“Sarkisyanın Dağlıq Qarabağla bağlı planı yoxdur” Siyasət

“Sarkisyanın Dağlıq Qarabağla bağlı planı yoxdur”

Elxan Şahinoğlu: "Azərbaycanın mülki əhalisini hədəf almaq planı da işə yaramadı"

"Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyan hazırki prezident Serj Sərkisyanla müvəqqəti ittifaqdadır".
Bunu politoloq Elxan Şahinoğlu Ter-Petrosyanın Dağlıq Qarabağa səfərini şərh edərkən deyib. Onun sözlərinə görə, bu ittifaq hər ikisi üçün taktiki xarakter daşıyır. Politoloq onu da bildirib ki, keçmiş dövlət başçısı Robert Köçəryan Ter-Petrosyan üçün daha qorxulu fiqurdur: "Levon Ter-Petrosyan Köçəryana qarşı Sarkisyanla mövqelərini yaxınlaşdırıb, ancaq bir müddət sonra bu ittifaq da dağılacaq. Hələliksə Levon Ter-Petrosyan Xankəndinə gəlməklə Sarkisyanın mövqelərini gücləndirməyə çalışır. Ancaq eks-prezident onu da yaxşı bilir ki, Sarkisyanın siyasi karyerasının sonu yaxınlaşır və onu xilas etmək praktik baxımdan mümkün deyil. Levon Ter-Petrosyan Sarkisyanın dəstəyi hesabına öz reytinqini qaldırmaq istəyir. Dağlıq Qarabağa səfər də bu reytinq siyasətinin tərkib hissəsidir".
Elxan Şahinoğlunun fikrincə, Serj Sarkisyan Ter-Petrosyandan öz məqsədləri üçün istifadə etmək istəyir: "Sarkisyan Dağlıq Qarabağ məsələsində Levon Ter-Petrosyandan dəstək gözləyir. Sarkisyanın Dağlıq Qarabağla bağlı planı yoxdur, Azərbaycanın mülki əhalisini hədəf almaq planı da işə yaramadı. Ona görə də Sarkisyan Qarabağ məsələsində Ter-Petrosyandan konsensus gözləyir. Çünki o, Dağlıq Qarabağla bağlı təkbaşına qərar vermək istəmir. Bu, onun üçün böyük yükdür. Ancaq məncə, Ter-Petrosyanın da hələ ki Qarabağla bağlı yeni fikri yoxdur".
Politoloq Levon Ter-Petrosyanın yaxın günlərdə "Ermənistan problemi həll etmək üçün Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmalıdır" fikrini dilə gətirəcəyinə inanmadığını da vurğulayıb: "Bunu Levon Ter-Petrosyana, eləcə də indiki prezident Serj Sarkisyana yalnız Azərbaycan ordusu döyüş meydanında növbəti uğurları ilə dedirdə bilər".