“XƏMSƏ”DƏ DÖVLƏTÇİLİK Ədəbiyyat

“XƏMSƏ”DƏ DÖVLƏTÇİLİK

Nizaminin əsərlərindəki dövlətçilik düşüncəsi çağdaş dünyanın mütərəqqi ideyaları ilə səsləşir, çox məqamları ilə onu üstələyir

Folklor və dövlətçilik məsələlərinin geniş yer aldığı yazılı mənbələrdən biri də Nizami Gəncəvinin əsərləridir. XII əsrdə yaşamış dahi mütəfəkkir Nizami Gəncəvi (1141-1209) siyasi xadim olmasa da, onun şah əsərlərindən biri olan "İsgəndərnamə" poemasında və "Xəmsə"yə daxil olan digər dörd əsərdə dövlətçiliyə dair məsələlər geniş şərh edilib. T.Kərimlinin də yazdığı kimi, "Nizami yaradıcılığında ideal ədalətli hökmdar probleminin aparıcı rolu nizamişünaslıq elmi üçün hələlik mübahisəedilməz bir faktdır. Bütövlükdə Nizami humanizmindən və məzlum xalqa qarşı ürəyiyananlıqdan, qayğıkeşlikdən irəli gələn bu ideyanın köklərini harada axtarmaq lazımdır? Yəqin ki, ilk növbədə Nizami humanizminin demokratizmində və bununla bağlı olaraq əsrlər boyu folklorda kök salmış ədalətli hökmdar ideyasında. Çünki Nizami başlıca olaraq şahların həyatını təsvir etsə də, əslində xalq şairi idi; xalqın düşünən beyni və susmayan dili idi. "Xəmsə" boyu şirin və ibrətamiz xalq nağıllarından sevə-sevə istifadə edən Nizami, xalqın ədalətli hökmdar haqqındakı arzularını özü üçün yaradıcılıq amalına çevirmişdi".
Nizami yaradıcılığının qaynaqlarından birinin folklor olduğunu qeyd edən S.Rzasoya görə, "Nizaminin istifadə etdiyi folklor mətni hansısa əsərin folklorlaşmış variantı, yaxud yazılı abidə folklor süjetinin, əsatiri-xronik hədisin müəllif tərəfindən bədiiləşdirilmiş variantı ola bilərdi. Məsələn, Firdovsi "Şahnamə"sinin böyük bir hissəsi İran teokratik dövlətçilik ənənəsinin mifoloji mətnlər əsasında nəzmə çəkilməsindən ibarətdir. Və bu halda Firdovsi şifahi ənənənin yazılıya dəyişdiricisi kimi çıxış edir. Sasani xronikası ənənə baxımından Firdovsidə çox qüvvətlidir. Nizamidə isə bu xronikanın ənənə sərhədləri zəifləyir və xronik vahidlər "Yeddi gözəlin" konkret ideyasının verilişi üçün qurum materiallarına çevrilir".
"Ədalətli hökmdar problemi şairin ilk poeması olan "Sirlər xəzinəsi"ndən Nizami yaradıcılığında özünü qabarıq şəkildə göstərməyə başlayır. Poemadakı iyirmi məqalətdən yalnız doqquzunda hökmdarlardan, hökmdar təbiətinin müxtəlif çalarlarından və təzahür formalarından söhbət açılır. Bunların üçü mifik hökmdar, üçü ümumiyyətlə, adsız-ünvansız hökmdar və yalnız üçü real tarixi şəxsiyyətdir...
Poemadakı mifik hökmdarlar – Süleyman, Cəmşid və Fridundur. Tarixi şəxsiyyətlər isə Ədalətli Nuşirəvan, Harun ər-Rəşid və Sultan Səncərdir. Konkret adı çəkilməyən hökmdarlar Nizami tərəfindən "Ümidsiz padişah, Zülmkar padişah və Cavan şahzadə" adlandırılıb".
Y.Qarayevə görə, "Nizami dühası bəzən renesans qəhrəmanlarını da qabaqlayır: "İsgəndərnamə"dəki utopik cəmiyyət Tomas Morun, Kampanellanın yaratdığı ideal cəmiyyətdən daha demokratikdir; burada qullar və siniflər yoxdur. Qərb humanistləri hər cür mənəvi, dini və mistik buxovdan birinci növbədə real təcrübi məişəti, mənəvi duyğuları, Nizami isə ruhu, ürəyi və mənəviyyat aləmini azad etməyə çağırır. Nizami epoxa və yol ayrıcında dayanan Dante libaslı bir müsafir də deyil. Onun idealları nə "orta əsrlərin" sonu, nə də "yeni dövrə" keçidi başlayan dönüşün əvvəli demək deyildi. Burada dahinin öz dövrünə, öz əsrinə saldığı nəzərin yeniliyindən və ucalığından danışmaq olar".
Nizami yaradıcılığında fərdi və ictimai mənəviyyat məsələlərinə diqqət yetirən müəllifə görə, "sonralar ən dahi humanistləri düşündürmüş mənəvi mətləblər Nizamini də düşündürüb: şəxsiyyətin ziddiyyətləri, ictimai ədalət problemi, dövlət quruluşu, tragik sevgi, fərdi əxlaqi cavabdehlik... İnsanın həm şəxsi, həm də ictimai səadətinin sorağında şair bizə ideal şah surətləri, hətta ideal şahsız, qullarsız və quldarlarsız ideal cəmiyyət quruluşu təsvir edir. Şah hüzuruna kəfən geyib gələn qocanın, Sultan Səncəri ittiham edən qarının, "Yeddi gözəl"dəki yeddi məhbusun şikayəti, şah zülmündən məmnun qalan iki bayquşun söhbətləri – şairin sənətkar və mütəfəkkir təlaşı ilə faş etdiyi bütün bu ictimai haqsızlıq faktlarının əsasında çox aydın bir dünyagörüşü, poetik-fəlsəfi bir təlim dayanıb".
Heç şübhəsiz ki, bu təlim xalqın etnik-mədəni dəyərlərindən, mənəvi resurslarından və bunları özündə birləşdirən folklorundan qaynaqlanır. Şərq və türk dövlətçilik ənənələrinin xalq yaddaşında yaşayan dəyərlərini yazılı mədəniyyətin materialına çevirən Nizami hər yerdə bu dəyərlərə sadiq mövqe nümayiş etdirir. Nizami üçün dövlətin ədalətlə idarə olunması ən mühüm məsələdir. Bunun bir daha təsdiqi üçün o, türk folklor ənənəsində mövcud olan ictimai mənafenin fərdi və ya ailə mənafeyindən üstün tutulması faktlarından faydalanır. Məlumdur ki, Oğuz xan atası Qara xanı dini baxışlarına görə öldürür və ya Dirsə xan oğlu Buğacı ictimai əxlaqı pozduğuna görə (yalan motivi sonradan aşkarlanır) ölümcül yaralayır. Varislik ənənəsindəki belə kəskin motivlər Nizamidə bir qədər yumşaldılır. Burada islam görüşlərinin və şəriət qaydalarının rolu öz təsirini göstərir. "Yəzdigürdün ölümündən sonra, Bəhramın da atası kimi zalım olacağından ehtiyatlanan iranlılar özlərinə "tacidar nəslindən" olan bir qocanı şah seçirlər. Bəhram İrana hücum çəkir, şərt əsasında iki şirə qalib gəlib, öz qanuni tacına yiyələnir. Bundan sonra o "atasının zülmünə son qoyur, İranda hətta Allahın belə rəğbət və səxavətinə səbəb olan kosmik sahman yaradır". Nizami bütün hallarda öz qəhrəmanlarını xeyir və şər qütbləri arasında bölür. Bununla yanaşı bu qütblər arasında hərəkət edən qəhrəmanlar da yaradır. Haqqın və nahaqqın Allah tərəfindən hər birinin öz əməlinə uyğun qiymətləndirilməsini göstərmək üçün müəllif bu yolu seçir. Bəhram da öz fəaliyyətinə görə belə mənfi və müsbət arasında dəyişən bir qəhrəman kimi səciyyələnir. "Bəhramın atası zalımdır və Nizaminin onu bu cür təsvir etməsində tarixi bir həqiqət var. Belə ki, 399-421-ci illərdə İran taxtına oturmuş I Şah Yəzdigürd zərdüşt kahinlərinə yox, xristianlara arxalanır. O, bununla da sərbəst siyasi hakimiyyətə malik yerli əyan və kahinlərin nifrətini qazanır. Lakin sonralar get-gedə artan bu narazılıqdan və xristianların Bizansla artan əlaqələrindən qorxuya düşüb siyasətini dəyişir".
Tarix və folklor münasibətlərini türk dövlətçiliyi ilə əlaqəli şəkildə araşdıran H.İsmayılova görə, tarix bu və ya başqa şəkildə folklorda öz əksini tapır:"Tarixi qaynaqlardan anlaşılır ki, Məlikşahın hakimiyyəti imperatorluğun inkişafının son mərhələsi olub. Onun ölümündən sonra oğulları arasında hakimiyyət uğrunda bir neçə il mübarizə gedib. Böyükyarğın və qardaşı Məhəmmədin zamanında dövlət ərazisi iki hissəyə parçalanıb, Sultan Məlik şahın üçüncü oğlu Sultan Səncərin zamanında (1118-1157) dövlət tənəzzül edib və onun ərazisi bir neçə yerə bölünüb. Bununla bağlı pis hökmdara xalq münasibətindən doğan neqativ məzmunlu örnəklər yaranıb. Bunlardan biri də N.Gəncəvinin "Sultan Səncər və qarı" hekayəsinə mövzu verib".
Nizaminin digər əsərlərində də dövlətçilik fikri və kamil dövlət ideyası dini və milli-mənəvi dəyərlərin səfərbərliyi ilə yaradılan kamil insan obrazından qaynaqlanır. Y.Qarayevin gəldiyi qənaətə görə, "Nizaminin sosial utopiyası bilavasitə Nizamini yetirən xalqın öz sosial-demokratik ənənələri ilə şərtlənib və Nizamiyə qədərki farsdilli ənənə ən yaxşı halda ideal monarxiya zirvəsindən yüksəyə qalxa bilməyib". Nizami xalq yaradıcılığından yaradıcı şəkildə istifadə etməklə türk dövlətçilik ənənələrini əsərlərində geniş şəkildə əks etdirib. "Nizami eləcə də ümumbəşəri dövlət yaradılması məsələsini ortaya atır və hesab edir ki, bəlkə belə bir dövlət dünyada zülmə son qoya bilər. Nizaminin "İsgəndərnamə"ni yazmaqda əsas məqsədi insan səadəti yollarını axtarıb tapmaq idi. Və Nizami bu nəticəyə gəlir ki, insan xoşbəxtliyi yalnız dost insanların yaşadığı ədalətli cəmiyyətdə ola bilər. Buna görə də həm bu əsərində, həm də digər dörd irihəcmli poemasında Nizami hökmdarları ədalətli olmağa dəvət edir və azad, xoşbəxt insan cəmiyəti yaratmağı geniş təbliğ edib. İdeal hökmdar konsepsiyası isə "İsgəndərnamə" poemasında daha geniş planda işlənib".
Nizami əsərlərinin və bu əsərlərdəki ideyaların xalq ruhuna yaxınlığı isə hər şeydən öncə onun folklor motivləri üzərində qurulmasıdır. Çünki burada xalq yaddaşında yaşayan əfsanə, rəvayət, atalar sözü və məsəllər, nağıl süjetləri və nağıl üslubu geniş işlənib. Məsələn, "İsgəndərin zülmətə getməsi" əhvalatı İsgəndərlə bağlı xalq əfsanələrindən biridir. Fatehliyə xalq münasibəti İsgəndərin dəfni ilə bağlı başqa bir əfsanədə qalmaqdadır. Burada İsgəndərin əlinə torpaq tökəndən sonra onu normal dəfn etmək mümkün olur. Bu kimi bir çox əfsanələr "Xəmsə"də olmasa da xalq yaddaşında qorunub. "Nizaminin "İsgəndərnamə" əsərində azadlıq, bərabərlik və ədalət ideyaları geniş təbliğ olunur. Bu ideyaların tərənnümçüsü kimi Nizami şahlara və hökmdarlara ədalət prinsiplərini müdafiə etməyi nəsihət edir və məsləhət görürdü. Nizaminin "Xosrov və Şirin" poemasında "ədalətli hökmdar haqqında şaha nəsihət" adlı xüsusi bir bölmə də var".
Türk dövlət başçıları xalq ənənəsindən gələn dövlətçilik məsələlərinə böyük diqqətlə yanaşıb və saraylarda saxladıqları müdrik insanların məsləhətlərini daim dinləyiblər. Nizaminin özü də dövrünün böyük hökmdarı Alp Arslan tərəfindən daim diqqət və qayğı ilə əhatə olunub. Nizami şahın məclisinə gələrkən şahın onu ayağa qalxaraq necə səmimi qarşılaması haqqında da "Xosrov və Şirin" əsərində məlumat verir.
Nizaminin əsərlərində təsvir olunan dövlətçilik düşüncəsi çağdaş qloballaşan dünyanın mütərəqqi ideyaları ilə səsləşir və bir çox məqamları ilə hətta onu üstələyir. Çünki Nizami xalqın xəyallarındakı dövləti gerçəklik kimi görmək istəyib. Xəyallar və xalq təxəyyülü isə həmişə gerçəklikdən çox irəlidə olur. "Nizami Gəncəvi dünya söz sənətinin dahi təkləri sırasına daxildir. Elə dahi təkləri ki, sənəti sabaha və əbədiyyətə aparan yolda indi də bizdən səkkiz əsr əvvəldə yox, səkkiz əsr qabaqda, irəlidə addımlamaqda davam edirlər. Tarix, bəşəriyyət keçmişdən uzaqlaşdıqca onlara yaxınlaşır".


Ağaverdi Xəlil
araşdırmaçı