“Vahid məhkəmə təcrübəsinin yaradılması mühüm əhəmiyyətə malikdir” Müsahibə

“Vahid məhkəmə təcrübəsinin yaradılması mühüm əhəmiyyətə malikdir”

15 may

Ali Məhkəməsinin sədri: “Belə təcrübə məhkəmə qərarlarının sabitliyinə, qanunun müəyyənliyinə dayaq olmaqla oxşar məsələlər üzrə müxtəlif məhkəmə aktlarının çıxarılmasına sədd çəkir, məhkəmələrə inamın təmin olunmasına zəmin yaradır”

Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev Onlayn Xəbər Agentliyinə (ONA) müsahibəsini ixtisarla oxycularımıza təqdim edirik:

- Azərbaycan Prezident İlham Əliyevin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşməsi haqqında” 2019-cu il aprelin 3-də imzaladığı Fərmana əsasən, Ali Məhkəməyə və Məhkəmə-Hüquq Şurasına tövsiyə edilib, Ədliyyə Nazirliyinə tapşırılıb ki, sahibkarlıq fəaliyyətinə dair işlər üzrə ixtisaslaşmış məhkəmənin yaradılması barədə qanun layihəsini hazırlayıb iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsinlər. Qanun layihəsinin hazırlanması istiqamətində hansı işlər görülüb? Sahibkarlıq fəaliyyətinə dair işlər üzrə ixtisaslaşmış məhkəmənin yaradılması sahibkarlığın inkişafına necə təsir edəcək?

- Sahibkarlıq fəaliyyəti Azərbaycan dövlətinin iqtisadi qüdrətinin artırılmasının mühüm istiqamətini təşkil edir. Sahibkarlıq sahəsində mütərəqqi tənzimləmə ölkə iqtisadiyyatına investisiya yatırılmasına da müsbət təsir göstərir. Təsadüfi deyil ki, Azərbaycan Respublikası Prezidentinin Fərmanında həmin məsələni diqqət mərkəzində saxlamaqla sahibkarların məhkəməyə müraciət imkanlarının asanlaşdırılması və sahibkarlıqla bağlı mübahisələrə müvafiq sahədə daha dərin hüquqi bilik və təcrübəsi olan hakimlər tərəfindən baxılmasını təmin etmək məqsədilə vergi və gömrük ödənişləri, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan mübahisələrə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar digər məsələlərə dair işlər üzrə ixtisaslaşmış məhkəmənin yaradılmasını nəzərdə tutur. Bu cür ixtisaslaşmış məhkəmənin yaradılması ilk növbədə sahibkarlığa dövlət qayğısının bariz nümunəsi olmaqla, bu sahədə münasibətlərin iqtisadi inteqrasiya baxımından çoxşaxəli olmasını və mürəkkəbliyini nəzərə alaraq, sahibkarlıqla əlaqəli yarana biləcək bütün mübahisələrin daha çevik və səmərəli həllinə nail olmaq məqsədi daşıyır. Onu da vurğulamaq zəruridir ki, bu məsələnin həyata keçirilməsi bir sıra qanunvericilik aktlarına dəyişikliklərin olinmasını da ehtiva edir. Bununla bağlı Fərmanda nəzərdə tutulduğu kimi, Ali Məhkəmə, Məhkəmə-Hüquq Şurası və Ədliyyə Nazirliyi ilə birlikdə Mülki-Prosessual Məcəllədə, İnzibati-Prosessual Məcəllədə, "Məhkəmələr və hakimlər haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihələri hazırlanır.

- Fərmana görə, Ali Məhkəmənin vahid məhkəmə təcrübəsi formalaşdırmaq vəzifəsi və həmin vəzifənin icra olunması mexanizmi təsbit edilməlidir. Bu nə üçün vacibdir?

- Konstitusiyanın 131-ci maddəsinin I hissəsinə görə Ali Məhkəmə ümumi və ixtisaslaşdırılmış məhkəmələrin icraatına aid edilən mülki, cinayət və digər işlər üzrə ali məhkəmə orqanıdır, o, kassasiya qaydasında ədalət mühakiməsini həyata keçirir, məhkəmələrin praktikasına aid məsələlər üzrə izahatlar verir. Yuxarıda qeyd olunan Fərmanda da məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və normativ hüquqi aktların tətbiqi ilə bağlı hüquqi mövqeyinin proqnozlaşdırılan olmasını təmin etmək məqsədilə Ali Məhkəmənin vahid məhkəmə təcrübəsi formalaşdırmaq vəzifəsinin və həmin vəzifənin icra olunması mexanizminin təsbit edilməsi, məhkəmələrdə hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin təmin edilməsi məqsədilə vahid məhkəmə təcrübəsinin formalaşdırılması üçün ciddi tədbirlər görülməsi, ədalət mühakiməsinin keyfiyyətinin artırılması məqsədilə məhkəmə təcrübəsinin öyrənilməsi və ümumiləşdirilməsi sahəsində fəaliyyətini gücləndirilməsilə əlaqədar müddəalar əksini tapıb. Nəzərə almaq lazımdır ki, vahid məhkəmə təcrübəsinin yaradılması məhkəmələrin həll etdikləri mübahisələrə qanunun eyni cür və doğru tətbiqi baxımından mühüm əhəmiyyətə malikdir. Belə təcrübə məhkəmə qərarlarının sabitliyinə, qanunun müəyyənliyinə dayaq olmaqla oxşar məsələlər üzrə müxtəlif məhkəmə aktlarının çıxarılmasına sədd çəkir, məhkəmələrə inamın təmin olunmasına zəmin yaradır. Vahid məhkəmə təcrübəsinin formalaşdırılmasının sürətlə inkişaf edən ictimai münasibətlərin bəzi hallarda əmələ gətirdiyi hüquqi boşluqların, qeyri-müəyyənliklərin və ya ziddiyyətlərin aradan qaldırılmasında da mühüm rolu var. Bu baxımdan bütün hallarda məhkəmələrdə qanunun normaları onların həqiqi mənasına uyğun təfsir və tətbiq edilməli, nizamlamasına baxmayaraq, işdən-işə və subyektdən-subyektə görə eyni münasibət dəyişməməlidir. Məhz buna görə Ali Məhkəmədə qanunların məhkəmələrdə tətbiqi təcrübəsi təhlil edilir və ümumiləşdirilir, Ali Məhkəmə Plenumunun qərarları vasitəsilə məhkəmələrin hüquq tətbiqetmə təcrübəsi vahid məxrəcə gətirilir, ayrı-ayrı sahələrdə hüquqi tənzimləmədəki boşluqlar və ya qeyri-müəyyənliklər aradan qaldırılır. Vahid məhkəmə təcrübəsinin formalaşdırılması milli qanunvericiliyin insan hüquq və azadlıqları ilə bağlı normalarının da “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası və Avropa Məhkəməsinin presedentlərinə uyğunluğu və mütənasibliyi hədlərində şərh və tətbiqinə imkan verir. Hazırda Ali Məhkəmə Plenumunun məhkəmə təcrübəsinə dair qərarları tövsifedici xarakterə malikdir. Bununla belə, həmin qərarların məcburi xarakterli akt səviyyəsinə qaldırılmasına dair hazırlamış qanun layihələriproseslərin vahid qaydada keçirilməsinə, oxşar məsələlər üzrə məhkəmə mülahizələrinin müxtəlifliyinin aradan qaldırılmasına xidmət edəcək. Onu da vurğulamaq yerinə düşər ki, Ali Məhkəmənin Məhkəmə təcrübəsinin ümumiləşdirilməsi və məhkəmə statistikasının təhlili şöbəsinin işinin Fərmanda göstərilən məsələlərin həllinə cavab verən tərzdə yenidən qurulması məqsədilə təşkilati işlərin həyata keçirilməsinə də başlanılıb.

- Hakimlərin müstəqilliyini təmin etmək məqsədilə məhkəmələrin fəaliyyətinə müdaxilənin qarşısının alınması mexanizmləri təkmilləşdirilməli və belə müdaxiləyə görə məsuliyyət artırılmalıdır. Bu sahədə hansı mexanizmlər hazırlanır?

- Konstitusiyanın hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtlərini ehtiva edən 127-ci maddəsinin III hissəsinə görə hər hansı şəxs tərəfindən və hər hansı səbəbdən bilavasitə, yaxud dolayı yolla məhkəmə icraatına məhdudiyyət qoyulması, qanunla zidd təsir, hədə və müdaxilə edilməsi yolverilməzdir. Bu norma təminatverici xarakterə malik olmaqla məhkəməni, hakimi hər hansı müdaxilədən hifz eləməyə yönəlib. O da vurğulanmalıdır ki, “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 10-cu maddəsinin 2-ci bəndində də ədalət mühakiməsinin qərəzsizliyi və nüfuzunun qorunması məqsədilə fikir azadlığının məhdudlşdırılması istisna edilmir. Adı çəkilən Fərmanda da hakimlərin müstəqilliyini təmin etmək məqsədilə məhkəmələrin fəaliyyətinə müdaxilənin qarşısının alınması mexanizmlərinin təkmilləşdirilməsi və belə müdaxiləyə görə məsuliyyətin artırılmasına dair norma nəzərdə tutulub. Məlumdur ki, hakimin peşəkarlığından irəli gələn mühüm keyfiyyətlərindən biri onun müstəqilliyi ilə sıx bağlılıq təşkil edən qərəzsizliyidir. Konkret işlər üzrə hakimin yalnız qanunu rəhbər tutması, mövcud vəziyyətdəki qanunun tətbiqində həmişə onun fərdiliyi - daxili inamının formalaşmasında kənar təsirin mövcud olub-olmaması on plana çıxır. İşə baxarkən hakimin fəaliyyətinə hər hansı müdaxilə onun qərəzsizliyinə, ədalətli qərarın çıxarılmasına mənfi təsir göstərən amil kimi çıxış edə bilər. Belə təsir xüsusən də kütləvi informasiya vasitələrinin məhkəmələrdə baxılan işlərlə əlaqədar bu və ya digər faktın işıqlandırılması zamanı hakimlər və ya tərəflər barəsində birtərəfli, həqiqətə uyğun olmayan müxtəlif materialların dərc edilməsi, yayılması ilə də baş verir. Digər tərəfdən hakimlərin fəaliyyətinə bu və ya digər formada hər hansı kənar təsirlər də hakimlərin müstəqilliyinə zərbə vurur. Bu isə son nəticədə işlərə qanuni və əsaslı baxılsa da, çıxarılan məhkəmə aktının şübhə altına alınmasına, həmçinin hakimin və məhkəmənin nüfuzuna xələl gətirtməklə məhkəməyə ictimai inamın sarsılmasına gətirib çıxarır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev məhz belə faktorların qarşısının alınmasının zəruriliyini diqqətdən kənarda saxlamayıb.

Göstərilənlərlə əlaqədar müvafiq qanun layihəsi hazırlanıb, Məhkəmə-Hüquq Şurasında isə Fərmanın tələblərinə uyğun olaraq hakimlərin müstəqilliyinin təmin edilməsi, məhkəmələrin fəaliyyətinə müdaxilə və digər neqativ halların aradan qaldırılması məqsədilə müvafiq məlumatların qəbulu üçün qaynar xətt yaradılıb.

- Məhkəmələrin və digər orqanların qərarlarının icrasının alternativ mexanizmləri, o cümlədən icranın özəl qurumlara həvalə edilməsi nə dərəcədə effektiv ola bilər?

- Müasir dövrdə məhkəmə aktlarının icrası mühüm əhəmiyyət kəsb etməklə ədalət mühakiməsinin həyata keçirilməsinin sonuncu mərhələsi sayılır. Təsadüfi deyil ki, Avropa Məhkəməsinin silsilə qərarlarında da məhkəmə qərarlarının icrası ədalətli məhkəmə araşdırılması hüququnun tərkib hissəsi kimi dəyərləndirilir. Bu baxımdan icranın səmərəliliyi və keyfiyyəti son nəticədə cəmiyyətdə məhkəmələrə olan inamın bu və ya digər tərzdə formalaşmasına əhəmiyyətli təsir göstərir. Bununla belə, o da qeyd edilməlidir ki, bir çox Avropa ölkəsində, hətta postsovet məkanında məhkəmə və digər orqanların qərarlarının icrasını yalnız dövlət icra məmurları deyil, o cümlədən xüsusi icra qurumları da həyata keçirir. Məsələn, Ukrayna və Qazaxıstanda da belə qurumlar mövcuddur. Onların statusuna gəldikdə, onlar nə dövlət qulluqçusu, nə də sahibkar hesab olunurlar. Lakin belə özəl qurumların mövcudluğu heç də o demək deyil ki, xüsusi dövlət qulluqçuları sayılan icra məmurlarından tamamilə imtina olunub. Məhkəmə və digər orqanların qərarlarının icrasının özəl qurumlarda fəaliyyət göstərən özəl icraçılar tərəfindən məcburi icrası dövlət icra məmurlarının iş yükünün əhəmiyyətli dərəcədə azaldılmasına, icranın tezliyinin və keyfiyyətinin yüksəldilməsinə ciddi təsir göstərir. Digər tərəfdən, icra məmuru aparatının saxlanılması ilə əlaqədar dövlətin çəkdiyi xərclər də azalır. Bununla belə, nəzərdən qaçırılmamalıdır ki, bu institutun ölkəmizdə tətbiqi ilə əlaqədar bir sıra xüsusiyyətlər nəzərə alınmalıdır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Fərmanda məhkəmələrin və digər orqanların qərarlarının icrasının alternativ mexanizmləri, o cümlədən icranın özəl qurumlara həvalə edilməsi ilə bağlı qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsini və həmin təcrübənin tətbiqinin mümkünlüyünü zəruri şərt kimi müəyyənləşdirib.

- Mediasiya institutunun yaradılması məhkəmələrin yükünü azaldacaqmı? Beynəlxalq təcrübədə bu institut özünü nə dərəcədə doğruldub?

- Mediasiya qədim köklərə malik olmaqla, işdə heç bir marağı olmayan, qərəzsiz və müstəqilmediatorun vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həllini nəzərdə tutur. Bu zaman mediator tərəflərə mübahisə ilə əlaqədar onları qane edən razılaşmanın əldə olunmasına yardım göstərir. Bu halda tərəflər mübahisənin nizamlanması və həll olunması ilə əlaqədar prosesin gedişinə tam nəzarəti həyata keçirirlər. Mediasiya institutu demək olar ki, əksər ölkədə müvəffəqiyyətlə işləyir. Mediasiyanın populyarlığı və üstünlüyü ilk növbədə ondan irəli gəlir ki, burada məhkəmədə mübahisə ilə əlaqədar daha ciddi dəlillərə malik ola tərəfə hüquqi üstünlük verilməsindən fərqli olaraq, mübahisənin tərəflərin özlərinin qarşılıqlı razılaşmasına uyğun olmaqla çözülməsi əsas meyardır. Bu mexanizm tərəfləri məhkəmə çəkişməsinə daxil olmadan öz problemlərinin həllinin çox da böyük məsrəf tələb etməyən prosedurdur.

“Mediasiya haqqında” 29 mart 2019-cu il tarixli qanunda da göstərilib ki, qanun mübahisələrin alternativ həlli üsullarından olan mediasiyanın təşkili sahəsində ictimai münasibətləri tənzimləyir, mediasiyanın məqsədlərini, prinsiplərini, həyata keçirilməsi qaydalarını və mediatorların statusunu müəyyən edir. Qanunun işə düşməsi şübhəsiz ki, məhkəmələrin iş yükünün azalmasına xidmət edəcək. Həmin qanunun 3.2-ci maddəsində birbaşa göstərilib ki, iqtisadi mübahisələr, həmçinin, ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Bu baxımdan adıçəkilən normativ hüquqi aktın mübahisə tərəfləri arasında qarşılıqlı inam hissinin artırılmasına - xüsusən də ailə münasibətləri ilə bağlı olan mübahisələr zamanı, lüzumsuz məhkəmə çəkişmələrinin isə azalmasına təkan verəcək.