“DİM yeni imtahan formatı üzərində işləyir” Müsahibə

“DİM yeni imtahan formatı üzərində işləyir”

Marina Rozenfeld: "Bəzi detallar yüngül dəyişikliklərə məruz qala bilər"

Avqustun 23-də Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə ilə müsahibədən fraqmentlər çap edilib. Müsahibədə M. Abbaszadə gələn il ali məktəblərə qəbul imtahanının mövcud formatda son dəfə keçiriləcəyini, iki ildən sonra həm buraxılış, həm də qəbul imtahanlarında dəyişikliklər ediləcəyini bildirib.
Bu məlumat bəzi KİV nümayəndələri tərəfindən müxtəlif cür yozulub. Bir çoxu qəbul imtahanının ləğv ediləcəyi, ölkənin yenidən sovet dövründə mövcud olan sistemə qayıdacağı qərarına gəlib. Bəziləri bu dəyişikliklər nəticəsində rüşvətxorluq və özbaşınalığın artacağından narahatdır.
Məsələyə aydınlıq gətirmək məqsədilə Dərs Evi tədris mərkəzinin Məhsul və Tədris şöbəsinin direktoru Marina Rozenfeld ilə söhbət etdik. M. Rozenfeld təhsil, tədris materiallarının, tədris metodlarının hazırlanması, İsrail, Rusiya və Azərbaycanda innovativ metodikaların tətbiq edildiyi tədris mərkəzlərinin yaradılması sahəsində 17 illik təcrübəyə malik mütəxəssisdir.
- Azərbaycanda ali məktəblərə qəbul imtahanının ləğv edilməsi xəbəri ilə bağlı nə deyə bilərsiniz?
- Rəsmi nümayəndələrdən heç kim imtahanın ləğv ediləcəyi haqqında heç nə deməyib. DİM qarşısında belə bir məsələ dayanmır. Söhbət imtahanın ləğv edilməsindən deyil, dəyişdirilməsindən gedir.
- İmtahan ləğv edilməsə belə, dəyişikliklər baş verəcək. Kim və nə üçün universitet və institutlara qəbul qaydalarını dəyişmək qərarına gəlib?
- İmtahan formatının dəyişilməsi qərarı yeni deyil. Bu qərar bir neçə il əvvəl, 2006-cı ilin oktyabr ayında Nazirlər Kabineti Azərbaycan Respublikasının Ümumi Təhsil Konsepsiyasını təsdiq edərkən verilib. Nəticədə 2008-ci ildən başlayaraq yeni məktəb proqramı tətbiq edilir. Doqquz il əvvəl birinci sinfə getməyə başlayan şagirdlər Milli Kurrikulum adlanan yeni proqramla təhsil alır. Bu il həmin o "pionerlər" 10-cu sinfə gedəcək, gələn il isə 11-ci sinfə və ilin sonunda onlar ilk dəfə yeni formatda imtahan verəcək. Məleykə xanım öz müsahibəsində məhz bu imtahandan danışıb. Bu imtahan 2019-cu ilin yayında keçiriləcək.
- Bir mütəxəssis kimi şagirdlər və onların valideynlərini hansı yeniliklərin gözlədiyini deyə bilərsinizmi?
- Yeniliklər əlbəttə ki, olacaq. Amma nəzərə alın ki, DİM hələ də yeni imtahan formatı üzərində işləyir. Odur ki, bəzi detallar yüngül dəyişikliklərə məruz qala bilər. Ümid edirəm ki, sentyabrda mənzərə tam aydın olacaq. Hələlik isə onu deyə bilərəm ki, xalq arasında "testlər" kimi tanınan qapalı tipli imtahan tapşırıqları dəyişməyəcək və qiymətləndirmə sisteminin bir hissəsi olaraq qalacaq. Böyük ehtimalla imtahan iki mərhələdən ibarət olacaq; birinci mərhələ indi keçirilən imtahana çox oxşayacaq. Bununla belə sualların məzmunu artıq yeni məktəb proqramına uyğun olacaq.
İkinci mərhələ "açıq suallardan" ibarət olacaq. Əslində hazırkı qəbul imtahanında belə suallar artıq salınır. Amma onların sayı azdır və belə sual formatları da çox az istifadə edilir. Yeni imtahanda belə sualların təkcə sayı deyil, həm də müxtəlifliyi artacaq.
- İmtahanda istifadə edilən sual növlərinin artması nə ilə əlaqəlidir?
- Məsələ ondadır ki, indiyədək imtahan nəticələri yalnız cavab kartlarının optik oxunması ilə həyata keçirilirdi; imtahan nəticələri tamamilə avtomatik şəkildə hesablanırdı. Bu prosesə kompüterin təhlil edə biləcəyi çox az növ açıq sual tipləri uyğun gəlir. Yeni imtahan formatında isə şagirdlərin cavabları həm də mütəxəssislər tərəfindən qiymətləndiriləcək. Odur ki, daha çox sual tipindən istifadə etmək imkanı yaranacaq.
- Deməli imtahan nəticələrini yenə insanlar yoxlayacaq? Yəni rüşvət, korrupsiya və nüfuzlu fakültələrə tanışlıqla qəbul olmaq dövrləri qayıdır?!
- Xeyr. İmtahan nəticələrinə müdaxilə etmək heç kimə maraqlı deyil. Mütəxəssis yoxlaması bir çox ölkədə illərlə tətbiq olunub və "tanışlıqla" qiymətə təsir göstərmək hallarının qarşısını almaq üçün xüsusi sistem mövcuddur. Bundan başqa, yoxlayan şəxslərin işi düzgün təşkil edildiyində qiymətə müdaxilə hallarını istisna etmək olar.
- Tutaq ki, qiymətləndirmə obyektiv olacaq. İmtahanın açıq suallar olan hissəsində şagirdləri nə gözləyəcək?
- Bu çox yaxşı sualdır. Yeni imtahanda olan yeniliklər və maraqlı məqamlar haqqında danışmaq və göstərmək istərdim. Düzdür, müsahibədə bunu etmək bir qədər çətindir, amma mən cəhd edəcəm. Əvvəlcədən demək istəyirəm ki, açıq sual saat yarım inşa yazmaq demək deyil. Açıq sual da qısa və tez həll olunan ola bilər.
Məsələn, sizdən hansısa bir sözün sinonimini yazmaq tələb oluna bilər. Yəni siz cavab variantlarını görmürsünüz və sinonimi özünüz tapmalısınız. Bu beş cavab variantından birini seçməkdən daha çətindir. Bununla belə, cavab bir-iki sözdən ibarətdir, tez yazılır və mütəxəssisin yoxlamasını asanlaşdırır. Riyaziyyatda tapşırıqların çətinlik səviyyəsi demək olar ki, dəyişməyəcək. Yenə də hesablama bacarığı tələb olunacaq, amma bu dəfə artıq həll yolu da yoxlanılacaq. Bu "köçürənlər" və "təxmin edənlər" üçün pis xəbərdir. Artıq sadəcə cavabın "22" olduğunu təxmin etmək kifayət etməyəcək, əgər həll yoxdursa, cavab sayılmayacaq. Digər tərəfdən, əgər şagird həllə düzgün başlayıb sonda çaşırsa, sıfır deyil, nisbətən az bal alacaq. Yəni onun səyləri boşa getməyəcək.
Yeri gəlmişkən, bu il 9-cu sinif məzunları ilk dəfə inşa yazdılar. Odur ki, ehtimal var ki, yeni sistem üzrə məzun olan abituriyentlər də inşa yazsın. Yenə də DİM-dən məlumat gözləyirik və ümid edirik ki, bu məsələyə də aydınlıq gətiriləcək. İstənilən halda biz keçən il öz kurslarımızda 9-cu sinif şagirdlərini inşa yazmağa hazır etmişik və şagirdlərin rəylərinə görə bunu çox uğurla həyata keçirmişik.
- Təşəkkür edirik. Siz həqiqətən də imtahandakı dəyişikliklərlə bağlı vəziyyətə aydınlıq gətirdiniz və ümid edirəm ki, şagird və valideynləri sakitləşdirdiniz. Ən azı şəxsən mən indi bizi nəyin gözlədiyini daha yaxşı anlayıram. Elə təəssürat yarandı ki, siz bizə daha çox faydalı məlumat verə bilərsiniz.
- Doğrudur, imtahan və ona hazırlıq haqqında çox danışa bilərəm. Amma müsahibə formatında bunu etmək çətindir. Digər tərəfdən bu məlumatları təkcə mən deyil, Dərs Evinin bütün müəllimləri bilir. Odur ki, əgər yeni imtahan haqqında daha çox məlumat almaq istəyirsinizsə, bizə müraciət edin. Bizim müəllimlərimiz və məsləhətçilərimiz Azərbaycanda ali məktəblərə qəbul barədə biliklərini sizinlə paylaşmağa şad olar.