“Rublun bahalaşması müvəqqətidir“ İqtisadiyyat

“Rublun bahalaşması müvəqqətidir“

Natiq Cəfərli: "Rusiyada rublun avro və dollara nisbətən möhkəmlənməsinin əslində bir neçə səbəbi var"

Cavid

Rusiyada avro və dolların rubl qarşısında sürətlə ucuzlaşması Putin hakimiyyətinin sevincinə səbəb olub. Dünən verilən məlumatlara görə, Moskva birjasında avronun məzənnəsi ötən ilin noyabrından bu yana ilk dəfə 59 rubldan aşağı düşüb. Birjalarda avro rubl qarşısında 63 qəpik ucuzlaşaraq 58,93 rubl olub.
Bu gün dollar Rusiyada 2015-ci il ərzində ilk dəfə 55 rubldan aşağı düşüb. 1 ABŞ dolları 80 qəpik ucuzlaşaraq 54,21 rubl olub.
Rusiyada son aylarda rublun məzənnəsində dollar və avroya qarşı bahalaşma qeydə alınır.
Qeyd edək ki, dollar və avronun ucuzlaşmasına səbəb həm "Brent" markalı neftin qiymətinin artması, həmçinin ABŞ-ın dolları ucuzlaşdırma siyasətidir. Hazırda "Brent" markalı neftin qiyməti 59,10 dollardır.
Əksər rus ekspertləri bundan sonra rublun məzənnəsinin möhkəmlənəcəyi və bunun da Rusiya iqtisadiyyatına müsbət təsir göstərəcəyi qənaətindədirlər. Hətta o da sğylənilir ki, Qərb rus rublunu çökdürə bilmədi.
İqtisadçı ekspert Natiq Cəfərli isə son günlər Rusiyada avro və dolların rubl qarşısında sürətlə ucuzlaşmasını şərh edərkən bildirib ki, bu proses uzunmüddətli olmayacaq: "Birincisi, rubl dekabr-yanvar ayında ajiotajla bərabər, kəskin şəkildə ucuzlaşaraq hətta normal bazar dəyərindən də çox aşağı düşmüşdü. İndi bazar o vaxtkı panikanın geri dönüşünü yaşayır. Burada psixoloji amil də var. İkinci amil ondan ibarətdir ki, Rusiyada çox ciddi valyuta ehtiyatları olan böyük şirkətlər var. Həm dövlət, həm də kommersiya şirkətləri xarici ticarətlərini valyuta ilə həyata keçirirlər və onların dollar və avro ilə çox böyük ehtiyatları var. Rusiyada hazırda belə oyunçular çoxdur. Hökumət həmin oyunçulara valyuta ilə olan dövriyyələrinin bir hissəsini mütəmadi olaraq bazara çıxarmaq haqqında göstəriş verib. "Sibneft", "Rosneft", "Qazprom", "Lukoil" kimi bu tipli böyük şirkətlər dollarla olan valyutalarının bir hissəsini birjalara çıxardaraq rubla çevirmək haqqında öhdəlik götürüblər. İndi də mütəmadi bazara çıxardıqları valyuta ehtiyatları rublun möhkəmlənməsinə kömək edir. Əslində bu, çox da böyük və dayanıqlı bir model deyil. Amma hər halda bu gün işləyən modeldir. Hələlik rus rublunun dəyərlənməsi prosesi gedir. Ancaq düşünmürəm ki, bu, uzunmüddətli bir proses olsun".
Ekspertin sözlərinə görə, Rusiyanın özündə də yeni modelin dayanıqlı olacağına dair baxışlar birmənalı deyil: "Rusiya iqtisadiyyatı enerji daşıyıcılarından asılı vəziyyətdədir. Hər şey yaxın 1-2 ayda neftin qiymətinin hansı istiqamətdə dəyişəcəyindən asılı olacaq. Rusiya ekspertləri bildirirlər ki, əgər neftin qiyməti yenidən 40-45 dollara düşərsə, onda rublun indiki möhkəmlənmə prosesi əks trendə dönəcək. Qeyd edim ki, 1 dolların yenidən 60-62 rubl olacağı haqında söhbətlər dolaşır. Hətta Rusiya Mərkəzi Bankının 2015-ci il üçün ortalama gözləntisi təqribən 60-62 rubl ətrafındadır. Yəni Rusiyanın özündə belə gözləntilər var ki, trend dəyişə və gələcəkdə rubl yenidən ucuzlaşa bilər".