Amerikalı həmsədrdən bədbin proqnoz Siyasət

Amerikalı həmsədrdən bədbin proqnoz

Ceyms Uorlik: "...Daha pis ola bilər"

"Qaçqın və məcburi köçkünlərə öz evlərinə qayıtmaq imkanı verilməlidir"

"ATƏT-in Minsk Qrupu həmsədrləri bu ilin sonuna kimi Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etmək niyyətindədir".
Bu sözləri ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Ermənistanda deyib. O bildirib ki, yüksək səviyyədə görüşün təşkili onun İrəvan və Bakıya səfərinin əsas müzakirə mövzularından olacaq: "Ermənistanda dekabrın əvvəlində referendum keçiriləcək. Ona görə də prezidentlərin qrafiki səbəbi ilə görüş referendumdan sonra, lakin ilin sonuna kimi təşkil edilə bilər".
Uorlik qeyd edib ki, buna kimi isə prezidentlərdən aşağı səviyyədə danışıqları intensivləşdirmək lazımdır: "Bu, ya komissiya, ya da işçi qrupu ola bilər. Həmsədrlərin yardım etməyə hazır olduğu xalq diplomatiyası layihələri də çox vacibdir".
Ceyms Uorlik deyib ki, ATƏT-in Minsk QrupununDağlıq Qarabağ münaqişəsi tərəflərinin atəşkəsə əməl etməsinin monitorinqini həyata keçirmək üçün effektiv vasitələri yoxdur.
Həmsədr ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin üzvləri Ed Roys və Eliot Engelin Dağlıq Qarabağda, təmas xəttində atəşkəs pozuntularına kimin yol verməsindən asılı olmayaraq təfərlərə bərabər yanaşılması ilə bağlı müraciətini hələ almadığını, lakin onun məzmunundan xəbərdar olduğunu söyləyib. O bildirib ki, insidentlərin araşdırılması mexanizmlərinin yaradılması ideyası bir neçə ildir müzakirə olunur: "Bakıda bu təklif rədd edilməyib. İnsidentlərin araşdırılması mexanizmi münasibətlərin normallaşmasına kömək edə bilər. Mənim xalqlara mesajim var. Hesab edirəm ki, onlar da zorakılıqlardan, itkilərdən yorulublar. Kifayətdir. Sülhün vaxtı çatıb. Bu, asan olmayacaq, ancaq daha pis də ola bilər".
Uorlik bildirib ki, qaçqın problemi nəzərə alınmadan Dağlıq Qarabağmünaqişəsi ilə bağlı hərtərəfli həllə nail olmaq mümkün deyil.
O, qeyd edib ki, bu məsələ hər dəfə açıq şəkildə müzakirə edilməsə də, bütün görüşlərdə ona lazımi diqqət ayrılır: "Regionda yüz minlərlə qaçqın var. Onları dinləmək lazımdır. Qaçqın və məcburi köçkünlərə öz evlərinə qayıtmaq imkanı verilməlidir".
Ceyms Uorlik Azərbaycana səfər zamanı Dağlıq Qarabağın azərbaycanlı icmasının nümayəndələri ilə görüşəcəklərini açıqlayıb. Amerikalı həmsədr münaqişə tərəflərini təxribatlardan çəkinməyə çağırıb və tərəflərin ağır silahlardan, artilleriya və raket qurğularından istifadə etmələrindən narahatlığını bildirib: "Bu, gərginliyin artmasına, dinc əhalinin ölümünə səbəb olur. Tərəflər ağır texnikadan istifadə etməmək öhdəliyini üzərlərinə götürməlidirlər. Düşünmürəm ki, tərəflərdən hansısa münaqişənin genişlənməsini istəsin".