“Ermənistanın əsas məqsədi...” Siyasət

“Ermənistanın əsas məqsədi...”

Xələf Xələfov: "Təxribatları davam etdirərək, işğal etdiyi ərazilərdə möhkəmlənməkdir"

"Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəsin sistematik pozması, dağıdıcı silahlardan istifadə edilməsi nəticəsində müharibə yenidən təkrarlana və yeni qaçqın axınının yaranmasına səbəb ola bilər".
Bunu Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov BMT-nin İrqi Ayrı-seçkiliyin aradan qaldırılması ilə mübarizə komitəsinin Azərbaycanla bağlı iclasında deyib.
X. Xələfov qeyd edib ki, Ermənistan Silahlı Qüvvələri Azərbaycanın yaşayış məntəqələrini intensiv artilleriya atəşinə tutur.
"Nəticədə hərbçilər, mülki şəxslər həlak olub. Müxtəlif binalara, məktəblərə zərər dəyib. Ermənistanın cinayətkar addımları beynəlxalq humanitar hüququ pozur, yeni sosial böhran yaradır.
Ermənistanın əsas məqsədi təxribatları davam etdirərək, mövcud status-kvonu saxlamaq və işğal etdiyi ərazilərdə möhkəmlənməkdir. Beynəlxalq ictimaiyyəti Ermənistanın bu addımlarının qarşısını almaq üçün preventiv tədbirlər görməyə çağırırıq. Ermənistan sülh danışıqlarına qayıtmalı və Azərbaycan torpaqlarından çıxmalıdır. Biz məhsuldar dialoqa hazırıq", - deyə nazir müavini vurğulayıb.