“Prezidentin səfərinin əhəmiyyəti böyükdür” Siyasət

“Prezidentin səfərinin əhəmiyyəti böyükdür”

"Yaddan çıxarmamalıyıq ki, prezident həm də Ali Baş Komandandır. Bütün xalqın diqqəti cəbhə xəttinə yönəlib və prezident xanımı ilə cəbhə bölgəsinə səfər etməsi yerində və təqdirəlayiq addımdır".
Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevanın cəbhə bölgəsinə səfərinə münasibət bildirən millət vəkili, politoloq Rasim Musabəyov belə deyib.
Rasum Musabəyov Ali Baş Komandanın bu addımının hər kəs tərəfindən müsbət qarşılandığını vurğulayıb.
Millət vəkili, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa bildirib ki, dövlət başçısı və xanımının atəş altında, çətin vəziyyətdə olan bölgələrə səfəri nümunəvi addımdır: "Çünki bu gün insanların daha çox mənəvi dəstəyə ehtiyacı var. Həm də maddi itkilər baxımından problemləri dövlət başçısının birbaşa özünün müşahidə etməsi vacibdir. Ona görə ki, bir çox halda yerlərdə vətəndaşların problemlərinin həllinə bir az səthi yanaşa bilərlər. Amma prezidentin səfərindən sonra artıq orada evləri dağılmış insanlara tam mənası ilə ciddi dəstək veriləcək. Bu baxımdan dövlət başçısının səfəri çox müsbət addımdır. Yaxşı bir haldır ki, dövlət başçısı bu səfərlərə hər dəfə belə əhəmiyyət verir. Əhali ilə birbaşa görüşmək, təsəlli vermək, onlarla söhbətləşmək mühümdür".
Fazil Mustafa digər rəsmilərini dövlət başçısından nümunə götürməyə çağırıb: "Nazirlər Kabinetinin bütün üzvləri də belə addım atmalıdırlar. Çünki hər yerə prezidentin getməyə imkanı və vaxtı yoxdur. Harada dağıntılar, problemlər varsa, Nazirlər Kabinetinin üzvlərinin o ailələrlə də görüşməsi yaxşı olardı".
Politoloq Qabil Hüseynli də dövlət başçısının cəbhə bölgəsinə səfərinin çox əhəmiyyətli olduğunu bildirib: "Çünki mülki əhali son günlər erməni təcavüzkarlarının atəşinə məruz qalmışdı. Həm cəbhə bölgəsində əhalinin problemlərinin öyrənilməsi, həm də ruh yüksəkliyi baxımından səfərin əhəmiyyəti böyükdür. Eyni zamanda hərbçilərin də ruh yüksəkliyinin qorunub saxlanılması baxımından səfər böyük əhəmiyyətə malikdir.
Azərbaycan prezidenti xanımı ilə birlikdə həm əsgərlərə görüşdü, onların yemək və yataq şəraiti, döyüş vəziyyəti ilə yaxından tanış oldu, həm də atəş altında qalmış evlərə baxdı, həmin evlərin təcili bərpa edilməsi tapşırığı verdi. Beləliklə, Azərbaycan prezidenti Ali Baş Komandan kimi göstərdi ki, orduya hərtərəfli qayğı göstərir, cəbhə bölgəsinin sakinlərinin həyat şəraiti diqqət mərkəzindədir. Ordu və yerli əhalinin dövlət başçısının səfərindən xeyli razı qaldığını müşahidə etdik. O insanlar gördülər ki, dövlət ciddi ordu quruculuğu ilə məşğuldur. Prezidentin cəbhə bölgəsində verdiyi bəyanatda da vurğulandı ki, Azərbaycan öz torpaqlarını geri qaytarmaq üçün lazım olan bütün vasitələrdən istifadə edəcək. Dövlət başçısının yüksək əhval-ruhiyyədə olması və prinsipial mövqedə dayanması orduya və əhaliyə də sirayət etdi. Bu, indiki həssas məqamda həm də dünyaya cəsarətli mövqenin nümayişi idi. Azərbaycan prezidenti göstərdi ki, kənar təzyiqlərə, təlqinlərə baxmayaraq, Azərbaycanın ərazi bütövlüyündən imtina etməyəcək".
Hərbi ekspert Üzeyir Cəfərli indiki həssas məqamda Ali Baş Komandanın cəbhə bölgəsinə səfərinin önəmli və cəsarətli addım olduğunu qeyd edib: "Ali Baş Komandanın cəbhə bölgəsinə getməsi, əsgərlərə baş çəkməsi, mülki vətəndaşlarla görüşməsi heç nə ilə müqayisə olunmayacaq bir hadisədir. Bu, belə də olmalı idi. Silahlı Qüvvələrimizin son əməliyyatı Qarabağın işğaldan azad olunacağı ilə bağlı ümidlərimizi daha da artırdı. Ali Baş Komandan da əsgərlərə, zabitlərə baş çəkərək bəyan etdi ki, Azərbaycan bu durumla barışmayacaq, bunun davamı olacaq. İnşallah, davamı da çox tezliklə özünü göstərməlidir. Bunun üçün Birinci Qarabağ Savaşının iştirakçıları olan peşəkarların gücündən də istifadə etməliyik".