Rəsmi Irəvan Dağlıq Qarabağın “müstəqilliyini” tanısa nələr baş verəcək? Siyasət

Rəsmi Irəvan Dağlıq Qarabağın “müstəqilliyini” tanısa nələr baş verəcək?

Vasif Əfəndiyev: "Yerevan hakimiyyəti birbaşa danışıqlar prosesindən uaqlaşdırılacaq"

Elxan Şahinoğlu: "Bu, müharibəyə aparan yoldur"

Ermənistandan Azərbaycana növbəti hədələyici mesaj gəlib. İşğalçı ölkə bildirib ki, Ermənistan Dağlıq Qarabağın "müstəqilliyini" tanıya bilər. Məlumat üçün qeyd edək ki, Ermənistanda müxtəlif partiyalar bu məsələni hər il aktuallaşdırmağa, hətta bu məsələni parlamentdə səsverməyə çıxarmağa çalışırlar. Bəs görəsən indiki halda rəsmi İrəvanın bu hədəsi nəyə hesablanıb və qondarma rejimin tanınması hansı mənfi fəsadlara yol aça bilər?

"Ermənistan hakimiyyəti may ayının 5-də qondarma Dağlıq Qarabağ Respublikasını müstəqil dövlət kimi tanımaq haqqında dinləmələrə başlayacağını açıqlayıb. Başını itirmiş işğalçılar bir-birinin ardınca siyasi səhvləri təkrar edirlər. Necə ki Rusiyanın Cənubu Osetiya və Abxaziya məsələsində edilən belə yanlışlığı beynəlxalq ictimaiyyətin qəti təzyiqi ilə üzləşdi". Bu fikirləri politoloq Vasif Əfəndiyev deyib.
Onun fikrincə, əgər Ermənistan hakimiyyəti qondarma qurumu tanımaq haqqında qanun qəbul edərsə, Yerevan hakimiyyəti birbaşa danışıqlar prosesindən uaqlaşdırılacaq: "Çünki, artıq hüquqi cəhətdən Ermənistan danışıqlar tərəfi ola bilməz. Həmçinin, ATƏT-in Minsk qrupu da öz hüquqi mandatını itirmiş hesab ediləcək. 23 ildir fəaliyyət göstərən Minsk qrupu münaqişənin həllinin dondurulmasına və status-kvonun saxlanmasına xidmət edib və edir. Hesab edirəm ki, Minsk qrupu artıq bu formatda fəaliyyətini davam etdirə bilməz. Münaqişənin həlli yeni formatda davam etdirilməlidir. Almaniya və Türkiyənin danışıqlara qoşulması problemin ədalətli həllinə kömək edə bilər".
"Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu deyir ki, bu vaxta qədər Ermənistan hakimiyyəti parlamentdə "Dağlıq Qarabağın müstəqilliyi ilə bağlı" sənədin səsverməyə çıxarılmasına imkan verməyib ki, bunun da iki səbəbi var. Onun sözlərinə görə, birinci səbəb ondan ibarətdir ki, Ermənistan hakimiyyəti Dağlıq Qarabağın "müstəqilliyi" tanıyacağı təqdirdə bunun Azərbaycanla danışıqların dayandırılmasına gətirib çıxaracağını anlayır: "Rəsmi Bakı Dağlıq Qarabağın "müstəqilliyini" tanıyan İrəvanla danışıqlar aparmayacaq. Bu isə müharibəyə aparan yoldur. İkinci səbəb isə odur ki, İrəvan Dağlıq Qarabağın "müstəqlliyini" tanıyarsa, Ermənistan beynəlxalq aləmin, o cümlədən Rusiyanın dəstəyini itirəcək. Əksinə, böyük dövlətlərin İrəvanın bu siyasətini tənqid edəcəklər. Azərbaycan BMT-də məsələ ilə bağlı səsvermə tələb edəcək və bütün dövlətlər yenidən Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə səs verəcəklər ki, bu Ermənistanın mövqeyinin zəifləməsinə yol açacaq". Politoloqun sözlərinə görə, Ermənistanda bəziləri düşünür ki, İrəvan Dağlıq Qarabağın "müstəqilliyini" tanıyarsa başqa dövlətlər, o cümlədən Rusiya da bu prosesə qoşula bilər: "Nümunə kimi də Kosovo, Abxaziya və Cənubi Osetiya göstərilir. Yəni əgər Rusiya Abxaziya və Cənubi Osetiyanın "müstəqilliklərini" tanıyıbsa Dağlıq Qarabağın da "müstəqilliyini" tanıya bilər. Birincisi, Rusiya Gürcüstanla müharibə apardığına görə Abxaziya və Cənubi Osetiyanın "müstəqilliklərini" tanıdı, Moskvanın Azərbaycanla münasibətləri isə strateji tərəfdaşlıq xarakteri daşıyır. İkincisi, Moskva vaxtilə Kosovonun müstəqilliyi əleyhinə çıxaraq bu bölgəni Serbiyanın ərazisi adlandırıb. Moskva Kosovo məsələsində bir cür, Dağlıq Qarabağ məsələsində fərqli siyasət ortaya qoya bilməz. Dağlıq Qarabağın "müstəqilliyini" yalnız özü kimi separatçı bölgələr, o cümlədən Abxaziya və Cənubi Osetiya tanıya bilər. Ancaq bu heç bir əhəmiyyət kəsb etməyəcək. Abxaziya və Cənubi Osetiyanın "müstəqilliklərini" Nikaraqua və Vanuatu adlı çoxlarının adını birinci dəfə eşitdiyi kiçik ada dövləti tanımışdı. Bu da Rusiyanın xahişi ilə baş tutmuşdu. Rusiya bundan artıq nəticəyə nail ola bilmədi. Əgər Abxaziya və Cənubi Osetiyanın "tanınması" məsələsində Rusiya uğur qazanmadısa, Ermənistanın Dağlıq Qarabağın "müstəqilliyini" beynəlxalq aləmə tanıtdırması mümkün deyil. Beləliklə, Ermənistan hakimiyyətinin bu siyasəti ona müsbət divident deyil, problemlər qazandıracaq. Ermənistan hakimiyyətinin Dağlıq Qarabağın "müstəqilliyini" tanıması Azərbaycan ordusunun hücuma keçməsi üçün şərait yaradacaq". Elxan Şahinoğlu bildirib ki, Ermənistandakı siyasi partiyalar və cəmiyyət Dağlıq Qarabağ məsələsində ciddi dilemma qarşısındadırlar: "2-5 aprel döyüşləri Ermənistan cəmiyyətində Dağlıq Qarabağla bağlı 3 diametral yanaşma formalaşdırıb. Birinci yanaşma odur ki, Ermənistan Dağlıq Qarabağın "müstəqilliyini" tanımalı və müharibəyə hazırlaşmalıdır. İkinci yanaşma odur ki, Ermənistan özünü və Dağlıq Qarabağın təhlükəsizliyini qorumaq üçün işğal altındakı 5 Azərbaycan rayonunun boşaldılmasına razılıq verməlidir. Üçüncü yanaşma isə odur ki, Dağlıq Qarabağ Ermənistan üçün böyük siyasi və iqtisadi yükdür. Azərbaycanla daimi müharibə vəziyyətində olmaq Dağlıq Qarabağla yanaşı Ermənistanın da bir dövlət olaraq zəifləməsinə gətirib çıxaracaq. Ermənistanda birinci yanaşmanın tərəfdarları getdikcə azalır. Ermənistan cəmiyyətində Azərbaycanla daima müharibə şəraitində yaşamanın onlara xeyir gətirmədiyini və təhlükəsizlikləri üçün böyük problem olduğu fikri güclənir. Ermənistanda müzakirə olunan digər mövsu isə budur ki, Azərbaycan hansısa döyüşdə məğlubiyyətlə üzləşib, yenidən müharibəyə başlaya bilər. Çünki bunun üçün Azərbaycanın kifayət qədər insani və maliyyə resursu var. Ermənistan isə bir dəfə məğlub olsa ölkə olaraq bir daha özünə gələ bilməyəcək".