“Dədələrimiz bizə gerçək qardaşlığın necə olduğunu hələ 100 il öncə bir daha yenidən öyrədiblər” Siyasət

“Dədələrimiz bizə gerçək qardaşlığın necə olduğunu hələ 100 il öncə bir daha yenidən öyrədiblər”

Qənirə Paşayeva: "Azərbaycan türkləri Çanakkalada, Nuru Paşanın rəhbərliyi ilə isə Anadolu türkləri Azərbaycanda bunu sübut ediblər"

Millət vəkili Qənirə Paşayeva Beynəlxalq Festivalın açılışında Qarabağla bağlı çağırış edib. Qənirə Paşayeva Trabzonda Beynəlxalq Kitab Festivalının açılışında çıxış edərək "bu gün birlik, bir-birimizə daha çox sahiblənmə, dəstək olmaq zamanıdır" - deyib.
Beynəlxalq Kitab Festivalının açılışında çıxış edən Qənirə Paşayeva Türk kökənli bütün insanlarımızı Türk dünyasının müxtəlif bölgələrində yaşadığımız ağrı-acılara xüsusi həssaslıq göstərməyə çağırıb və bunun vacibliyindən geniş danışııb. Türkiyənin bir sıra rəsmi şəxsləri, ziyalıları, KİV nümayəndələri, Türk və Müsəlman dünyasının müxtəlif bölgələrindən gəlmiş tanınmış şair, yazar, aydınların, ictimai fəalların qatıldığı tədbirdə deputat "son günlərdə Azərbaycanda qardaşlarımız Vətən üçün şəhid oldu. Azərbaycanda və Türkiyədə şəhid olmuş qardaş və bacılarımızı rəhmətlə, sevgi ilə anırıq" - deyib və "Türk dünyası aydınlarına, şair, yazar və KİV-lərinə səslənərək topluma örnək olaraq bu günkü və gələcək nəsillərə birlik və bərabərliyimizin nə qədər vacib və önəmli olduğunu daha çox anlatmalıyıq" - deyib:
"Bunun üçün isə ilk növbədə biz biri-birimizi daha yaxından tanımalıyıq, ortaq tariximizi, köklərimizi, mədəniyyətimizi, ədəbiyyatımızı, musiqimizi, keçmiş və bu günümüzü, problemlərimizi, gələcəyə baxışlarımızı gənclərimizin daha yaxşı bilməsinə çalışmalıyıq".
Bu gün Türk dünyasının müxtəlif bölgələrində türk kökənli insanların yaşadığı ağrılardan, əziyyət çəkdiyi problemlər barədə geniş məlumatlar verən Q.Paşayeva "güc birlikdədir və birlikdə bizə qarşı ədalətsizliklərə qarşı daha güclü mübarizə apara bilərik" - deyib.
Bölgədə son günlər daha da gərginləşən vəziyyət barədə geniş çıxış edən Q.Paşayeva "qardaşlıq yaxşı gündə də, çətin gündə də birlikdə olmaqdır" - deyib və Azərbaycan xaqının hər zaman qardaş Türkiyənin yanında olduğunu xüsusi vurğulayıb və bütün türk dünyasını, harada doğulub harada yaşamasından asılı olmayaraq hər bir türk insanını Azərbaycanın və Türkiyənin yanında olmağa çağırıb:
"Bizim dədələrimiz, Azərbaycan türkləri Çanakkalada canlarını qurban verməklə, Nuru Paşanın rəhbərliyi ilə Azərbaycanın ağır günlərində köməyə gələn Anadolu türkləri şəhid olaraq bizə gerçək qardaşlığın necə olduğunu hələ 100 il öncə bir daha yenidən öyrədiblər.
Bundan sonra da belə olacaq. Azərbaycan bizim olduğu qədər sizin, Türkiyə də buradakı insanımız qədər sizin, bizim, sizin yaşadığınız o gözəl yurdlarımız da sizin olduğu qədər də bizimdir, bizim də Vətənizmidir.
Bu düşüncəyə və birliyə gəncliyimizin daha çox sahib olması gərəkir və inanıram ki, gənclərimizin əksəriyyəti məhz bu ruh və düşüncəyə sahib olacaqlar".
Azərbaycanın ümumimilli lideri Heydər Əliyevin Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir, Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin gücü Azərbaycanın, Azərbaycanın gücü Türkiyənin gücüdür düşüncəsini xüsusi vurğulayan Q.Paşayeva çıxışında Azərbaycanın və Türk dünyasının ən böyük problemlərindən olan Qarabağ problemindən, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlamasından, törətdiyi vandalizm aktlarından, Xocalı Soyqırımından da danışaraq bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün çalışmalıdır:
"Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir. Ona görə də Türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq".
Bu məsələdə ailələrimizin, aydınlar, şair, yazar və jurnalistlərin üzərinə çox böyük missiya düşdüyünü xüsusi vurğulayan deputat onları daha fəal olmağa çağırıb.
O, Trabzonun mərkəzi parklarından birinə Qarabağ adının verilməsi, Azərbaycanlı şəhidlərə abidə qoyulması və mərkəzi küçələrdən birinə Azərbaycan adı verilməsi ilə bağlı təklifiərinin bələdiyyə başqanı tərəfindən dəstəkləndiriyini deyərək, bu cür addımların önəmindən də danışıb və təşəkkürünü bildirib.
Deputat çıxışını "inşallah yaxın zamanlarda belə tədbirləri birlik və bərabərlik içində Ermənistanın işğalından azad edəcəyimiz Dağlıq Qarabağımızda və digər o gözəl bölgələrimizdə də birlik və bərabərlik içində qeyd edək. İnanırıq ki, o gün uzaqda deyil" sözləri ilə bitirib.
Q.Paşayeva tədbir iştirakçılarına araşdırmaçı-yazar İmdat Avşarla birlikdə həmmüəllifi olduğu "Karabağ hikayeleri" kitabını imzalı hədiyyə edib və onları Azərbaycana dəvət edib.