Latviya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir Siyasət

Latviya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Latviya Xarici İşlər Nazirliyinin dövlət katibi Andreys Pildeqoviçs ilə görüşüb.
Tərəflər Azərbaycan və Latviya arasında əməkdaşlığın inkişafından, o cümlədən hərbi sahədə əlaqələrdən məmnun olduqlarını bildiriblər və digər istiqamətlərdə də tərəfdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar.
Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqların nəticəsiz qalması,BMT Təhlükəsizlik Şurasının qətnamələrin tələblərinə əsasən Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılmasının yerinə yetirilməməsi və digər məsələlər barədə Latviya tərəfinə məlumat verilib.
Zakir Həsənov ermənilər tərəfindən Azərbaycan xalqına qarşı Xocalı şəhərində törədilmiş dəhşətli qətliama dair bəyanatla çıxış etdiyinə görə Latviya Seyminə və ümumilikdə Latviya xalqına minnətdarlığını bildirib.
Andreys Pildeqoviçs Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə beynəlxalq hüququn normaları və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həllini Latviyanın daim dəstəklədiyini diqqətə çatdırıb. O, bir sıra beynəlxalq, eləcə də Avropanın müxtəlif qurumlarında keçirilən tədbirlərdə Azərbaycanın haqlı mövqeyinin Latviya tərəfindən daim dəstəkləndiyini və bundan sonra da bu mövqenin dəyişilməz qalacağını vurğulayıb.
Görüşdə beynəlxalq sülhyaratma əməliyyatlarında Azərbaycanın iştirakı, ölkələrin təhlükəsizliyinə təhdid olan beynəlxalq terrorizmə və separatizmə qarşı qəti mövqe nümayiş etdirilməsi və qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlərə dair müzakirələr aparılıb.