“Neft strategiyası sayəsində Azərbaycan Qafqaz regionunun güclü dövlətinə çevrilib” İqtisadiyyat

“Neft strategiyası sayəsində Azərbaycan Qafqaz regionunun güclü dövlətinə çevrilib”

Xoşbəxt Yusifzadə: "Azərbaycanın neft strategiyası ilə bağlı məruzəsini təqdim edib"

"Son 20 il ərzində Azərbaycanın misilsiz inkişaf yolu keçməsinin, quruculuq işləri və böyük dəyişikliklər edilməsinin səbəbi müstəqillik illərində ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu, Prezident İlham Əliyevin uğurla davam etdirdiyi Neft Strategiyasıdır".
"Report" xəbər verir ki, bunu AMEA-nın illik ümumi yığıncağında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) I vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə "Azərbaycanın neft strategiyası və elm" adlı məruzəsini təqdim edərkən deyib.
Onun sözlərinə görə, strategiyanın həyata keçirilməsi sayəsində Azərbaycan Qafqaz regionunun güclü və nüfuzlu dövlətinə, Avropanın enerji təhlükəsizliyində mühüm əhəmiyyət kəsb edən ölkəyə çevrilib.
O, məruzəsində neft strategiyası nəticəsində bir sıra qlobal enerji layihələrinin məhz Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşdığını, strategiyanın iqtisadiyyatın bütün sahələrində gedən inkişafa böyük təkan verdiyini qeyd edib, eyni zamanda strategiyanın formalaşdırıldığı tarixi şərait və onu meydana gətirən amillər barədə məlumat verib.
X.Yusifzadə "Azəri-Çıraq-Günəşli" yataqlarının işlənməsi üzrə "Əsrin müqaviləsi" imzalandıqdan sonra Azərbaycanın neft və qaz sənayesində baş verən dəyişikliklər, neft hasilatının 9 mln. tondan 51 mln. tona çatması, xarici şirkətlərlə daha 33 müqavilənin imzalanması, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin tikilməsi ilə Azərbaycan neftinin Avropa, eləcə də dünya bazarına nəql edilməsi, neftin dövlətin daxili və xarici siyasətində mühüm yer tutması barədə geniş söhbət açıb.
Məruzəçi "Şahdəniz" qaz layihəsinin Azərbaycanı dünyaya böyük miqdarda qaz ixrac edən ölkə kimi tanıtdığını, "Şahdəniz" yatağının ikinci mərhələsi çərçivəsində hasil olunacaq qazın Qərbi Avropaya çatdırılması üçün Cənubi Qafqaz Qaz Kəmərinin (Bakı-Tbilisi-Ərzurum) davamı kimi Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) qaz kəmərləri layihələrinin nəzərdə tutulduğunu bildirib.
O, həmçinin uzun illər neft sənayesindəki məsələlərin həll edilməsi, müxtəlif səpkili araşdırmaların aparılması, layihələrin tərtibi sahəsində AMEA-nın institut və təşkilatları ilə birgə uğurlu əməkdaşlığın əsasının qoyulması, Akademiyanın müəssisələrində və hazırda Neft-Kimya Prosesləri və Geologiya və Geofizika institutları ilə müxtəlif xarakterli tədqiqatların davam etdirilməsindən danışıb, 2011-ci ildə Dövlət Neft Şirkəti ilə AMEA arasında SOCAR-ın Elm Fondunun təsis olunmasının Azərbaycanda elmin inkişafına və neftçiləri düşündürən problemlərin həllinə xidmət etdiyini vurğulayıb.
Məruzə dinlənildikdən sonra ümumi yığıncağın qərarı ilə bəyənilib, AMEA-nın və SOCAR-ın alimləri tərəfindən Azərbaycanın quru ərazilərində neft hasilatının artırılması üçün çökmə süxurlarda axtarış-kəşfiyyat üzrə elmi-tədqiqat işlərinin həcminin, yataqlarda işlənmənin səmərəliyinin və neftvermə əmsalının artırılması, qazma məhlulunun geoloji parametrlərinin yaxşılaşdırılması və ekoloji məsələlərin həll edilməsi istiqamətində tədqiqatların genişləndirilməsi ilə bağlı qərarlar qəbul edilib.