Azərbaycan-Bolqarıstan və Azərbaycan-Rusiya əlaqələri İqtisadiyyat

Azərbaycan-Bolqarıstan və Azərbaycan-Rusiya əlaqələri

Şahin Mustafayev nümayəndə heyətləri ilə görüşüb

Tərlan

Fevralın 10-da iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Azərbaycanda səfərdə olan Rusiya Federasiyası hökuməti sədrinin müavini Arkadiy Dvorkoviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. Görüşdə nazir Şahin Mustafayev qarşılıqlı hörmət və faydalı əməkdaşlıq prinsipləri üzərində qurulmuş Azərbaycan-Rusiya əlaqələrinin yüksək səviyyədə olduğunu diqqətə çatdırmışdır. Əlaqələrin genişlənməsində dövlət başçılarının qarşılıqlı səfərləri mühüm əhəmiyyət kəsb edir. Azərbaycan və Rusiya arasında 45-dən çoxu iqtisadi sahədə olmaqla 170-ə yaxın sənəd imzalanmışdır. Azərbaycanla Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyası ölkələrimiz arasında iqtisadi əlaqələrin genişlənməsinə öz töhfəsini verir. Azərbaycan və Rusiya arasında ənənəvi regionlararası forumlar keçirilir və belə tədbirlər ikitərəfli əməkdaşlığın inkişafında faydalıdır. Şahin Mustafayev qeyd etmişdir ki, Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Hazırda Azərbaycanda Rusiya kapitallı 600-ə yaxın şirkət fəaliyyət göstərir. Azərbaycan şirkətləri də Rusiyada uğurla fəaliyyət göstərirlər. Rusiya tərəfindən Azərbaycan iqtisadiyyatına 1,8 mlrd. ABŞ dolları, Azərbaycan tərəfindən isə Rusiya iqtisadiyyatına 2004-2013-cü illərdə 1 mlrd. ABŞ dollarından çox birbaşa investisiya qoyulmuşdur. Azərbaycan və Rusiya Federasiyası arasında əlaqələrin daha da genişləndirilməsi imkanları barədə danışan Şahin Mustafayev kənd təsərrüfatı, maşınqayırma, əczaçılıq və s. sahələrdə əməkdaşlığın inkişafı üçün böyük potensialı diqqətə çatdırmışdır. Bundan başqa, Rusiya şirkətləri Azərbaycanın sənaye parklarında iş adamları üçün yaradılmış əlverişli imkanlardan yararlana bilərlər.
İqtisadiyyat və sənaye naziri Azərbaycanın davamlı və dayanıqlı iqtisadi inkişafı, iqtisadiyyatın müxtəlif sahələrində həyata keçirilən layihələr barədə də məlumat vermişdir.
Bununla belə, nazir Şahin Mustafayev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin regional əməkdaşlığın inkişafına ən ciddi təhdid olduğunu vurğulamışdır.
Rusiya Federasiyası hökuməti sədrinin müavini Arkadiy Dvorkoviç Azərbaycan-Rusiya əlaqələrinin müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə uğurla davam etdiyini bildirmiş, əməkdaşlığının inkişafı üçün hər iki ölkənin böyük potensiala malik olduğunu vurğulamışdır. Mövcud imkanlardan səmərəli istifadənin ikitərəfli əlaqələrin inkişafında əhəmiyyətli olacağını qeyd edən Arkadiy Dvorkoviç ticarət və investisiya sahəsində əməkdaşlığın genişləndirilməsi barədə fikirlərini bölüşmüşdür.
Fevralın 9-da iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Bolqarıstanın iqtisadiyyat naziri Bojidar Lukarskinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşwb. Şahin Mustafayev Azərbaycan və Bolqarıstan arasında əməkdaşlığın inkişaf etdiyini və əlaqələrin genişləndirilməsində qarşılıqlı rəsmi səfərlərin əhəmiyyətini vurğulamışdır. Azərbaycan iqtisadiyyatı barədə məlumat verən Şahin Mustafayev qeyri-neft sektorunun prioritet olduğunu diqqətə çatdırmışdır. Ölkələrimiz arasında kənd təsərrüfatı, emal, qida sənayesi, turizm və s. sahələrdə əməkdaşlıq üçün geniş imkanlar var. Sənaye parklarında tətbiq olunan güzəştlərdən Bolqarıstan sahibkarları da yararlana bilərlər. Azərbaycan şirkətlərinin xarici ölkələrdə həyata keçirilən bir sıra layihələrdə uğurla iştirak etdiyini bildirən İqtisadiyyat və Sənaye naziri investisiya qoyuluşu imkanlarını da qeyd etmişdir.
Bolqarıstanın iqtisadiyyat naziri Bojidar Lukarski ölkəsinin Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulamış, iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq potensialı barədə fikirlərini bölüşmüşdür. Bolqarıstanlı nazir ölkələrimiz arasında iqtisadi əlaqələrinin inkişafı, iş adamları arasında əməkdaşlığın genişləndirilməsi baxımından qarşılıqlı səfərlərin və birgə tədbirlərin əhəmiyyətini qeyd edərək Azərbaycanın iqtisadiyyat və sənaye nazirini, eləcə də iş adamlarını Bolqarıstana dəvət etmişdir. Qarşılıqlı maraq doğuran bir sıra məsələlərin müzakirə olunduğu görüşdə Bolqarıstanın Azərbaycandakı səfiri Maya Hristova da iştirak edib.