OLJAS SÜLEYMENOV - Müasir qazax ədəbiyyatının dünya şöhrətli nümayəndəsi Ədəbiyyat

OLJAS SÜLEYMENOV - Müasir qazax ədəbiyyatının dünya şöhrətli nümayəndəsi

1-ci yazı

Oljas Ömər oğlu Süleymenov 18 iyun 1936- cı ildə Alma-Ata şəhərində anadan olub. O.Süleymenov 1954-1959-cu illərdə Qazaxıstan Dövlət Universitetinin Geoloji kəşfiyyat fakültəsində təhsil alıb. O, 1959-cu ildə neft geologiyası mövzusu üzrə diplom müdafiəsi edərək universiteti bitirib. Onun sənətə gəlişi 1955-ci ilə təsadüf edir. Təhsilini bitirdikdən sonra ixtisası üzrə işləməyə başlayıb.
1961-1962-ci illərdə M.Qorki adına Ədəbiyyat İnstitutunda təhsil alıb. Dövrü mətbuatda ilk dəfə məqalə ilə çıxış edib. Onun “Köçərilər və Rus” adlı həmin məqaləsi 1962-ci ildə çap olunub. 1959-cu ilin iyununda Oljas Süleymenovun “Literaturnaya qazeta”da dərc olunan seçilmiş şeirləri şairin mərkəzi mətbuatda çap olunan ilk mətbu əsəri hesab olunur. O, 1962-ci ildə Qazaxıstan Dövlət Universitetinin aspiranturasına daxil olur, elə həmin ildə Yazıçılar İttifaqına üzvlüyə qəbul olunur. Oljas Süleymenov 1962-1971-ci illərdə “Kazaxskaya pravda” qəzetində ədəbiyyat məsələləri üzrə əməkdaş və “Qazaxfilm” kinostudiyasında baş redaktor işləyir. 1972-ci ildən Asiya və Afrika ölkələri yazıçıları ilə Qazaxıstan əlaqə komitəsinin sədri vəzifəsinə təyin olunur. 1975-ci ildə O.Süleymenov “Az-Ya” əsərini yazır. Əsər təkcə filologiya, tarix sahəsində yox, siyasi düşüncəyə təsirinə görə cəmiyyətdə də böyük rezonans doğurur. Əsərin ruhu o vaxtkı ideologiyaya zidd olduğu üçün O.Süleymenovun “Az-Ya” kitabı haqqında Qazaxıstan KP MK-nın 17 iyul 1976-cı il tarixli xüsusi qərarında kitab “ideoloji və metodoloji” baxımdan qüsurlu hesab olunur.
O.Süleymenov 1971-1981-ci illərdə Qazaxıstan Yazıçılar İttifaqının katibi vəzifəsini tutur. 1981-83-cü illərdə isə Qazaxıstan SSR Kinematoqrafiya Komitəsinə rəhbərlik edir. O, 1983-cü ildə Qazaxıstan Yazıçılar İttifaqının birinci katibi seçilir. O.Süleymenov 1989-cu ildə “Nevada Semipalatinsk” ictimai hərəkatının əsasını qoyur.
O, 1991-ci ilə qədər bir neçə çağırış Qazaxıstan və SSRİ Ali Sovetinin deputatı olub. O.Süleymenov 1990-cı ilin 20 Yanvar faciəsi ilə əlaqədar doğma türk soydaşlarına başsağlığı vermək üçün Bakıya gəlib və Kremlin Qurultaylar sarayında faciənin günahkarı olan ermənipərəst Qorbaçov rejimini tənqid edib. 1991-ci ildə Qazaxıstanda milli müstəqillik elan olunduqdan sonra O.Süleymenov ölkənin ictimai-siyasi, mədəni həyatında yaxından iştirak edib və etməkdə davam edir. Hazırda YUNESKO-da Qazaxıstanın səlahiyyətli nümayəndəsi kimi fəaliyyət göstərir. 2011-ci ildə Azərbaycan Respublikasının “Dostluq” ordeni ilə təltif edilib.
Yaradıcılığında daha çox milli-estetik normaların dürüst formalarını tətbiq edən, dünya miqyasında tanınan müasir qazax ədəbiyyatının görkəmli şəxsiyyətlərindən biri (eyni zamanda deyərdim ki, birincisi) Oljas Süleymenovdur. “Oljas Süleymenov dünyanın bizə məlum olan, bəlkə də yeganə şairidir ki, təfəkkürü eyni zamanda həm zəngin etnoqrafik potensiala, həm də müasir poetik “diplomatiya”ya malikdir - naturalizmlə analitizmin bu cür üzvü vəhdətini verən ikinci bir şairi təsəvvürə gətirmək qeyri-mümkündür...” (N.Cəfərov)
O.Süleymenov yaradıcılığında bu gündən keçmişə və gələcəyə körpü salan təəssübkeş sənətkardır. O. Süleymenov yaradıcılığında “Az-Ya” əsərinin xüsusi yeri var. Əsər türk xalqlarının tarixinə, dilinə, ictimai-siyasi tarixi nüfuzuna orijinal yanaşma baxımından müstəsna əhəmiyyət daşıyır. İki hissədən ibarət olan, bütün məsələlərə elmi və milli-tarixi prinsiplər daxilində obyektiv münasibət bildirən “Az-Ya” kitabı həm də qədim tarixə malik türklərin milli-estetik dəyərlərini, ədəbi-mədəni tarixini öyrənmək, eyni zamanda Avro-Asiya məkanında yaşayan bir çox xalqların mədəni və siyasi tarixlərinin bəzi məqamlarına işıq salmaq baxımından maraq doğurur.
Lakin Oljas Süleymenov bir tarixçi alim, etnoqraf olmaqla yanaşı, həm də müasir qazax şeirinin görkəmli, məşhur nümayəndəsidir. Onun poeziya qüdrəti bir neçə cəhətinə görə fərqlənir və seçilir. O.Süleyme- nov yaradıcılığı həm mövzu, həm də forma baxımından orijinaldır. Ona görə də O.Süleymenov oxucuların nəzərində sovet şairlərinin (bəziləri istisna olunmaqla) ənənəvi mövzu və forma modelini əsasən qəbul etməyən şair “görkəmi” ilə daha çox fərqlənir. Onun poeziyasında sovet rejiminin qadağalar qoyduğu mövzu məhdudiyyətinin olmaması, fərqli düşüncə tərzi və bunun poetik detal, poetik nümunə şəklində özünü büruzə verməsi adi hala çevrilib. Bu səbəbdəndir ki, O.Süleymenov lirikasında siyasi motiv və çalar ön planda dayanıb, şair idealının əsas göstəricisi kimi diqqəti cəlb edib.

Ölkəm!
Sən də Qazaxıstanla bil,
Ən sınanmış,
Ən dözümlü oğullarını
Biz təkcə səni sevirik
Yanırıq,
Təkcə sənin eşqinə.
Qoruyuruq haqqımızı—
Dişlərimiz kilidlənmir
Tab eləmir
Qoruyuruq çöl genişliyiynən,
Alatau dağlarının ucalığıynan
Qışqırmaq haqqımızı!

O.Süleymenov yaradıcılığında tarixi özünüdərkin əhatə dairəsi olduqca böyük görünür. Bu qrup şeirlərində şair narahatçılıqlarını oxucu tam mənada dərk edir, ona şərik çıxır. Şair də öz növbəsində milli-etnik kimlik düşüncə təsirində tarixi səyahətə üstünlük verir: “Mən şəhər oğluyam, çöl-biyabanla döyüşə yollanmalıyam. Nurani qocalar, bilmək istəyirəm, deyin, mənim şəhərlərim necə məhv olub?” - deyimi ilə tarixi suala cavab axtarır:

Bəyaz Otrar şəhərim,
Hanı qala divarların?
Yarım ilə alov tutub yandımı?
Dözmədimi döyüşlərə?
İki yüz gün, gecə-gündüz?
Uzun çəkdi mühasirə.
Yeraltı yollar kəsili.
Nə çörək var, nə ət, nə ot.

Bütün hallarda şairin tarixə “boylanması” mənsub olduğu xalqın minillərdən üzübəri gəlişi və tarixi faciələrlə üzləşməsinin salnaməsini xatırladır. Bu məqamda uzaq və yaxın keçmişin xatırlanması xalqı üçün döyünən həssas bir ürəyin narahatçılıqları təsirindədir:

El-obalar kül altda,
Hələ çox anmaq olar
Külə dönən o çölü
Ürək istəmir nəsə
Çünki o səsləyir
Qisas almağa!
Necə ovunduraq
Nə cür atlandıraq
Ürəyim səni?

O.Süleymenov sənətində türkün tarixi dünyasına səyahət və ona həsrət ifadə edən münasibət diqqəti cəlb edən xüsusi haldır. Daha doğrusu o, bu halda “türk çölləri boyu Şərqdən Qərbə çapan bir atlıya bənzəyir” (N.Cəfərov). Qeyd edək ki, şair öz “səyahətində” vətəndaşlıq missiyasını yerinə yetirir:

Mən yenə üz tutdum uzaq səfərə.
Beynimdə həkk olub bir qanun ancaq.

Öz tarixinə ürəkdən bağlanan şairin bu “səyahətdə” dünyanı “hədəf’ seçməsi təsadüfi səslənmir. Belə geniş masştaba iddialı olan şairin məqsədi tarixin daş yaddaşında türkün izlərini görmək və müəyyən-ləşdirməkdir. Bu halda O.Süleymenov haqlı görünür. Gəzdiyi yerlərdə mənsub olduğu xalqın dünənindən və bu günündən söhbət açmağı özünə borc bilir:

Köç edib gəzirəm bu yer üzünü qarışbaqarış,
Məsləhət görürlər bir bina qurum.
Mənsə fürsət düşən kimi Afrikanı,
Fransanı,
Asiyanı dolaşıb,
Açıb gözlərini Hələbdəki ərəbin,
Nyu-Yorkda dastanlardan söz açıb geri dönürəm…

“Dastanlardan söz açıb geri qayıdan” şair nə qalibdir, nə də məğlub. O, bütün görüntülərdə sadəcə vətəndaş və insandır. Ürəyində bəşəri duyğuları yaşadan, torpağına qəlbən bağlı olan bir insan və vətəndaş. Onun insan və vətəndaş hüququ yüksək olduğu üçün sözünün kəsəri daha da artır, haqq sözünü daha da cəsarətli deyir:

Ölkəm,
Sən Qazaxıstan sınağından çıxmısan
Bu yerdə
Xaç əlindən tərpənməyə yer yoxdur.

O.Süleymenov bu cür deyimdə inzibati-amirlik və totalitar dövrünün amansızlıqlarını göz önünə gətirir. O dövrün dəhşətlərini xatırlayır. Sürgün yeri kimi seçilmiş Qazaxıstanın “milyonlara qəbir evi” olmasını təəssüflə qeyd edir. Torpağının, ölkəsinin və millətinin bu faciələrdə günahsız olduğunu bilsə də, başqalarından üzr istəməyi özünə borc bilir. Əslində şairin üzrxahlığı öz ölkəsinin günahlarından irəli gəlmir, O.Süleymenovun bu poetik üsyankarlığında böyük bir rejimin, böyük bir imperiyanın, onun qanunlarının ittihamı önə keçir:

Qazaxıstan!...
Təkcə səndə yerləşir
Bütün yer üzündəki
Paytaxtların türməsi
Sən ucsuz-bucaqsız sürgün yerisən
Kiçik bir xəritədə.

Elman Quliyev
filologiya üzrə elmlər doktoru, professor