Avropa İttifaqından Vergilər Nazirliyinə dəstək İqtisadiyyat

Avropa İttifaqından Vergilər Nazirliyinə dəstək

İnsan resurslarının inkişafı ilə bağlı tvinninq layihəsi təqdim olundu

Tərlan

Sentyabrın 24-də Avropa İttifaqının Qonşuluq Siyasəti çərçivəsində "İnsan resurslarının inkişafı sahəsində Azərbaycan Vergilər Nazirliyinə dəstək" Tvinninq layihəsinin təqdimatı keçirilib. Vergilər Nazirliyinin məlumatına görə, vergilər naziri Fazil Məmmədov təqdimat mərasimini giriş sözü ilə açaraq, tvinninq layihəsinin həyata keçirilməsinə yardımçı olan Avropa İttifaqına, onun Azərbaycandakı nümayəndəliyinə minnətdarlığını bildirib.
Tədbirə moderatorluq edən Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə sürətlə inkişaf edən ölkə iqtisadiyyatına uyğun vergi inzibatçılığının formalaşdırılmasında bu sahədə çalışan insanların peşə hazırlığı səviyyəsinin daim yüksəldilməsinin vacibliyinə toxunaraq, Vergilər Nazirliyində son illər bir çox mütərəqqi layihələr, o cümlədən Avropa İttifaqının dəstəyi ilə elektron audit layihəsinin uğurla həyata keçirildiyini, bu gün də Avropa İttifaqı ilə yeni bir tvinninq layihəsinə start verilməsini yüksək qiymətləndirib.
Təqdimat mərasimində çıxış edən vergilər nazirinin müavini Sahib Ələkbərov qeyd edib ki, Vergilər Nazirliyi milli vergi qanunvericiliyinin və vergi inzibatçılığının təkmilləşdirilməsinə xüsusi önəm verir və daim bu sahədə mövcud olan qabaqcıl beynəlxalq təcrübəni öyrənərək öz işini yüksək dünya və Avropa standartları səviyyəsində qurmağa çalışır. Son illər bu məqsədlə bir sıra iri layihələr reallaşdırılıb. İnsan resurslarının idarə olunması həmişə prioritet məsələlərdən hesab edilir və Vergilər Nazirliyi insan resurslarından səmərəli istifadə olunmasını təmin etmək məqsədilə hələ 2004-cü ildə "Dövlət vergi orqanlarında insan resurslarının inkişafı strategiyasının Konsepsiyası"nı qəbul edib. Konsepsiyada əksini tapmış hədəflərə çatmaq üçün həm daxili, həm də kənar mənbələr hesabına insan resurslarının sistemli şəkildə inkişafının uzunmüddətli strategiyasının hazırlanmasının vacibliyini vurğulayan nazir müavini bildirib ki, işçilərin bilikləri mənimsəməsi, onların motivasiyasının stimullaşdırılması və peşəkar karyera yüksəlişinin təmin olunması üçün şəffaflıq və azad rəqabət prinsipləri əsasında formalaşan, müasir tələblərə və gələcəyə yönəlmiş tənzimləyici normativlər və qaydalar işlənib hazırlanmalıdır.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Malena Mard, Avropa İttifaqı tərəfindən layihə rəhbərləri - İspaniya Maliyyə Nazirliyinin Vergi araşdırmaları mərkəzinin rəhbəri Qonzalo Qomez de Liano və Fransanın Maliyyə Nazirliyinin Şərq Regional Vergi idarəsinin rəhbəri cənab Noel Klaudon, layihənin rezident tvinnninq məsləhətçisi xanım Pilar de Enterria, Vergilər Nazirliyi tərəfindən layihənin rəhbəri, vergilər nazirinin müşaviri Asəf Əsədov təqdimatlarla çıxış edərək layihə barədə ətraflı məlumat veriblər.
Tvinninq layihəsinin 2014-cü il sentyabrın 1-dən başlayaraq İspaniya və Fransanın Vergi Administrasiyaları ilə birgə 2 il müddətində həyata keçirilməsi nəzərdə tutulur. Avropa Komissiyası ekspertlərinin rəylərinə əsasən, onun tətbiqi sayəsində üç əsas nəticə əldə olunacaq. Birincisi, insan resurslarının uzunmüddətli və çoxməqsədli İnkişaf Strategiyası və İnkişaf Planı hazırlanacaq. İkincisi, Vergilər Nazirliyinin insan resurslarının inkişafını və səmərəli idarəetməsinin təmin edilməsi üçün tənzimləyici rol oynayan ən müasir normativ qaydalar və metodoloji rəhbərliklər toplusu hazırlanacaq və tətbiq ediləcək. Üçüncüsü isə insan resurslarının uzunmüddətli İnkişaf Strategiyası və Tədbirlər Planına uyiun olaraq, işçi heyətinin peşəkarlıq səviyyəsinin daim artırılmasını təmin etmək üçün Avropa İttifaqının ən müasir təcrübəsinə uyğun və müasir informasiya texnologiyalarına əsaslanan dayanıqlı təhsil və çoxpilləli treninq sistemi tətbiq ediləcək.
Tədbirə yekun vuran vergilər naziri Fazil Məmmədov Tvinninq proqramlarının əhəmiyyətini qeyd edərək bildirib ki, belə layihələr yalnız texniki yardımı ifadə etmir, eyni zamanda bu yardımı alan və yardım göstərən ölkələrin müvafiq qurumları arasında layihə başa çatdıqdan sonra da davam edən əməkdaşlığı nəzərdə tutur. Bu baxımdan sözügedən layihə həm də Azərbaycanın vergi xidməti ilə Fransa və İspaniya Vergi Administrasiyaları arasında yeni əməkdaşlıqlar üçün imkanlar açacaq.
Tədbirdə Avropa İttifaqının, BMT-nin, Dünya Bankının, Beynəlxalq Maliyyə Korporasiyasının Azərbaycandakı nümayəndələri, Milli Məclisin deputatları, dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının, ali təhsil müəssisələrinin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edib.