Poema janrının yaranış zərurəti Ədəbiyyat

Poema janrının yaranış zərurəti

Həyatın həm epik, həm də lirik təsvirini verən, təhkiyə və tərənnümün qarşılıqlı vəhdəti əsasında formalaşan poema tarixi inkişaf yolu keçib



Bəşər övladının qəlbinin, hiss və həyəcanlarının tərcümanı olan söz tarixin müxtəlif inkişaf mərhələlərində zamanın tələblərinə uyğun olaraq ayrı-ayrı forma və məzmun daxilində inkişaf edərək həyatın inikası hesab edilən söz sənətini-bədii ədəbiyyatı formalaşdırıb. Zaman keçdikcə bədii ədəbiyyat hər birinin özünəməxsus, spesifik xüsusiyyətləri olan lirik, epik və dramatik növlərə ayrılıb. Beləliklə, böyük həyati əhəmiyyət kəsb edən ictimai-siyasi hadisələr və onların iştirakçılarının igidlikləri, şücaətləri ilə seçilən, elin məhəbbətini qazanan xalq qəhrəmanları haqqında yaranan və xorla oxunan mahnılar əsasında epos, belə demək mümkünsə, ilk dastan-poemalar formalaşıb. Adi şeir parçasından böyük həcmli, şaxələnən süjet xəttinə malik olan, epik təfəkkürü büsbütün əhatə edən poema janrına keçid, şübhəsiz ki, birdən-birə baş verməyib. Bu hadisəni bütün kiçik detalları ilə təsəvvürdə canlandırmaq üçün tarixə, yəni bədii təfəkkürün keçdiyi yollara nəzər salmaq kifayətdir. Məsələnin sosial və psixoloji kökləri ilə bərabər sırf ədəbi və estetik səbəbləri də var. Söz, zaman keçdikcə açılır və pardaqlanır, onun içindəki informasiya, yəni enerji öz təbiətinə uyğun yolun keçilməsini, hadisənin nəql edilməsini, yaxud baş verən hadisələrə münasibətin bildirilməsini tələb edir. Bəzən təbiətdə, yaxud cəmiyyətdə, yəni sosial mühitdə baş verən hadisələr birdən-birə olmasa da, yalnız müəyyən vaxt keçdikdən sonra sözün ifadə formalarına təsir edir, onun deyilişində müəyyən dəyişikliklər yaradır, yaxud baş verən hadisələrin başa düşülüb bədii şəkildə ifadə edilməsinin başqa yollarının axtarılması zərurəti meydana çıxır. Janrların yaranması bütün bu ictimai, ideoloji, ədəbi-estetik səbəblərin bir-biri ilə qarşılıqlı münasibətdə meydana gətirdiyi mühitlə şərtlənir. Vaxtilə fizikada cazibə qanununun kəşf edilməsi sadəcə təbiətdə mövcud olan bir hadisəni üzə çıxardı və bununla da təbiətə və gerçəkliyə münasibəti müəyyən dərəcədə dəyişdirdi. Tarix boyunca elə kəşflər olub ki, dünyaya insanın baxışı radikal şəkildə dəyişikliyə uğrayıb. Bədii ədəbiyyat isə bu kimi az və ya çox təsirli hadisələri eneji şəklində özündə ehtiva edir. Tərəqqi və texnoloji inqilab baxımından sonralar kəşf edilən hər bir hadisə insanın qəlbində yuva quran sözün gücü ilə sehr tülünə bürünüb, insan xəyalının üfüqlərini nişan verib. Söz sənətində təkanverici stimul onu yaradan insanın xəyalıdır. Elmi təfəkkürlə şeiri dünyaya gətirən xəyalın gücü fərqli şeylərdir. Elmi təfəkkür nə qədər iti olsa da, artıq bu dünyada mövcud olan bir nəsnəni tanıtdırır, sərhədləri bəlli olmayan xəyal isə olmayan şeylərə gerçəklik donu biçir, onu dünyanın sakini edir. Bu mülahizələrdən çıxış edərək insanın nağıl, əhvalat, hekayət danışmasının, bu ehtiyacının epik formada ifadə edilməsinin səbəbləri barədə danışmaq olar. Janr sferası bütövlükdə varlığa münasibəti özündə ehtiva edir. İnsan baş verən hadisələri epik formada yaradarkən həmişə xəyalla həqiqəti, real gerçəkliklə utopik aləmi bir araya sığışdırmağa cəhd göstərib. Poema janrı, dastan paradiqması zənnimizcə, məhz belə bir zərurətdən meydana gəlib. Janrdan janra keçid insan yaşantısının tarixini özündə əks etdirir, bu mənada bədii ədəbiyyat nümunələri, xüsusən poema janrı insanlıq tarixinin yalnız qəlblə hiss edilən tərəflərini öyrənmək baxımından son dərəcə böyük maraq kəsb edir.
Ellinlərin Troyaya yürüşü (Yunan eposu), ulu xalqların hicrəti (Alman eposu), İspaniyanı istila edən və Fransa xalqının istilasını gözə alan ərəblərin dəf edilməsı (Fransa eposu) kimi ictimai-siyasi hadisələr öncə həmin xalqların yaşantılarını özündə əks etdirən mahnılara, daha sonralar isə eposlara – dastanlara çevrilib. Şumerlərin – prototürklərin "Enmerkar və Aratta hökmdarı", "Uruk və Aratta", "Luqalbanda və Enmerkar", "Bilqamıs", qədim türklərin "Oğuz Kağan", "Əlp Ər Tonqa", "Ərgənəkon", yunanların "İliada", "Odisseya", Azərbaycan türklərinin "Kitabi-Dədə Qorqud", almanların "Nibelunqlar haqqında mahnı", fransızların "Roland haqqında mahnı", ispanların "Sid haqqında poema", rusların "İqor polku haqqında dastan" və s. əsərlər məhz bu yolla yaranmış dastan nümunələri hesab olunur.
Burada bir cəhəti xüsusi vurğu altında göstərmək və mənalandırmaq lazımdır. Hər hansı bir dönəm yaşanıb bitdikdə, yəni, bu dönəm hər hansı oxucu üçün tarixə çevrildikdə o, həmin dövrdə, tutaq ki, ömrü sona çatmış sovet dövründə işlək olan "ateizm" sözünə diqqət yetirir. Bu ifadə donunda hansı mənaların gizlənməsini bilmək istəyir. Bu mənada məsələn, Aleksandr Blokun "On ikilər" poeması onun üçün xüsusi əhəmiyyət kəsb etməyə başlayır. A.Blokun poemasında əksini tapan mənalar ona şübhəsiz ki, yabançı təsir bağışlayır və belə olduğu üçün o, həmin mənalarla oppozisiya mövqeyində dayanır. Blokun poemasında tez-tez rastlanan oksimoronlar – bir sözün ona mənaca əks olan sözlə bir ifadə daxilində birləşməsi halları (məs: soyuq rəqəmlərin istisi və sair kimi) oxucunun təsəvvürlərini alt-üst edir. Poemada inqilabın bütün detalları ilə təsviri diqqət çəkir. Ancaq onun yekun hissəsi oxucuda xeyli cavabsız suallar doğurur. Belə ki, yürüşlə gələn dəstənin qabağında İusus təsvir edilir. Bununla da ən müxtəlif oxucu təfəkküründə ən müxtəlif şərhlər meydana gəlir. Bəzi oxucular əlində qırmızı bayraq tutan İususun obrazında Dəccalı görürlər. İusus həm də inqilabın təntənəsinə münasibətdə bir dissonans yaradır. Dəccal inamsızlığı və zoru təslim edir, inqilabın önündə gedir, əlində də qırmızı bayraq. Digər oxucular isə İususun şəxsində edam kötüyünü görürlər. Bəli, indi o, edama aparılır, qırmızı bayraq isə onun tarix boyu çəkdiyi əzab və iztirabın simvoludur. O dövrün tənqidçiləri belə bir fikir formalaşdırmağa çalışırdılar ki, A.Blokun "On ikilər" poemasının sonluğu sadəcə təsadüfdür. Bu sonluq poemanın ümumi ruhuna heç vəchlə uyğun gəlmir. Blok bu mülahizələri diqqətlə dinləyib, fikrə dalıb və sonda belə bir qəribə fikir bildirib ki, o, bu sonluğun necə yarandığından, ümumiyyətlə, xəbərsiz olub. Əvvəlcə ona da elə gəlib ki, sonluq əsərin ümumi ruhunu o qədər də mükəmməl ifadə etmir. Ancaq A.Blok əsərlə bağlı söylədiklərinə bu fikirləri də əlavə edib: "Mən poemaya diqqətlə baxdım, onun sonluğunu dəfələrlə oxudum və dedim: Təəssüf ki, sonluq düzdür. Bunu mən də istəməzdim".
Əlbəttə, A.Blok sənət qayəsi və şair naturası etibarı ilə sivmolist idi, hadisələrə xüsusi baxış bucağı onu başqalarından fərqləndirirdi. O, bir hadisəyə həmişə, necə deyərlər, iki qiymət verirdi və bu qiymətlər bir-birinin tamamilə əksi olurdu. Blokun poeması həyatda, cəmiyyətdə baş verən hadisələri dəyərləndirmək, habelə poema janrının varoluşunun-mövcudluğunun əsaslarını öyrənmək baxımından səciyyəvidir. Poemada təsvir, hadisələrin nəql edilməsi poetik süjetin üst qatıdır, alt qatda dəyərləndirmə, hadisələrə ziddiyyətli münasibət, eyni zamanda oxucu baxışı və ideyaları ilə müxaliflik formalaşdırılır. Bunu daha yaxşı anlaya bilmək üçün ilk poemaların yarandığı çağlara ekskurs etmək gərəkdir.
İlk poemaların yarandığı yer Yunanıstan hesab olunur və "qədim Yunanıstanda xalqın yaratdığı o epik əsərlərə poema adı verilirdi ki, orada əfsanəvi qəhrəmanların, yaxud Allahların həyatından və şücaətindən bəhs olunsun. Xalq fantaziyasının məhsulu olan bu surətlər qədim Yunanıstandakı xalq həyatının mühüm cəhətlərini əks etdirirdi". Lakin qeyd olunmalıdır ki, qədim türk eposunun yaşı heç də yunan eposunun tarixindən az deyil, bəlkə də ondan daha qədimdir. AMEA-nın həqiqi üzvü, professor Nizami Cəfərovun yazdığı kimi: "Qədim türk eposu bir neçə minillik mifoloji-epik düşüncə axtarışlarının nəticəsi olaraq eramızdan əvvəl I minilliyin ortalarında formalaşmışdır və bir məsələ məlumdur ki, qədim türk eposunun əsasında protürk-türk mifologiyası dayanır".
Həyatın həm epik, həm də lirik təsvirini verən, təhkiyə və tərənnümün qarşılıqlı vəhdəti əsasında formalaşan, "mənzum povest, süjetli mənzum hekayə kimi xarakterizə edilən poemanın" bir janr olaraq təşəkkülü və inkişafı daha çox yazılı ədəbiyyatla bağlı olmuş, "tarixi şəraitin dəyişilməsi ilə əlaqədar olaraq, poemanın məzmun və forması da dəyişmiş", eposdan sinkretik formaya malik olan bir xüsusi janra qədər tarixi inkişaf yolu keçib.
Yunanca "poiema" – "qurmaq, yaratmaq" sözündən əmələ gələn və süjetli şeir növü olan" poemada "həm epik təsvir, həm də təsvir olunan hadisələrə şairin lirik münasibəti, müdaxiləsi bir-birinə qaynayıb-qarışdığından belə əsərləri xüsusi bir janr təşkil edən lirik-epik növ adlandırmaq daha doğru olar". Avropada poema kimi xarakterizə olunan bu janr Şərq, eləcə də Azərbaycan ədəbiyyatında məsnəvi, Güneydə mənzumə və məsnəvi, Türkiyə ədəbiyyatında isə uzun şeir, mənzumə, 1950-ci illərdən sonra isə həm də poem, yəni poema olaraq adlandırılıb...
Ümumiyyətlə, ədəbiyyat nəzəriyyəsində bu janr, əsasən, belə təqdim olunur: "Poema - ədəbiyyatın lirik-epik nəqletmə formalarından biridir, şeirlə süjetli nəqletmədir. Şeirlə yazılmış povest və ya hekayədir. Şair poemada öz qəhrəmanının iştirak etdiyi sərgüzəşti və keçirdiyi həyəcanları da təsvir edir, eyni zamanda lirik əsərlərdə olduğu kimi, poemada da təsvir olunan həyat hadisələrinə qarşı öz münasibətini, sevinc və kədərini bildirir. Şair bu münasibətləri poemanın lirik ricətlərində hekayə ilə eyni emosional vüsətdə tərənnüm edir, bu da poemaya şairanə ifadə tərzi verir. Beləliklə, poemada qəhrəmanlarla yanaşı, haqqında danışılanlarla bərabər lirik qəhrəman, şairin özü də iştirak edir".


Esmira Fuad
ədəbiyyatşünas-publisist