Neftçalanın Birinci Qaralı kəndinə təbii qaz verilib İqtisadiyyat

Neftçalanın Birinci Qaralı kəndinə təbii qaz verilib

Tural

Aprelin 4-də Neftçala rayonunun Birinci Qaralı kəndinə ilk dəfə olaraq təbii qaz verilib. Bu münasibətlə keçirilmiş tədbirdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, SOCAR, "Azəriqaz" İstehsalat Birliyi, Neftçala Rayon İcra Hakimiyyəti rəhbərliyinin və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. SOCAR prezidentinə məlumat verilmişdir ki, 219 abonenti olan Birinci Qaralı kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 19389 metr olan müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, 219 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılmışdır. Kəndə qazın verilişini bildirən rəmzi məşəli alovlandıran Rövnəq Abdullayev bu əlamətdar hadisə münasibəti ilə kənd sakinlərini təbrik etmiş, son illər ölkənin hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülmüş məqsədyönlü tədbirlərdən danışmış, qeyd etmişdir ki, uzun müddət təbii qaz almayan yaşayış məntəqələri sürətli templərlə "mavi yanacaq"la təmin olunur. Rövnəq Abdullayev respublikanın qazlaşdırılması sahəsində həyata keçirilən işlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.