini Şərqi Avropa ilə birləşdirən yeni nəqliyyat dəhlizlərinin yaradılmasında maraqlıdır. Özbək nazir qeyd edib ki, Mərkəzi Asiyadan, Türkiyədən və Azərbaycandan keçməklə Şərqi Avropa ölkələrini birləşdirən yeni nəqliyyat dəhlizlərinin yaradılmasi, nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsi üçün mühüm töhfə ola bilər.