“Bu, BMT-nin tarixində ilk humanitar sammitdir” Müsahibə

“Bu, BMT-nin tarixində ilk humanitar sammitdir”

Humanitar Sammitin mətbuat katibi: "Ölkələrin humanitar yardım məsələlərində daha aktiv olacağına inanıram"

BMT-nin İstanbulda keçirilən I Dünya Humanitar Sammitinin mətbuat katibi Herve Verhooselin APA-ya müsahibəsini oxucularımıza təqdim edirik

- İlk sammit başa çatdı. Bubarədə fikirlərini bilmək istərdik.
- Bu məsələni müzakirə edib fikir bildirmək mənim səlahiyyətimdə deyil. Mənim əsas işim sammitdə insan faktorunu ön plana çıxarıb, yardıma ehtiyacı olan ölkələrə mümkün qədər qısa müddətdə humanitar yardım çatdırılmasına, o ölkələrdə humanitar layihələrin tətbiq edilməsinə nail olmaqdır. Ona görə də siyasi təkliflərin gündəmə gətirilməsini və qərarların qəbul edilməsini ölkələrin öz öhdəsinə buraxmaq lazımdır. Bunu deyə bilərəm ki, Azərbaycan prezidentinin bəhs etdiyiniz problemi bu qədər çox liderin iştirak etdiyi beynəlxalq toplantıda yüksək kürsüdən gündəmə gətirməsi mühüm hadisədir.
- Baş katib çıxışında humanitar yardım fondunun miqdarının 1 milyard dollara çıxarılmasının zəruri olduğunu dedi, ölkə liderlərinin çoxu təklifi dəstəkləyərək, öhdəlikləri yerinə yetirəcəklərini vurğuladılar. Bunun reallaşacağına inanırsınızmı?
- Bəli, baş katib dedi. Ancaq bu məsələ sadəcə pul toplayıb masa arxasında xərcləməkdən ibarət olmamalıdır. Yardıma ehtiyacı olan ölkələr və insan qrupları ilə birbaşa əlaqələr yaradılmalı, ən vacib ehtiyaclar ödəndikdən sonra humanitar layihələr həyata keçirilməli, bu və ya digər səbəbdən zərər görmüş insanlar hərtərəfli reabilitasiya edilməlidir. 1 milyard dollar vəsait hazırda insanların ehtiyacı olan yekun miqdar deyil. Müxtəlif bölgələrdə müxtəlif səbəblərə görə meydana çıxmış ehtiyacları və həyata keçirilməsi düşünülən layihələri bir araya gətirsək, bəlkə də 100 dəfə artıq pula ehtiyacın olduğu bəlli olacaq. Bilirsinizmi, bu, BMT-nin 70 illik tarixində keçirilən ilk humanitar sammitdir, bundan əvvəl heç vaxt bu işlə bağlı sammit keçirilməyib. Bu gün 30 milyondan artıq insan təcili şəkildə humanitar yardıma möhtac vəziyyətdədir. İnanıram ki, İstanbul sammiti yaxın gələcəkdə bu sahədə daha təsirli və əhatəli işləri həyata keçirməyimiz üçün meydana yaxşı fürsətlər çıxaracaq.
- Necə düşünürsünüz, sammitdən sonra burada iştirak edən ölkələr arasında humanitar yardımın həcmini mümkün qədər artırmaq üçün əməkdaşlıq güclənəcəkmi?
- Bu sammitdə 170-dən çox ölkənin nümayəndəsi iştirak edir, onlardan 55 nəfəri dövlət və hökumət başçısıdır. İnanıram ki, ölkələrin rəhbərləri və rəsmi təmsilçiləri, QHT liderləri, özəl sektorun nümayəndələri bundan sonra bu sahədə daha sıx şəkildə əməkdaşlıq edəcəklər.