“2016-cı ilin dövlət büdcəsində neftin baza qiyməti 50 dollara hesablanacaq” İqtisadiyyat

“2016-cı ilin dövlət büdcəsində neftin baza qiyməti 50 dollara hesablanacaq”

Elman Rüstəmov: "Azərbaycan tam üzən məzənnə siyasətinə keçidə hazır deyil"

Milli Məclisin İqtisadi siyasət komitəsinin dünən keçirilən iclasında Mərkəzi Bankın İdarə Heyətinin indiki sədri Elman Rüstəmovun Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin üzvlüyünə namizədliyini təsdiq edib.
Komitə Mərkəzi Bankın İdarə Heyətinin sədrinin müavini Xaqani Abdullayevin də Mərkəzi Bankının İdarə Heyətinin üzvlüyünə namizədliyini təsdiq edib.
Qeyd edək ki, Elman Rüstəmov 1995-ci ilin yanvarından Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin Sədri vəzifəsinə təyin edilmişdi. Xaqanı Məmmədov isə Mərkəzi Bank sistemində 1997-ci ildən işləyir. 2010-cu ildə isə İdarə Heyətinin üzvü seçilib.
E.Rüstəmovun səlahiyyət müddəti aprelin 6-da başa çatır.
Parlament komitəsində çıxışı zamanı Elman Rüstəmov bildirib ki, Azərbaycan Mərkəzi Bankı ölkədəki makroiqtisadi vəziyyəti və əsas ticarət tərəfdaşlarının öz mili valyutalarını devalvasiya edib-etmədiklərini izləyir.
E. Rüstəmovun sözlərinə görə, Azərbaycan tam üzən məzənnə siyasətinə keçidə tam hazır deyil: "Çünki indiki halda tam üzən məzənnə siyasətinə keçilsə, onda milli iqtisadiyyat çox ziyan çəkə bilər. Məhz buna görə, idarə olunan məzənnə siyasətinə üstünlük verilir. Azərbaycan tam üzən məzənnə siyasətinə keçidə hazır deyil".
Baş bankirin sözlərinə görə, tam üzən məzənnə siyasətinə keçid üçün ölkədə çoxlu sayda valyuta qazanan təşkilatlar olmalıdır: "Hazırda çoxlu valyuta qazanan cəmi üç təşkilat var. Bu Azərbaycan Dövlət Neft Fondu, Mərkəzi Bank və Azərbaycan Dövlət Neft Şirkətidir. Biz tam üzən məzənnə siyasətinə keçsək, bazardan asılı olaraq manat 20-30% ya möhkəmlənə, ya da ucuzlaşa bilər. Bu isə iqtisadiyyatda böyük əsəbilik yarada bilər. Buna görə də, biz tam olaraq üzən məzənnə siyasətinə keçmirik, idarəedilən məzənnə siyasətinə keçmişik".
O həmçinin bildirib ki, Azərbaycan Mərkəzi Bankı manatın məzənnəsində hər-hansı ciddi dəyişiklik gözləmir: "Azərbaycanda kəskin devalvasiya gözlənilmir. Lakin xarici bazarlarda baş verə biləcək hadisələr, xüsusilə neftin qiymətinin kəskin aşağı düşəcəyi halda, manat buna adaptasiya olacaq. Lakin bu gün əksər iri maliyyə institutlarının neftin qiyməti ilə bağlı proqnozları 50-55 dollardır. Neftin hazırkı qiymətləri də uzun müddətdir ki, bu zonada hərəkət edir. Bizim də cari il üzrə neftin qiyməti ilə bağlı hesablamalarımız 50-55 dollar civarındadır".
E. Rüstəmov qeyd edib ki, gələn ilin dövlət büdcəsində neftin baza qiyməti "50 dollara hesablanacaq".