KOB könüllüləri işlə təmin edilib İqtisadiyyat

KOB könüllüləri işlə təmin edilib

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) könüllülük fəaliyyətini uğurla başa vurmuş daha 5 “KOB könüllüsü” müxtəlif sahələrdə əmək fəaliyyətinə başlayıb.
Agentliyin “KOB Dostu”nun Qəbələ-Oğuz ofisində fəaliyyət göstərən 4 könüllü Qəbələdə, Şamaxı “KOB Dostu”nun könüllüsü isə Ağsuda müvafiq işlə təmin edilib.
Məlumat üçün bildirək ki, gənclərin bilik və bacarıqlarının, dünyagörüşünün artırılması, peşəkar əmək fəaliyyətinə başlayanadək əmək vərdişlərinin aşılanması, eləcə də sahibkarlara dəstək məqsədilə gənc mütəxəssislərin və tələbələrin sahibkarlığa könüllü olaraq cəlb edilməsi üçün Agentlikdə "KOB Könüllüləri Proqramı" həyata keçirilir. Hazırda 25 gənc Agentlikdə və ölkənin 16 şəhər və rayonunda fəaliyyət göstərən "KOB Dostu" şəbəkəsində könüllü olaraq fəaliyyət göstərir. Onların əksəriyyəti iqtisadiyyat, biznes, idarəetmə sahəsində müxtəlif ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan gənclərdir. Ümumilikdə indiyədək 70-ə yaxın gənc "KOB Könüllüləri Proqramı" çərçivəsində Agentlikdə könüllü fəaliyyətinə cəlb edilib. Onlardan 45-i proqramı uğurla başa vuraraq məzun olub. Könüllülük fəaliyyəti müddətində gənclər müvafiq təcrübə əldə etməklə karyera imkanlarını genişləndirir və uğurla əmək bazarına daxil olurlar.