“Azərbaycan işğal tarixlərini zəfər tarixlərinə çevirməyə qadirdir” Siyasət

“Azərbaycan işğal tarixlərini zəfər tarixlərinə çevirməyə qadirdir”

Heç kəs deyə bilməz ki, Azərbaycan ordusu yeni bir əməliyyat planı həyata keçirməyəcək. Bunu politoloq Qabil Hüseynli deyib. Sabiq dövlət müşaviri Qarabağ ətrafında gedən proseslərin fonunda çox ilginc açıqlama verib: "Əməliyyatlar dayandırılarkən Rusiya vəd etdi ki, Putin Qarabağ problemini çox qısa müddətdə həll edəcək. Əvəzində isə Ermənistana silah və təlimatçıların göndərilməsinin şahidi olduq. Məhz bundan sonra Ermənistan atəşkəsi ciddi surətdə pozaraq mülki əhalini vurmağa başladı. İrəvan məğlubiyyətini mülki əhalidə qorxu yaratmaqla kompensasiya etməyə çalışır. Belə olan təqdirdə isə Azərbaycanın qarşısına yeni bir seçim çıxır. Bu da ondan ibarətdir ki, Azərbaycan 2-5 aprel tarixlərində ölkədə yaranmış milli birliyi inkişaf etdirməklə yeni əməliyyatlara başlaya bilər. Heç kəs deyə bilməz ki, ordu yeni bir plan həyata keçirməyəcək. Ordumuz yeni texnika və qüvvələrlə möhkəmləndirilməkdə davam edir. Bunu mühüm bir faktor kimi qiymətləndirmək lazımdır".
Q.Hüseynli Azərbaycan ordusunun dördgünlük müharibədən daha fərqli, yenimiqyaslı əməliyyatlara qadir olduğunu xatırladıb:
"Bir politoloq kimi deyə bilərəm ki, genişmiqyaslı əməliyyatlar üçün hətta uyğun bir tarix də seçmək olar. Bunu hərbi strateqlər də artıq dilə gətiriblər. Azərbaycan işğal tarixlərini zəfər tarixlərinə çevirməyə qadirdir".